Kəşfiyyat polkovniki:”Rusiyanın itkilər yalnız Krımla məhdudlaşmayacaq”

Ukrayna müharibəsi ilə bağlı bir çox maraq doğuran proseslər baş verir. Ötən günlərdə Almaniyadan yardımların azaldılacağı ilə bağlı açıqlamalar gəldi. Başqa Avropa ölkələrində də narahatlıqlar var. Çünki qarşıdan qış gəlir. Ortada ABŞ-ın qazdığı quyuya düşən Avropa var. Hazırda müharibənin uzanmasını istəyən də ABŞ-dır. Vaşinqton qurulan oyun çökməsin deyə və Avropanın dəstəyi zəiflətdiyi Kiyevə yardımı artırdı. Son 650 milyon dollarlıq yardım və Blinkenin Ukraynaya səfərinin səbəbi budur.

Kanal32.az xəbər verir ki,bu sözləri Buta.ws-a Ukraynanın Xarkovdakı son irəliləyişləri ilə bağlı danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik məğlub olacağı təqdirdə müharibənin Rusiya üçün silsilə şəkildə çox ağır nəticələr doğuracağını vurğulayıb: “ABŞ-ın indiki hədəfi Qara dənizdə nüfuzunu artırmaq və təsir dairəsini genişləndirməkdir. Ona görə Vaşinqton təcili surətdə Krımın Rusiyanın işğalından qurtarılmasını istəyir. Krımın da işğaldan qurtarılması üçün ilk növbədə Xarkovun və xüsusilə Xersonun tamamilə işğaldan azad edilməsi vacibdir. Ukraynanın sözügedən bölgələrdə hücumlarını aktivləşdirməsi Vaşinqtonun verdiyi hərbi tövsiyələrin nəticəsidir. Ukrayna hazırda irəliləyir, Rusiya da buna müqavimət göstərir. Amma tərəflərdən heç biri döyüş meydanında hələ ki, tam üstünlüyə nail ola bilməyib. Fikrimcə, proseslər ABŞ-ın istədiyi kimi gedir. ABŞ bir tərəfdən Ukrayna vasitəsilə Rusiyanı sıxışdırır, digər tərəfdən silah satır və Qara dəniz bölgəsindəki məqsədinə addım-addım yaxınlaşır. Kiyevin məqsədi Rusiyanı Krımdan tamamilə vurub çıxarmaqdır. Əgər Rusiya Krımı itirsə, bunun Moskva üçün çox ağır nəticələri olacaq. Çünki itkilər yalnız Krımla məhdudlaşmayacaq. Bunun iqtisadi, sosial və siyasi tərəfləri də var. Ancaq nəticə haqqında indidən qəti fikir söyləmək hələ tezdir”.