Mərkəzi Aran Regional Təhsil İdarəsi mükafatlandırma mərasimi keçirib-FOTOLAR

Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində regionun əhatə etdiyi rayon və şəhərlərin ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ilində müxtəlif respublika və ya beynəlxalq əhəmiyyətli müsabiqə və olimpiadaların qaliblərinə, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərmiş məzunlara həsr olunan mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və regionda fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, eyni zamanda, ümumi təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və media orqanlarının nümayəndələri iştirak ediblər.

Aran Regional Təhsil İdarəsindən “Kanal32”yə  verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Elçin Kərimov regional təhsil idarəsini əhatə edən 1 şəhər və 6 rayonun ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ilində şagird və məzunların əldə etdiyi nailiyyətlərdən danışıb. O, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 84 məzunun 600 baldan yüksək nəticə göstərdiyini, eyni zamanda, Respublika fənn olimpiadalarında 16, Respublika fənn müsabiqələrində 7, “Zəfər yolu” inşa müsabiqəsində 4, “Ən yaxşı təqdimat” müsabiqəsində 2, Lütfi Zadə adına Məntiq Olimpiadasında 1, “Düşünən oxucu” müsabiqəsində 1, “Sabahın alimləri” XI Respublika müsabiqəsində 2 nəfərin qalib gəldiyini vurğulayıb. İdarə müdiri yarışlarda qalib gələn şagird və məzunları təbrik edərək, onlara uğurlar arzulayıb.

Tədbirdə icra başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və ali təhsil müəssisələrinə qəbul imtahanında ən yüksək nəticə göstərən məzunun valideyni çıxış edərək şagird və məzunları, onların fənn müəllimlərini təbrik edib və müvəffəqiyyətlər arzulayıblar.

Mərasimdə sözügedən müsabiqə və olimpiadaların qaliblərinə, eyni zamanda, 600 baldan yüksək nəticə göstərən məzunlara hədiyyələr təqdim olunub, bir qrup təhsil işçisi isə fəal xidmətlərinə görə təhsil idarəsinin təşəkkürnaməsi ilə təltif edilib.