Oğuz türklərinin qədim yurd yeri-Qarakilsə rayonu

Sisyan Zəngəzur mahalının ən böyük rayonudur. Mahalın ərazisinin çoxu bu rayonun payına düşür.

Sahəsi 1719 kv.km-dir. Coğrafi yerləşməsi cənub-şərqdən Gorus rayonu, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəz (Vayk) mahalı və Naxçıvan MR ilə sərhəddir. Rayon Zəngəzur və Bərgüşad dağ silsilələrinin arasında yerləşir, dəniz səviyyəsindən 1400-2300 m. hündürlükdədir,dəniz səviyyəsindən ən yüksək nöqtə İşıqlı dağının zirvəsidir (3552 m.).

Rayonda havanın orta illik temperaturu 6 dərəcə, yanvarda – 4, – 12, iyulda +8, +17 dərəcə olur. XX əsrin əvvəllərində rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayırdı. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azaldı, nəticədə 1988-ci ildə azərbaycanlılar qovulana qədər mövcud 38 yaşayış məntəqəsinin 11-i azərbaycanlılara məxsus idi. Qalan yaşayış məntəqələri ermənilər ələ keçirmiş 38-i isə xarabalığa çevrilmişdir.

Azərbaycanlılar yaşayan kəndlər bunlar idi:

Urud, Vağədi, Ağdü, Qızılcıq, Şəki, Dəstəgid, Qızılşəfəq (Şıxlar), Ərəfsə, Comərdli, Sofulu, Murxuz.

Bu rayonun ən qədim sakinləri, etnik qrupu saklar və kimmerlər sayılırlar.

Onlar Azərbaycan türklərinin formalaşmasında iştirak etmişlər. 1886-cı ildə Sisyanda 21072, 1922-ci ildə 21586, 1986-cı ildə isə 34000 nəfər insan qeydə alınmışdır. Onların 70-80%-i azərbaycanlı olmuşdur.

Mövcud yazılı mənbələrdən aydın olur ki, « 1918-ci ilin milli qırğınından və qaçqınlıqdan sonra nisbətən əsaslı surətdə dəyişilmişdir. 1922-ci ildə 18593 nəfər erməni olduğu halda, cəmi 2808 nəfər azərbaycanlı öz kəndinə qayıtmış və 1931-ci ildə müvafiq surətdə 21716 nəfər erməni, 4608 nəfər azərbaycanlı əhalisi olmuşdur.

1976-cı ildə 31685 nəfər əhalinin 28%, yəni 9242 nəfəri azərbaycanlı olmuşdur. 1988-ci ildə Ermənistan bütün azərbaycanlılar yaşayan rayonlarda olduğu kimi, eyni ssenari ilə hökumət səviyyəsində qanlı qırğınlarla bütün azərbaycanlıları bir həftə ərzində öz doğma yurdlarından qovdular. Nəticədə, zaman-zaman əcdadalarımızın yaşadıqları yaşayış məntəqələri (Ağaqa, Ağyol, Alacıq, Almalıq, Alçadərəli Məzməzək, Ağadi Mehrəli, Ağudi, Ağ kənd, Aşağı Ağ körpü, Armudlu, Arıxlı, Arıqlı, Bazarçay, Bazarkənd, Baş kənd (Məzrə), Batar, Baharlı, Bəybalı, Bəznəli (Ağ körpülü), Boz kənd (Dərə kənd), Bələk (Balak), Vağudi, Qarakilsə, Qızıl Şəfəq (Şıxlar), Qızılcıq, Qoşabulaq, Darabas (Ərəfsə), Dərəkənd, Dəstəkert, Dulus (Dolors), Əlili (Salvard), Əlişar, Əziz pəyəsi, Əkəri, Kürdlər, Gözəldərə, Gömur, Murxuz, Pulkənd, Püsək, Sisyan, Sofulu, Sultanh, Təzəkənd, Urut, Hortagiz, Comərdli, Şəki, Şükər və b. ya dağıdılmış, ya da erməniləşdirilmişdir.

Sisyan (Qarakilsə) mahalı maraqlı tarixə malikdir.

« Alban tarixi »ndə qədim və orta əsr erməni yazılı mənbələrində, VII-XI əsr ərəb və İran mənbələrində, « Erməni sovet ensiklopediyalarının tarixi coğrafiyası » kitabında və b. dəyərli mənbələrdə Sisyan (Sünik) mahalının tarixi, etnik tərkibi, Babək hərəkatı ilə bağlı olması və qonşu dövlətlərin maraq dairəsinə çevrilməsi geniş işıqlandırılmışdır. Başqa sözlə desək, «…Səfəvilər hakimiyyəti dövründə (XVII-XIX yüzilliklər) bu mahal ayrıca məliklik olmuşdur. 1813-cü ildə Rusiya-İran arasında bağlanılan Gülüstan müqaviləsinə əsasən Zəngəzur (həm də Sisyan rayonunun ərazisi) Rusiyaya verilmişdir. 1922-30-cu illərdə İranın Xoy, Salmas və başqa qəzalarından çoxlu miqdarda etməni mühacir köçüb gəlib, Sisyan rayonunun ərazisində məskunlaşmışdır. 19-cu yüzilliyin ikinci yarısından 20-ci yüzilliyin əvvəllərinə qədər Sisyan rayonu ərazisi Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur ».

Saklar öz izini qədim şəhər Sisakan və Şəki (Şaki) kənd adlarında yaşatmaqdadır.

Sisyan toponimi müxtəlif mərhələlərdə Sisakan, Sisqan, Sisəcan, Syuni kimi fonetik formalarda işlənmişdir. Bu işdə Sisyan toponiminin əcnəbi dillərdə işlənməsi və həmin dillərin fonetik qanunlarına uyğunlşdırılması da rol oynamışdır…

Musa Urud Sisyan sözünün etimologiyasına maraqlı bir yozum vermiĢdir:

«Sis» qədim türk dilində (indiki Yakut dilində olduğu kimi) « dağüstü meşəli kənd » (yaşayış yeri) deməkdir. Sak isə məlum türk tayfalarının adıdır. Deməli, Sisakan sözü sakların yaşadığı dağüstü meşəli kənd mənasındadır ». Sisyanda qədim etnoslardan saklar və onların törəmələri – uti, uz, qarqar, ud və b. adı çəkilir.

Bu etnosların hər biri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat vardır.

Məsələn, qarqarlar haqqında « Ağvan tarixi »ndə kifayət qədər məlumat verilmişdir. Sisyan (Qarakilsə) 1920-ci ildən Zəngəzurun tərkib hissəsi olsa da, 9 sentyabr 1930-cu ildə inzibati rayon kimi rəsmi qeydiyyatdan keçmişdir. Sovet hakimiyyəti illərində Zəngəzur mahalının iqtisadi-sosial problemlərinin həllində Sisyan müstəsna rol oynamışdır, xüsusilə Qafan və Gorusla Naxçıvan arasında dəmir yolu ilə gətirilən malların çatdırılmasında körpü rolunu oynamışdır. Rəqəmlərə diqqət yetirdikdə aydın olur ki, Sisyandan Naxçıvana 110 km, Qafana 100 km. Yerevana isə 227 km-dir.

Sisyan Qərbi Azərbaycanın ən gözəl guşələrindən sayılır. Yeraltı və yerüstü təbii sərvətlər, gözoxşayan dağlar, yaylalar, çəmənliklər, əkin və biçin yerləri, maddi-mədəniyyət abidələri, saysız-hesabsız çaylar, bulaqlar, zəngin bitki örtüyü və heyvanat aləmi, təbii və alınmaz qalaları, qədim ticarət yolu üzərində yerləşməsi Sisyanı dünyaya tanıtmışdır. Sisyanın bir region kimi tanınmasında yüzlərcə tanınmış dövlət xadimi, yazıçı, rəssam, alim və mədəniyyət xadimlərinin əvəzsiz rolu olmuşdur. Ədalət naminə demək lazımdır ki, Zəngəzur Mahalı tarixən Qərbi Azərbaycanın ən öndə gedən bölgələrindən biri olmuş, erməni vəhşiliyinin acı nəticələrini görmüşdür.Bu mahalın sərt iqlimi, yağı düşmən qonşu ilə tez-tez qarşılaşması bölgənin insanlarını zəhmətkeş, mübariz, dəyanətli, xeyirxah olmağa sövq etmişdir.

Sənətindən, peşəsindən, təhsilindən, mövqeyindən, imkanından asılı olmayaraq burada insanlar milli qüruru zəngin mənəviyyatı hər şeydən üstün tutmuş, Vətənin, Ana torpağın ləyaqətli övladları olmağa çalışmışlar.Təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyinin, elminin, mədəniyyətinin inkişafında bu mahaldan olan insanlar kifayət qədərdir. Tarixdə izi qalsın deyə bu insanların adlarını xatırlatmaq istəyirik.

Qoy gələcək övladlarımız Azərbaycan xalqına baş-ucalığı gətirən bu insanları tanısın və fəxr etsinlər.

Mənbə: VİLAYƏT ƏLİYEV ” ZƏNGƏZURDA QALAN İZİMİZ ” kitabı