“Daş ürəklərdə yanıb, daşları sındırdı muğam”-FOTOLAR

Yevlax şəhər Yaradıcılıq evində “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” nə həsr olunmuş “Daş ürəklərdə yanıb, daşları sındırdı muğam” adlı tədbir keçirilib.
Kanal32.az-a verilən məlumata görə,tədbiri giriş sözü ilə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova açıb və milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğamlarımızdan, bu sənət incilərinin qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Bildirilib ki, son illər ənənəvi olaraq Azərbaycanda beynəlxalq muğam festivalları keçirilməkdədir. Festival zamanı keçirilən simpoziumlar, muğam müsabiqələri və bir-birindən rəngarəng konsert proqramları bir daha muğamlarımızın tədqiqinə, onun daha geniş miqyasda təbliğinə imkanlar açır.
Tədbirin davamında Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam” Televiziya Müsabiqəsinin iştirakçılarının ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeir nümunələri söylənilib.
Sonda gənc xanəndələr və bir qrup mədəniyyət işçisi Fəxri Fərmanla təltif olunub, xatirə şəkilləri çəkdirilib.
Kanal32.az