Şərqşünaslıq İnsititunda Milli Qurtuluş Günü qeyd edilib-FOTOLAR

İyunun 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Kanal32.az-a verilən məlumata görə,tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu,  qeyd edib. Akademik G.Baxşəliyeva ümummilli liderin qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb.  Akademik G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, Azərbaycan ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini  qeyd edib.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və başqaları çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.

         

Kanal32.az