Rusiya Avropanı Çinlə əvəz edir

Ötən ay Rusiyanın Çindən idxalı illik müqayisədə 20 faizdən çox artaraq 6.7 milyard dollara çatıb.

Ukraynanın işğalından sonra Avropa ilə əlaqələri pozan Rusiya itirdiyi bazarı Çinlə doldurmağa çalışır. Sanksiyalarla yenidən formalaşdırılan Rusiya bazarında Almaniya və Cənubi Koreya malları artıq Çin istehsalı ilə əvəzlənir, Çindən avtomobil, televizor və smartfon idxalı artır.

Ukrayna ilə davam edən müharibə ölkəni Asiya bazarına çıxarıb. Statistikaya görə, ötən rübdə Rusiya avtomobillərin 81 faizini Çindən idxal edib. Birinci rübdə bu nisbət yüzdə 28 idi. Rusiya Mərkəzi bankı ötən həftə verdiyi açıqlamada avtomobil sektoru ilə bağlı proqnozların fevral ayından bəri ilk dəfə müsbətə doğru dəyişdiyini və bazarın Avropa istehsalçılarından Asiyaya keçdiyini bildirib.

Baş ofisi Moskvada olan Strateji Araşdırmalar Mərkəzinin analitiki Boris Kopeikin isə, bir çox Çin şirkətinin Rusiya ilə sanksiyalara məruz qalmadan ticarət etmək üzərində çalışdığını ifadə edərək “İlin sonunda Çin malları ilə ticarət sürətlənir və tələbin daha da artacağını görəcəyik” deyə səsləndirib.

“İzvestiya” qəzetinin xəbərinə görə, Yaponiya və Cənubi Koreya daşımaları dayandırdığı üçün Çin markalı televizorlara da tələbat ikiqat artıb. Apple və Samsung-un tədarükləri dayandırması ilə isə smartfon bazarındakı inkişaflar yenə də Çinin xeyrinə çevrilib. Xiaomi Samsung-u alt-üst edərək ikinci rübdə ən çox satılan smartfon markası olub.

Beləliklə, Moskvada dollar və avro alışı çətinləşdiyi üçün Rusiyanın sərvət fondu Çin, Hindistan və Türkiyə kimi ölkələrə sərmayə qoyaraq qaydaları yenidən yazır.

Pünhan Musayev,

iqtisadçı