Azərbaycan sülh müqaviləsinin hazırlanmasında qətiyyətli mövqe nümayiş etdirir

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sabitli­yin, əmin-amanlığın təmin olunması üçün Ermənistanla münasibətlərin normallaşması, sülh müqaviləsinin bağlanması istiqamətlərində davam­lı çağırışlara, təşəbbüslərə başlayıb, bölgədə hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi üçün nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə təmaslarını genişləndirib. Eyni za­manda, 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliklərin, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqət mərkəzində saxlayıb.

Lakin ötən müddətdə Azərbaycanın sülhpərvər siyasətinin əksinə olaraq, Ermənistan sözdən əmələ fəaliyyətə keçməyib, İkinci Qarabağ nüharibəsində ordumuz tərəfindən tamamilə məğlub edilən işğalçı kapitulyasiya aktını imza­lamasına baxmayaraq, öhdəsinə düşən vəzifələrin icrasından yayınıb. Məsələn, bütün hərbçilərini ölkəmizin ərazisindən çıxarmayıb. Həmçinin regionun inkişafı üçün nəzərdə tutulan Zəngəzur dəhlizinin işə salınmasına, kommunikasiyaların bərpasına laqeyd yanaşıb.

Beləliklə, Ermənistan İkinci Qara­bağ müharibəsindən sonra yuxarıda vurğuladığım kimi, verdiyi vədə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyib, sülhyaratma prosesini müxtəlif vasitələrlə ləngitməyə çalışıb. Bütün bunlar iş­ğalçı ölkənin mahiyyətinin dəyişməz olduğunu, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə maraq göstərmədiyini, qəsbkarlıq siyasətini davam etdirməkdə israrlılığını sübuta yetirib.

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən növbəti görüş də ölkəmizin sülhpərvər siyasətində qətiyyətli mövqeyinin təsdiqi kimi yadda qaldı. Çünki əvvəlki müzakirələrdə oldu­ğu kimi, bu dəfə də sülh razılaşmasının əsas komponenti olaraq Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıq­ların aparılması qarşıya əsas məqsəd kimi qoyuldu. Bu sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyü oldu. Eyni zamanda, tərəflər arasında sərhəd məsələləri üzrə birgə komissiya yara­dılması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə edildi. Avropa İttifaqının mina­lardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapdı. Bütün bun­larla yanaşı, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alındı.

Yeri gəlmişkən, həmin sənəddə mühüm bir məqam–“Dağlıq Qara­bağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu (MQ) həmsədrlik institutina istinad yer almadı. Bu, Avropa İttifaqının İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallığı qəbul etməsi və öz mövqeyində bu re­allığa əsaslanması demək idi. Həmçinin mövcud vəziyyət münaqişə həll olun­duğuna görə, ATƏT-in MQ-nin lazımsız təsisata çevrilməsinin, Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yaranmasının təsdiqi idi.

Bütün bunlar isə Aİ-nin dünyada mövcud olan ən böyük siyasi və iqti­sadi mərkəzlərdən biri kimi, qərəzsiz və bitərəf mövqe tutmasından, Azərbaycan və Ermənistan tərəfdən də etimad göstərilməsindən, bu nüfuz­lu təşkilatın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasına maraqlı olmasından xəbər verir.

Aİ Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra sərhədlərin de­limitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyi­ni bildirdi. Ümumiyyətlə, Aİ yekun sülh müqaviləsinin imzalanmasında, beləliklə, regionda sabitliyin təmin olunmasında maraqlı olduğunu bir daha bütün dün­yaya nümayiş etdirdi. Bu məsələdə qeyd etdiyim kimi, Azərbaycanın irəli sürdüyü beş bəndlik sülh təklifinin əsas götürülməsi isə xüsusi diqqət çəkdi. Bu isə Aİ üçün Bakının vacib tərəfdaş oldu­ğunu bir daha göstərdi.

Arzuman MURADLI,

iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq