Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılib-FOTO

Noyabrın 3-də Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçirilib.

Auditoriyanın məqsədi milli ədəbiyyatla rusiyalı tələbələri tanış etmək, həmçinin azərbaycan-rus ədəbi əlaqələrini möhkəmləndirməkdir.

Nizami Gəncəvi adına Azərbaycan ədəbiyatı auditoriyası RXDU-nun Filologiya fakültəsinin dosenti Anar Həsənovun ideyası əsasında fakültənin dekanı, professor Viktor Barabaşın dəstəyi ilə gerçəkləşib. Layihəni Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü Nizami Əliyev, Anar Həsənov və Moskva vilayəti azərbaycanlıları milli mədəni muxtariyyətinin sədri Elşən İbrahimovla birgə adıçəkilən təşkilatın üzvlərinin maddi və mənəvi dəstəyi əsasında gerçəkləşdiriblər.

Təntənəli mərasimdə Filologiya fakültəsinin beynəlxalq fəaliyyət üzrə dekan müavini Nataliya Poplavskaya, Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Aqşin Əliyev, Azərbaycanın diasporla İş üzrə dövlət Komitəsinin Rusiya üzrə sektorunun müdiri Tural Səfərov, RXDU və digər ali məktəblərin elmi-pedaqoji heyəti, Moskva şəhəri, Moskva vilayəti, Buryatiya Respublikası, Arxangelsk vilayətindəki diaspor təşkilatlarının rəhbərləri və fəalları, KİV mənsubları iştirak ediblər.

Aqşin Əliyev tədbir iştirakçılarına Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbül oğlunun təbrik məktubunu oxuyub. Məktubda deyilir: “RXDU təkcə bilik vermək, mütəxəssis hazırlamaqdan əlavə, həm də dostluğu, dözümlülüyü, qarşılıqlı anlaşmanı öyrədir”. Mətndə auditoriyanın açılmasına şərait yaratdığına görə Universitet rəhbərliyinə minnətdarlıq bildirilir. Azərbaycanın diasporla iş üzrə dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubu da tədbir iştirakçılarına təqdim edilib. Filologiya fakültəsinin dekanı Viktor Barabaşa minnətdarlığın ifadə edildiyi sənəddə, auditoriyanın xalqların dostluğuna xidmət edəcəyinə əminlik vurğulanıb.