Jackson Hole simpoziumu dünyaya nə vəd edir?

İki gün öncə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin Mərkəzi bankirlərinin iştirak etdiyi tədbir kimi tanınan Jackson Hole simpoziumunun cümə sessiyası baş tutdu. 1978-ci ildən Kansas Siti FED-in ev sahibliyi etdiyi illik iqtisadi siyasət simpoziumunda sentyabr iclası ərəfəsində FED sədri Jerome Powel bir sıra maraqlı məsələlərə toxundu. Dünya valyutası dolların çapına yeganə səlahiyyət sahibi olan FED-in rəhbəri Sentyabr iclası ilə əlaqədar veriləcək qərarın məlumat və dəyişikliklərdən asılı olacağını söyləməklə, həmçinin qiymət sabitliyini təmin etməyin vacibliyinə xüsusi önəm verdi: “Yüksək faiz dərəcələri, yavaş artım və əmək bazarındakı durğunluq inflyasiyanı azaltsa da, bunlar ev təsərrüfatlarına və şirkətlərə zərər verəcək. Bu, inflyasiyanın aşağı salınması üçün uğursuz xərcdir. Lakin, qiymət sabitliyinə nail olmamaq daha çox ağrıya səbəb olacaq”-deyə bildirib Powel.

Mövzusu iqtisadi məhdudiyyətlərin və pandemiya zamanı tədarüklə əlaqədar məsələlərin necə ortaya çıxmasına həsr olunan tədbirdə beləliklə, FED sədrinin açıqlamlarının ardınca dollar indeksi son 20 ilin zirvəsinə yenidən yaxınlaşmış oldu – 108.87 bənd.

Bundan başqa, simpoziumdan sonra FED-in 21 sentyabrda keçiriləcək FOMC toplantısında faiz dərəcələrinə dair gözləntiləri də dəyişmiş oldu. Sədrin çıxışından sonra 50 bənd artım ehtimalları 53%-dən 39%-ə, 75 bənd artım ehtimalları isə 47%-dən 62%-ə dəyişdi.

Faizlərin artım ehtimalları ABŞ səhmlərindən də yan keçmədi. – Dow Jones Industrial Average 3.03%, S&P 500  3.37%, Nasdaq Composite  3.94% ucuzlaşıb.

Həmçinin, ötən ilki simpozium ərəfəsində inflyasiyanın müvəqqəti olacağını təkid edən Powel bu dəfə ABŞ iqtisadiyyatının “müəyyən müddətə” sərt pul siyasətinə ehtiyac duyacağını bildirərək qısamüddətli ABŞ Xəzinədarlığının gəlirlərinin də yüksəlməsinə cığır açdı.

Tipik olaraq faiz dərəcəsi gözləntilərinə uyğun olaraq hərəkət edən 2 illik ABŞ Xəzinədarlığının istiqrazının10 illik Xəzinədarlıq notlarının gəlirliyi təxminən 1 bənd artdı.

Qrafik. ABŞ Xəzinədarlığının 2 və 10 illik Xəzinədarlıq kağızlarının gəlirlilik əyrisi.

2 və 10 illik Xəzinədarlıq notlarının gəlirləri arasında yaxından izlənilən boşluq, sədrin çıxışından sonra 35 bəndədək genişləndi ki, bu da qarşıdan gələn tənəzzülün siqnalı kimi qəbul edilməkdədir.

Pünhan Musayev,

iqtisadçı