Mingəçevir şəhərində yerləşən uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirilib.
Kanal32.az-ın məlumatına görə,Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən respublikanın aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə tabe uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir.
Sözügedən istiqamət üzrə növbəti ustad dərsləri regional idarə üzrə Mingəçevir şəhərində yerləşən uşaq musiqi və incəsənət məktəblərində baş tutub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Yeganə Mustafayeva tərəfindən keçirilən ustad dərsləri Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub. Ustad dərslərin keçirilməsində məqsəd təhsilin keyfiyyətinin yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və onlara metodiki kömək göstərmək, Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Kanal32.az