Zəngəzur dəhlizinin region ölkələri üçün SİYASİ-İQTİSADİ ƏHƏMIYYƏTİ

…44 günlük Vətən müharibəsindən sonra Qafqazda formalaşan geosiyasi vəziyyət…
Ermənistan daha tez dərk etməlidir ki, birgə yaşamaq, milli suverenlik, ərazi bütövlüyü, iqtisadi və siyasi sabitlik, beynəlxalq hüquqa hörmət davamlı və dinamik tərəqqi üçün zəruri şərtdir. Soyqırımlar və işğalçılıq siyasəti Ermənistanı daha da bataqlığa sürükləyir, yalnız əməkdaşlıq və koordinasiya istəyi, dinc qonşuluq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq uğurlu gələcəyə yol aça bilər.
Qafqaz, Zəngəzur dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, tranzit, ticarət dövriyyəsi.
Qafqazda ciddi geosiyasi dəyişikliklərlə müşahidə edilən və eləcə də buna əsas yaradan 44 günlük Vətən müharibəsindən sonrakı dövr, həm də regionda yeni münasibətlərin formalaşması ilə xarakterizə oluna bilər. Başqa sözlə desək, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 103-cü ildönümü və 2-ci Dağlıq Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunun mənzərəsi əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Azərbaycanın inamlı Zəfəri regional əməkdaşlıq, qarşılıqlı əlaqə, dinamik və davamlı tərəqqi üçün zəruri olan yeni dəhlizlərin formalaşması üçün əlverişli imkanlar yaradıb.
Təbii ki, Ermənistanın regional inteqrasiya reallıqlarını qəbul etmək istəməməsi və nəqliyyat dəhlizlərinin açılışında “inkar sindromunu” davam etdirməsi təəssüflə qeyd edilməlidir. Ancaq görünən odur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, Zəngəzur dəhlizinin açılması müasir dövrün tələbidir, qaçılmazdır və ən əsası regionun iri dövlətlərinin də maraq dairəsindədir. Belə olduğu halda, konkret dəhlizlərin əhəmiyyətini araşdırmaq, region üçün nələri vəd etdiyini ortaya qoymaq, region dövlətləri üçün perspektivləri proqnozlaşdırmaq daha məntiqli olardı.
İlk növbədə qeyd edək ki, Zəngəzur dəhlizi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın digər əraziləri ilə quru nəqliyyatı əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası (MR) ilə əlaqə təmin olunacaqdır. Bununla da dəhliz Azərbaycanı Türkiyə ilə də birləşdirəcəkdir. 44 günlük Vətən müharibəsindən sonra ciddi müzakirələrə səbəb olan Zəngəzur dəhlizi Türkdilli dövlətlərin İstanbulda keçirilən VIII Zirvə görüşündən sonra daha da aktuallaşıb. Şimal-şərqdə kiçik Qafqazı və cənub-qərbdə Anadolu yüksək dağlarını birləşdirən bu dəhliz ekspertlər və siyasətçilər tərəfindən “Qafqaz Zəngəzur Dəhlizi” kimi də adlandırılır.
Azərbaycan, Mərkəzi Asiya və Ermənistanı Türkiyəyə birləşdirən “Qafqaz Zəngəzur Dəhlizi” ciddi sosial-iqtisadi və geosiyasi gözləntilərə malikdir. Belə ki, dəhliz Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirməklə regional ticarət fəaliyyətlərinə və dövriyyəsinə müsbət təsir göstərəcəkdir. Nəzərə alsaq ki, müasir qloballaşma və inteqarsiya şəraitində xarici bazarlara çıxış, xarici bazarda rəqabət qabiliyyətli milli məhsullarla iştirak milli dövlətlərin dinamik və davamlı tərəqqisinin zəruri şərtinə çevrilib, onda ümid etmək olar ki, “Qafqaz Zəngəzur Dəhlizi” (QZD) gələcək etibarlı barışıq və güclü iqtisadi əməkdaşlığa töhfə verəcək.
Dəhliz Sakit okeandan Türkiyəyə, Mərkəzi Asiya, daha geniş Xəzər regionu, Azərbaycan və Ermənistanı birləşdirən çoxsaylı ticarət yolları açacaq, həmçinin Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsini genişləndirmək imkanı verəcəkdir. Bununla belə, QZD-nin açılışı Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri də daxil olmaqla Xəzər nəqliyyat şəbəkəsini daha da gücləndirəcəkdir. Bu, regionun tranzit potensialını daha da artırmaqla, tranziti büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan verəcək, Azərbaycana Avrasiyanın nəqliyyat və logistika qovşağı kimi mövqeyini möhkəmləndirməyə şərait yaradacaqdır.
