“Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib.
Kəlbəcərə ikinci dəfə gəldiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”.
Azərbaycan Prezidenti qeyd edib ki, artıq bu proses başlayıb və ilk növbədə Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır, ona görə bugünkü mərasim xüsusi məna, rəmzi məna daşıyır.
“Mən bu gün hərbçilərlə – yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var” – deyə, Prezident İlham Əliyev söyləyib.
Dövlətimizin başçısı deyib ki, hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir: “Ona görə bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”.
Son bir il ərzində burada görülmüş işlərlə də tanış olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, təbii şərait baxımından bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir.
“Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir”, – deyə Azərbaycan Prezidenti qeyd edib.