Əfsanəyə aparan yol- Nəriman Abbasov

Kütləvi mədəniyyət deyilən anlayış var. Bu çoxluğun daşıdığı mədəniyyətdir ki, bura əyləncədən tutmuş idmana qədər çox sahələr aiddir, hətta kulinariya da. Amma mövzu idmandır, daha doğrusu əfsanəyə çevrilə biləcək idmançı Nəriman Abbasov.

Rusiyada yaşayan bir azərbaycanlı kimi mənim üçün Nərimanın uğuru onun çoxlu mükafatları ilə yox, idmançıları ilə tanınan dost-qardaş Dağıstanın qaydasız döyüş üzrə üç peşəkarını ardıcıl olaraq yenməsi oldu. Nəriman Abbasovun qələbələrini Arif və Namiq Abdullayev qardaşları, Fərid Mansurov,Toğrul Əsgərov, Hacı Əliyev və adını çəkmədiyim bir neçə peşəkar idmançımızın qələbələri ilə müqayisə də etmək olar, etməmək də. Onlar da dəfələrlə Şimali Qafqazın gözlədiyi qızıl medalları Bakıya gətirə bilmişdilər. Amma 21 ci əsrdə qaydasız döyüş ayrı aləmdir, burda bir şouluq, kütləvilik var – bu idman növü daha populyardır, daha böyük auditoriyanı əhatə edir – yuxarıda qeyd etdiyim kütləvi mədəniyyətin məhz özüdür! Nəriman Abbasov həm də ona görə möhtəşəmdir ki, mövcud stereotipi silə bildi. O sübut etdi ki, aktaqonda azərbaycanlıların qələbəsi təsadüfi deyil, ardıcıl və davamlıdır və döyüşün onun millətinin alnına yazılması şüar deyil ki, gerçəkliyin özüdür! Nəriman qələbələri ilə ilk növbədə Rusiyda yaşayan azərbaycanlılarda özünəgüvəni artırdı. Rusiyada yaşayanlar nəyə eyham etdiyimi anlayar: başqa sözlə, bizim hünərli oğlanlar təkcə Moskvanın qaranlıq arxa küçələrində yox, aktaqonda da söz sahibidir. Nərimanın idmandakı qələbəsini xüsusi təyinatlılarımızın kiçiq qruplarla bir taborun yaxud bir alayın yerinə yetirdiyi tapşırığın miqyasına bənzətmək olar. Çünki Rusiya azərbaycanlılarını izdihamlı şəkildə bir dəfə Neftçi-Pünik qarşılaşması bir araya gətirmişdi və bir də Nərimanın döyüşləri. Şanlı məşqçi Şəhriyar Abbasovun Nərimana Bayraktar təxəllüsü verməsi də yerindüşəndir. Çünki Nəriman azərbaycanlıların və dövlətin strateji silahına çevrilib. Onun qələbələri milləti birləşdirir, səfərbər edir, özünə inamı artırır, məğlubiyyəti isə sarsıda bilər. Deməli ki, Nərimanı xalq və dövlət olaraq qorumalıyıq. Son döyüş də sübut etdi ki, çempionun üzərində xüsusi diqqət var və artıq təkcə özünə məxsus olmayan idmançının üzərində öz nəzarətimizi gücləndirməklə məlum siyasi opponentlərimizin xüsusi xidmət orqanlarından tutmuş onların müttəfiqlərinə qədər olan hər cür maneədən strateji əhəmiyyətli soydaşımızı qorumalıyıq.
Nəriman, hər şeyə görə çox sağ ol! Azərbaycan Səninlə fəxr edir!

Anar Həsənov,

Moskva