İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov ali təhsil müəssisəsində fəaliyyət göstərən peşə hazırlığı kursunda iştirak edən tələbələrlə görüş keçirib.

Görüşdə kursun gedişatı, ortaya çıxa biləcək nöqsanlar haqqında müzakirələr aparılıb, tövsiyələr verilib. Təhsilalanlar proqram barədə ətraflı məlumat verib, təkliflərini səsləndiriblər.

Aİİ rektoru Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Ali təhsil müəssisəsinin rəhbəri əsas məqsədin yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamaq olduğunu qeyd edib.
İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı kadrlar kimi yetişməlidirlər.

A.Şirinov daha sonra bildirib ki, tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.

Tədbirdə tələbələri maraqlandıran suallar ətrafında fikir müzakirəsi aparılıb.