Rusiyanın əsl siması…-İlqar Altay yazır

Rusiya axır ki, Azərbaycana qarşı olan məkrli münasibətinin iç üzünü açıq ortaya qoyur və qoymalı idi. Çünki, daxildə kök salmış müdhiş şovinizm mahiyyətli antitürk, antiazərbaycan xəstəliyinin simptomları nə zamansa üzə çıxıb özünü göstərməli idi. Rusiya dövlət siyasətini təbliğ edən birinci media orqanı, “1-ci kanal” Azərbaycana qarşı təhqirli və təhdidli çıxışlar edir. Azərbaycan rəsmi Az. TV kanalı da artıq Şimaldan gələn media basqısına cavab verir. Rusiyanın Ukraynada törətdiyi işğal, ilhaq və insan tələfatı kimi cinayətləri açıq adla deyir.
Mən dəfələrlə, hətta Moskvanın Azərbaycanla guya dostluq, əməkdaşlıq adı ilə sərgilədiyi ən “isti” münasibət dövrü belə, bu “səmimiyyətə” real, praktik və dəmir məntiqli insan kimi, heç vaxt inanmamışam. Və hər zaman Moskvanın, Putinin siyasətini, xarakterini analizli yazılarım, çıxışlarımla qətiyyətlə ifşa etməyə çalışmışam.
İndi də, onu deyə bilərəm ki, əvvəl-axır Rusiya türk dövlətləri ilə, Azərbaycanla və hətta, dost dediyi Türkiyə ilə mövqeyini əyib, əsl simasını ortaya qoyub münasibətlərini kəskin pozmaq həddinə çatdıracaq. Çünki, Rusiyanın əzəldən və əsasından türk dünyası üzərində qurduğu imperiya ambisiyası bunu ondan tələb edəcək.
Və Rusiya belə sərt kəskinləşmədə mövqeləri üst-üstə düşdüyü əlaltılarından, Yaxın Şərqdə Suriyadan, Qafqazda İran və Ermənistandan, Mərkəzi Asiyada Tacikistandan yararlanmağa çalışacaq. (Xüsusən, dərin müttəfiqi İrandan).
Bunu, Mərkəzi Asiya türk dövlətləri gözəl bilir və dayanmadan bu qaçılmaz kəskinliyə birlik və qardaş həmrəyliyində hazırlaşırlar, Rusiya təsirindən, Moskvaya yaxınlıqdan uzaqlaşma xətti tuturlar. Bunu, qardaş Türkiyə, Ərdoğan da gözəl bilir, gələcək üçün hərbi güclənmə, türk birliyi münasibətlərinin də dərinləşməsi tədbirlərini görür. Təsadüfi deyil ki, hər dəfə Qarabağda bir yeni hava limanı açılşına belə, bu böyük dövlətin məşğul rəhbəri səfər edir.
Biz, Azərbaycan dövləti və xalqı da Şimaldan (və həm Cənubdan) gələcək kəskinləşməyə hazır olmalıyıq. Ölkə daxilində və xaricindəki nahəng (60 milyonluq) azərbaycanlı birliyini sıxlaşdırıb möhkəmləndirməliyik. Və nəhayət mütləq, Rusiyanın bu, 30 il müstəqillik dövrü Azərbaycanın başına gətirdiyi cinayət tərkibli oyunların ifşasına hazır olmalıyıq. Sumqayıt, Xocalıdan tutmuş, 2017-Tərtər, 2016-Aprelə, 2020-Gəncə (İskander) bombalanmasınadək. Bu araşdırmada ixtisaslı hüquqşünaslarımıza, təhlilçi ictimai-siyasətçilərimizə güvənməliyik.
İlqar Altay