İran təkcə rəqiblər deyil, “müttəfiqlər” üçün də zərərli dövlətdir

İranın  “himayə etdiyi”, “yardım göstərdiyi” heç bir müsəlman ölkəsində xaos bitməyib, əmin-amanlıq, sabitlik yaranmayıb. Yəmən, Bəhreyn, Fələstin….bu ölkələrin hər birində münaqişələrin 60-70 illik tarixi var. Suriyada, Livanda 10 illərdir qətliamlar, dağıntılar davam edir. Bu münaqişələrin hər birində İranın iştirakı var. İran “müdaxilə etdiyi” bu prosesləri dayandırmaq üçün gücə, qüdrətə malik deyil. Amma məsələ təkcə İranın modern tələblərdən geri qalmasında, müasir güc mərkəzləri ilə rəqabət aparmaq qabiliyyətinin olmamasında deyil.
Təcrübə göstərir ki, İran “müdafiə etdiyi” müsəlman ölkələrində münaqişələrin bitməsində maraqlı deyil. Əksinə, bu ölkələrdə xaosun, dağıntının, münaqişənin davam etməsi üçün çalışır. İran qeyd edilən dövlətlərdə münaqişələrin davam etməsinə özünün həmin ərazilərdə mövcudluğunun səbəbi kimi baxır. O, Qarabağ münaqişəsinə də bu kontekstdən yanaşıb. Qarabağ münaqişəsinin davam etməsi İranın Ermənistan vasitəsilə Qafqazda mövcud olması anlamını daşıyıb. Mollalar “Qarabağın işğaldan azad edilmsi üçün fətva verdiklərini” deyiblər, amma reallıqda Ermənistana dəstək göstəriblər. Blokadada olan Ermənistana nəfəslik açıblar. Hətta 44 günlük savaş müddətində Azərbaycanın uğurlarına mane olmaq üçün açıq müdaxilələr ediblər: öz hərbçilərini qanunsuz olaraq Cəbrayılın, Zəngilanın Arazboyu ərazilərinə yeridib, Azərbaycan ordusunun bu rayonları azad etməsinə mane olmağa çalışıblar.
İranın riyakar davranışları Qarabağ münaqişəsinin bitməsindən sonra da da davam edir. O, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini əngəlləmək üçün əlindən gələni edib. Azərbaycan əsgərinin Gorus-Qafan yolundan qanunsuz keçid edən, Xankəndinə qaçaq mal daşıyan İran avtomobillərini saxladığını hər kəs xatırlayır. Bu olay göstərdi ki, İran Qarabağ bölgəsində separatizmə dəstək təşəbbüslərini bu gün də davam etdirir. O, II Qarabağ müharibəsi bitər-bitməz Azərbaycan sərhəddinə qoşun yığdı, hərbi təlim keçmək adı ilə ölkəmizə hədə-qorxu gəlməyə çalışdı.
Özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim edən İranın riyakar davranışları son günlərdə daha da intensivləşib. Təşkilatlandırılmış insanları Azərbaycanın Tehrandakı səfirliyi qarşısına çıxararaq Azərbaycan əleyhinə şüarlar, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib. Bunu hər kəs yaxşı bilir ki, səfirliyin qarşısında olan aksiyaların sifarişçisi kimdir və bu aksiyalar kimlər tərəfindən təşkil olunur. Bu aksiyalarda ənənəvi şüarlar səsləndirilir, Azərbaycanın İsraillə əməkdaşlığı qınanılır, Bakı “sionizmə dəstək verməkdə” ittiham olunur. Normal düşünmək qabiliyyətini itirmiş İran rəsmiləri Azərbaycanı müstəqil dövlət kimi qəbullanmaq problemi yaşayırlar.
İran Livanda yaratdığı modelin- qeyri-stabillik, xaos şəraitinin Azərbaycanda da tətbiq edilməsi cəhdlərini hələ də davam etdirir. Hezbollah kimi hərbi-siyasi qüvvənin yetişdirilməsinə təşəbbüs göstərir. Azərbaycanda “dini kəsim” adı altında fəaliyyət göstərən İran agentlərinin qəhrəmanlaşdırılması, tərəfdarlarının yetişdirilməsi bu siyasətin tərkib hissəsidir.

 

Müəllif: Müşfiq Ələsgərli, Mətbuat Şurasının sədr müavini

Mənbə: Feysbuk səhifəsi