Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin nüfuzlu “Dustur” qəzetində Şuşa haqqında geniş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə 30 ilə yaxın Ermənistanın işğalına məruz qalmış və düşmən tapdağından azad edilmiş Şuşanın Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın mədəniyyət paytaxtı, həmçinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi diqqətə çatdırılıb. Müəllif vurğulayıb ki, Şuşa uğrunda döyüşlərdə Qələbə də 44 günlük müharibənin həlledici mərhələsi olub və Azərbaycanın dövlət başçısı bu qədim şəhərin azad edilməsini həyatının ən xoşbəxt günü adlandırıb. O, xalqa müraciətində bunu belə ifadə edib: “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
T.Rzayev yazıb ki, işğaldan azad olunmuş Şuşada 28 ildən sonra azan səsi yüksəlib. O, bu il 270 illiyi qeyd olunacaq qədim şəhərin azərbaycanlılar üçün mənəvi əhəmiyyətindən, Qafqazın mədəniyyət incisi və konservatoriyası, Azərbaycan musiqisinin beşiyi olmasından, həmçinin bu yurdun bəşər mədəni irsinə bəxş etdiyi dahi şəxsiyyətlərdən ətraflı bəhs edib.
Məqalədə işğaldan azad olunmuş Şuşada qısa müddətdə mədəni irs abidələrinin, heykəllərin bərpa olunması, “Xarıbülbül” festivalının və digər mədəniyyət tədbirlərinin keçirilməsi barədə məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, bu şəhər həm də diplomatiya, iqtisadiyyat sahələrində mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, tezliklə mühüm turizm mərkəzinə çevriləcək. Azərbaycan dövləti Şuşanın və ümumilikdə Qarabağın hamı üçün sülh və əməkdaşlıq vadisi olması istiqamətində səylərini davam etdirir.