Zəngəzur dəhlizinin təhlili təsdiq edir ki, o, Avropa və Asiyanı birləşdirən, Rusiya və Çin üçün strateji əhəmiyyət kəsb edən, regionun bütün ölkələri üçün potensial iqtisadi səmərə vəd edən nəqliyyat əlaqələrinin formalaşmasına imkan verir. Beləliklə, o, bütün region ölkələri üçün möhtəşəm iqtisadi, biznes, investisiya və körpü təklif edir. Eyni zamanda, QZD Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ona görə ki, Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşir və Avropa ilə Asiya arasında logistika mərkəz kimi strateji əhəmiyyət kəsb edir. Bir faktı qeyd edək ki, Şərq-Qərb dəhlizi Çin və Avropa İttifaqı (Aİ) üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamət üzrə 2019-cu ildə ümumi ticarət dövriyyəsi 560 milyard avro təşkil edir ki, Çin və Aİ arasında yeni investisiya sazişinin imzalanması bu şansı daha da artırır.
Bu, Türkiyə ilə Orta Asiya arasında, eləcə də Türkiyə ilə Çin arasında ticarət üçün həyati əhəmiyyət kəsb edir, hansı ki, bu ölkələr arasında ticarət dövriyyəsi 2019-cu ildə 21 mlrd. Çindən Türkiyəyə və əks istiqamətdə Azərbaycan üzərindən yük daşımalarını əhəmiyyətli dərəcədə artırdı. Ümumilikdə isə, QZD türkdilli dövlətləri 1,1 trilyon ABŞ dolları məbləğində ümumi ÜDM ilə birləşdirəcəkdir ki, bu da nəhəng ticarət dövriyyəsi üçün potensial imkanlar deməkdir.
QZD tranzit daşıma müddətini azaltmaqla Azərbaycan və Türkiyə arasında ticarət fəaliyyətini daha da yaxşılaşdıracaq. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Gürcüstan yolları artıq Azərbaycanı Türkiyə ilə birləşdirib, lakin daha qısa marşrutun strateji əhəmiyyəti və iqtisadi əlaqələri yaxşılaşdırmaq potensialı var.
Ümumiyyətlə, QZD açılışından sonra Türkiyə Mərkəzi Asiya ilə Çini birləşdirən yeni logistika dəhlizinə sahib olacaq, o cümlədən Rusiya və Ermənistan da bu dəhlizdən faydalanacaqdır.
Rusiya ilə Ermənistan arasındakı Zəngəzur dəhlizi həm də Rusiya və Avrasiya İqtisadi İttifaqı bazarlarına daxil olarkən Ermənistanın iqtisadi problemlərini azaldacaq. Əsas ticarət tərəfdaşına quru yolunun olmaması Ermənistanın xarici iqtisadi əlaqələrinə və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərir. Dəhliz Ermənistana digər ticarət tərəfdaşı İranla dəmir yolu əlaqəsi əldə etmək imkanı yaradacaqdır ki, bu da Ermənistan üçün mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir. İran və Ermənistan arasında yükdaşımaları da Zəngəzur dəhlizi vasitəsilə daha rahat və səmərəli şəkildə həyata keçirilə bilər.
Azərbaycan- Türkiyə arasında ticarət əlaqələrini bərpa etməklə dəhliz həm də Ermənistanın iqtisadi təcriddən çıxmasına kömək edəcək. Ermənistan Azərbaycanla iqtisadi əməkdaşlığı təkmilləşdirməklə yanaşı, Şərq-Qərb dəhlizinə çıxışdan faydalana bilər.
Azərbaycanın regional dəmir yollarının yenidən qurulmasına yatırdığı investisiyalardan Ermənistan da faydalana bilər. Ümumiyyətlə, Zəngəzur dəhlizindən dinc məqsədlər üçün istifadə həm Azərbaycan, həm də Ermənistan üçün uzunmüddətli sabitlik və iqtisadi səmərə vəd edir. Nəticədə dəhliz Azərbaycanın Ermənistanda infrastruktur layihələrinə gələcək investisiyalarına, həmçinin transsərhəd biznes əlaqələrinin artmasına səbəb ola bilər.
Beləliklə, qeyd edilənlərdən də göründüy kimi, Zəngəzur dəhlizi region ölkələri üçün çoxsaylı və uzunmüddətli iqtisadi faydalar vəd edir ki, bu da regional nəqliyyat şəbəkələrini daha da genişləndirməyə imkan yaradacaqdır. Bu baxımdan da, Ermənistan daha tez dərk etməlidir ki, birgə yaşamaq, milli suverenlik, ərazi bütövlüyü, iqtisadi sabitlik, siyasi sabitlik və ictimai birlik davamlı və dinamik tərəqqi üçün zəruri şərtdir. Soyqırımlar və etnik təmizləmə siyasətinin davam etdirilməsi Ermənistanı daha da bataqlığa sürükləyir, yalnız əməkdaşlıq və koordinasiya istəyi, dinc qonşuluq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq uğurlu gələcəyə yol aça bilər.
Saniyə Salahova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi