Azərbaycan ilə Bolqarıstan strateji tərəfdaş ölkələrdir

Bu il Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında iştirak edib. Qeyd etmək lazımdır ki, bu layihə bütün Şərqi Avropa üçün çox mühümdür. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilk dəfə olaraq Bolqarıstana Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək və  bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirəcək.

Bolqarıstanda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə təkbətək görüşün və nümayəndə heyətlərinin iştirakı ilə gedən müzakirələrin səmimi şəraitdə keçdiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, bu səfərin nəticələri çox uğurlu olacaq və əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcək. Həmçinin dövlətimizin başçısı 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd edərək bildirdi ki, bu sənəd ölkələrimiz arasında əlaqələri yüksək səviyyəyə qaldırmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.

Bu gün dünyada və Avropada formalaşan yeni geosiyasi vəziyyətlə bağlı nəqliyyat təhlükəsizliyi məsələsi getdikcə daha böyük önəm kəsb etməyə başlayır. Məlumdur ki, Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Buraya dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı da daxildir. Bütün bu infrastruktur obyektləri Azərbaycan üzərindən tranzit yüklərin həcminin artmasına xidmət edir. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Eyni zamanda, Azərbaycan Prezidenti Bolqarıstan şirkətlərini Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə daha genişmiqyaslı işlərin görülməsinə dəvət edib.

Vacib məqamlardan biri də budur ki, dövlət başçıları müzakirələrdə təkcə enerji məsələsi ilə kifayətlənməyiblər. Yeni imkanlar, digər innovativ sahələrdə, o cümlədən informasiya texnologiyaları və süni intellekt kimi sahələrdə əməkdaşlıq imkanları araşdırılıb. Hazırda “yaşıl enerji”, karbon neytrallığı ilə bağlı müəyyən çağırışlar da gündəmdə olan məsələlərdir. Həmçinin gübrə istehsalı, avtomobil və ehtiyat hissələrinin istehsalı sahələrində böyük potensialın olduğu qeyd olunub. Əlbəttə ki, kənd təsərrüfatı, qida istehsalı, əczaçılıq da çox maraqlı sahələrdir.

Birmənalı olaraq demək olar ki, hazırda Azərbaycan ilə Bolqarıstan  arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var. Bunun sayəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan Bolqarıstan üçün arzuolunan, etibarlı tərəfdaşdır. Ölkələrimizin bir çox məsələlərdə mövqeləri üst-üstə düşür və bu praqmatik və səmərəli əməkdaşlığın böyük inkişaf perspektivləri var.

 

Bəxtiyar Mustafayev,

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini