İordaniya, Əlcəzair, Misir və Yəmənin “Yeni dünya xəbərləri”, “Əl Təməniyə Press”, “Səma” və “Əl Hərir” portallarında iordaniyalı gənc jurnalist Marina Sudanın ulu öndər Heydər Əliyevə həsr olunmuş “Azərbaycanın şöhrətinin parlayan nuru” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTAC-ın “Xalqa bağışlanmış ömürdən anlar” rubrikasında ərəb dilində yayımlanan silsilə məqalələri maraqla oxuduğunu qeyd edən gənc jurnalist diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə gələn ilin “Heydər Əliyev İli” elan edilməsi əlamətdar hadisədir. Çünki bu dahi siyasətçinin siyasi irsi və mənalı həyat yolu gələcək nəsillərə örnəkdir.
Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə öz xalqına göstərdiyi misilsiz xidmətlər haqqında məlumat verilib. Müəllif vurğulayıb ki, sovet dövründə öz ölkəsi üçün böyük işlər görmüş dahi siyasətçi, eyni zamanda, müstəqil və müasir Azərbaycan dövlətinin də qurucusu olub. “Polad iradəyə malik olan dünyaşöhrətli siyasətçinin müdrik siyasəti bu gün də Azərbaycan xalqını Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə aparır. İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə gənc azərbaycanlıların qürur mənbəyidir və sabaha inamı daha da artırıb”, – deyə məqalənin sonunda vurğulanıb.