İlk Azərbaycan manatı tədavülə 15 avqust 1992-ci ildə buraxılmış, 2007-ci ilin yanvar ayının 1-i tarixindən dövriyyəyə yeni nominal nişanlar buraxılmaqla manatın denominasiyası prosesi baş vermişdir.
2015-ci il devalivasiyaları nəticəsində yarıbayarı azalan nağd pul kütləsi son 7 il ərzində 5.4 milyard manatdan 12 milyard manatadək artmış, tədavülə 2018-ci ildə 200 AZN, 2021-ci ildə isə 500 AZN-lik nominal nişanlar buraxılmışdır.
2022-ci il 1 yanvar tarixinə dövriyyədə olan nağd pulun məbləği 12.3 milyard manata bərabər olmuşdur ki, müqayisə üçün bu 2018-ci ilin göstəricisindən təxminən 4 milyard manat artıqdır, yəni son 4 il ərzində tədavüldə olan nağd manatın həcmi göstərilən kəmiyyət qədər artıb. Qeyd edilən 12.3 milyard manatın 99.3%-i (12.2 milyard manatı) kağız, 0.7%-i və ya 87 milyon manatı isə metal pul nişanlarından ibarət olmuşdur. Son 4 ildə say ifadəsində ilin əvvəlinə kağız pul nişanları 44.8 milyon ədəd artaraq 265.3 milyon ədəd, metal pul nişanları isə 129.2 milyon ədəd artaraq 542 milyon ədəd olmuşdur. Tədavüldə olan kağız pulların 2018-ci ildə 4%-ni 200 AZN-lik, 69.4%-ni 100 AZN-lik, 17.5%-ni 50 AZN-lik, 9.1%-ni isə 50 AZN-dən aşağı nominal nişanlar təşkil edirdisə, 01.01.2022-ci il tarixində bu nisbət müvafiq olaraq 21.5%, 63.7%, 7% və 7.3%-ə bərabər olmuş, dövriyyəyə yeni emissiya olunan 500 AZN-lik əskinas isə kağız pulların 0.5%-ni təşkil etmişdir.
Nəzəri cəhətdən, iqtisadiyyata yüksək dəyərə malik pul nişanlarının buraxılmasının özünəməxsus bir sıra səbəbləri vardır:
- İqtisadiyyat genişləndikcə pula tələb də artır ki, bu da yeni yüksək dəyərə malik əskinasların emissiyasını şərtləndirir. Bu baxımdan son 10 ildə real ifadədə ölkə iqtisadiyyatının təxminən özünün 10%-i, 2005-ci illə müqayisədə isə 2.4 dəfə böyüdünü vurğulaya bilərik.
- Əməkhaqqı və digər ödəmələr artdığı təqdirdə də dövriyyənin yüksək nominal dəyərə ehtiyacı artır. Müqayisə üçün, 2018-ci ildən bəri ölkədə müəyyən olunmuş minimum əməkhaqqı və minimum pensiya məbləği hər biri 2 dəfədən çox artmışdır.
- Dollarlaşma prosesi ilə mübarizə zamanı strategiyalardan biri də yüksək nominal dəyərdən istifadədir. Mərkəzi bankın “Pul siyasəti icmalı”na əsasən fiziki şəxslərin depozitlərində dollarlaşma səviyyəsi 2018-ci ilin 62.5% göstəricisindən cari ilin əvvəlinə qədər 42.3%-dək geriləmişdir.
Bir vacib məqama da toxunmaq lazımdır ki, düşünülənin əksinə nəzəri cəhətdən böyük nominal nişanın inflyasiyaya səbəb olması tezisi birmənalı olaraq doğru qəbul edilmir. Əksinə yüksək inflyasiyanın olması onu yaradır. Belə ki, 10.000 Bruney dolları, 1000 BƏƏ dirhəmi və İsveçrə frankı məxsus olduğu iqtisadiyyatlar böhran dövrlərində belə yüksək inflyasiya ilə müşahidə edilməyiblər.
Pünhan Musayev, iqtisadçı