“Biz indi bir çox bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük”

Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir.

Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin 30-cu ildönümündə  Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuş oldu.

Cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumda iştirakı, forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı və İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırması, “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi Azərbaycanın İtaliya, ümumilikdə Avropa İttifaqı ilə əlaqələrinin hazırkı səviyyəsinə, ölkəmizin iqtisadi və siyasi mövqeyinə, artan roluna işıq saldı.

Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Qeyd edək ki, Dövlət Başçısı İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusundakı çıxışında bir çox məqamlara toxundu.

İclasın moderatoru Monika Maggioni İlham Əliyevdən yeni qlobal dünya düzənində Azərbaycanın və şəxsən onun mövqeyinin necə şəkillənəcəyini soruşub.
Azərbaycan Prezidenti isə cavabında demişdir ki bu, bir çox məsələlərdən asılıdır. Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır – Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır.

Daha sonra Ölkə başçısı çıxışında bildirdi ki , “ Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir”.
Sonda onu da qeyd edək ki, İtaliya səfəri Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasının  bir daha nümayiş etdirdi. Azərbaycan-İtaliya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

 

Ramilə Seyidova,

YAP Siyəzən rayon təşkilatının sədr müavini