Millət vəkili QHT-lərə çağırış etdi:”Yaxşı olar ki, vətəndaş cəmiyyəti institutları …”

“Azərbaycan təbiətinə qarşı belə vəhşi münasibət ermənilərin xislətindən irəli gəlir”.

Bu sözləri “AzPolitika.info”ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov son günlər Laçın və Xocalı meşələrinin ermənilər tərəfindən yandırılmasına münasibət bildirərkən deyib.

O bildirib ki, Avropa İttifaqının 18 iyul 2022-ci il tarixdə Azərbaycanla tərəfdaşlığa dair hesabatında “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi Ermənistanda revanşist qüvvələri məyus etdi: “Ermənistanda fəaliyyət göstərən “Respublika” partiyasının sədr müavini Armen Aşotyan bu sənəddə bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsinin Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli bəyanatda həmin ifadənin olmaması, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsi olduğunu bildirib”, – komitə sədri sözlərinə əlavə edib.

Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistanın əvvəlcə müharibə meydanında, sonra isə diplomatik sahədə uduzması onların artıq siyasi gerçəkliklə barışmalı olduqlarını göstərdi: “Lakin bu gerçəklik fonunda erməni xisləti də özünü göstərməyə bilməzdi. Diplomatik platformada baş vermiş diqqətəlayiq dəyişikliklər Laçını tərk edən erməni əhalinin nümayişkəranə şəkildə tərk etdikləri evləri və meşə zolaqlarını yandırması ilə müşayiət olundu”.

S.Qurbanov bildirib ki, bu təsadüfi deyil, işğaldan azad edilmiş bütün ərazilərdə erməni vəhşiliyinin, ekoloji terrorunun şahidi oluruq: “Ermənilər meşə zolaqlarını, bulaqları, nadir ağacları məhv etmiş, faydalı qazıntılarımızı talamışlar. Azərbaycanın flora və faunasına böyük zərbə vurublar. Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik. Laçın və Xocalı meşələri yandırılmaqla ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurulan ziyan beynəlxalq ekosid cinayətinin tərkib hissələridir. Təsadüfi deyil ki, “ekosid” termini yunancadan “evi, məkanı məhv etmək” anlamına gəlir və erməni vandalları işğal etdikləri məkanlarımızda guya “öz evlərini” yandırmaqla yanaşı, ətraf mühitə, ana təbiətə ziyan vururlar. Onlar anlamırlar ki, regionun bir hissəsində təbiətə, ətraf mühitə ziyan vurmaq, bütöv bölgənin təbii kompleksinə, flora və faunasına zərər vurmaqdır, qlobal anlamda isə hava keyfiyyətinə və istixana qazlarının artmasına və deməli qlobal istiləşməyə səbəb olmaqdır. Deməli, faktiki olaraq, bütöv regionun təbiətinə ziyan vuran bir millətin köklərinin bu regiondan olmaması heç şübhə doğurmamalıdır”.

Millət vəkili əlavə edib ki, ermənilər bu cinayətləri ilə ətraf mühitin qorunması üzrə bir çox beynəlxalq konvensiyaları pozurlar: “Bunlar YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası, Avropanın canlı təbiətinin və təbii mühitin qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası), BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası, Bioloji müxtəliflik haqqında Konvensiya, Biotəhlükəsizliyə dair Kartagena Protokolu və digərləridir. Bütün bu konvensiyaların katibliklərinə təcili surətdə erməni cinayətləri barədə məlumatlar təqdim edilməlidir”.

S.Qurbanov deyir ki, düşmənin son 30 ildə törətdiyi ekoloji cinayətlərə aid rəqəmlərə diqqət yetirsək, ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik: “Belə ki, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi və onun 13197,5 hektarı qiymətli ağac növlərindən ibarət olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Ermənilərin törətdiyi digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir. Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi. 30 ilə qədər erməni işğalı altında qalmış ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxil olub. Bu ağacların çox qədim, 1600 il yaşı olub. Məlum olub ki, bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib”.

S.Qurbanov bildirib ki, ermənilərin qanunsuz şəkildə Azərbaycanın əzəli torpaqlarında məskunlaşması Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayət olmaqla, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır: “Hesab edirəm ki, Azərbaycanın ictimai-siyasi fəaliyyətlə məşğul olan bütün şəxsləri bu məsələdə fəal olmalı, bütün platformalarda birgə fəaliyyət göstərməlidir. Xüsusilə vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifə düşür. Üç sahədə ixtisaslaşmış QHT-lər daha da fəal olmalıdırlar: 1) İnsan hüquları;

2) Qaçqınlar, məcburu köçkünlər;

3) Ekologiya.

Düzdür, bu sahədə beynəlxalq təşkilatlara bir sıra müraciətlərin şahidi olduq. Lakin daha yaxşı olar ki, vətəndaş cəmiyyəti institutları hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara təqdim etsinlər”.

“AzPolitika.info”