Oktyabrın 18-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Sonra ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Mingəçəvir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən B.Mustafayevin sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. “Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayanır. 44 günlük Vətən müharibəsinin möhtəşəm zəfərimizlə başa çatmasının əsasında da məhz bu həmrəylik və vətəndaşlarımızın Prezident, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləməsi dayanır”, – deyən B.Mustafayev YAP Mingəçevir şəhər təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi təşkilatlarının sayı 65-ə, üzvlərinin sayı 8 min 106 nəfərə çatıb.
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu çıxış edərək bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP-ın Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandığını xatırladan E.Mirbəşiroğlu qeyd edib ki, həmin dövrdə ulu öndər Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Ötən il keçirilən VII qurultay isə partiyamızın həyatında yeni mərhələnin əsasını qoyub.
Milli Məclisin deputatı Aydın Mirzəzadə də çıxışında YAP-ın ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq partiyamızın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən partiyamız öz gücünü xalqdan alır.
Tədbirdə, həmçinin YAP Mingəçevir şəhər təşkilatının veteran üzvü Cavanşir Yusubov, “Tələbə” Poliklinikasının baş həkimi Nurcamal Əsgərova və Qarabağ müharibəsi, Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədr müavini, qazi Pərviz Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən danışılıb, torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi YAP üzvlərinin də şücaət göstərdikləri, bu yolda canlarını qurban verdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib.
Tədbirin sonunda Mingəçevir şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.