“Kimsəsizlər qəbiristanlığında təqdimat edəcəyəm”

67

Çinarə Ömray: “Kimsəsizlər qəbiristanlığında təqdimat edəcəyəm”.

Kanal32.az-ın məlumatına görə,AYB-nin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray bu günlərdə yeni işıq üzü görmüş “Mandarin” adlı hekayələr kitabından, onun keçiriləcək təqdimatından söz açıb, təsuratlarını, fikirlərini bölüşüb: “İkinci kitabı çap etdirməyi düşünmürdüm. Həm də o ərəfələr heç düşünmürdüm. Çünki nə səhhətim nə də ruh halım buna müsait deyildi. Başım başıma qarışmışdı. Ağrılarım yol yoldaşım idi. Kitab nədi, hətta adamlarla kəlmə kəsməyə halım yox idi. Bir neçə dəfə kitab təklifi gəlsə də “olar”, “edərik” deyib yarı yolda qoymuşdum. Mən çox məsuliyyətsiz adamam. Bir dəfə bir müəllimim demişdi ki, tanıdığım yeganə adamsan ki, heç nəyə yox demirsən. Amma hə dediyin heç nəyi də eləmirsən. Nəticədə də adam sənə əsəbləşə bilmir.

Mənim ətrafımda həmişə yaxşı adamlar olub, vallah. Kitab təklifi ilk olaraq Şahbaz Xuduoğlundan gəlmişdi. Sonra digər dost nəşriyyatlardan. Onların içində “Parlaq İmzalar” da var idi. Hətta bir gün Vüsalə Babayeva mən həvəslənim deyə yazılarımı komputerdə bir yerə cəmləmişdi. “İnşallah, edərik” deyib oradaca qoymuşduq… Bir gün ağrılarımın lap orta yerində idim. Müşviq Xan yazdı mənə. Təbii ki, kitabla bağlı. Adam işindəki peşəkarlığından necə istifadə etmişdisə necə deyərlər, bir də ayıldım ki, “MÜCRÜ”nün poçt ünvanına yazı göndərirəm.

Yerigəlmişkən bir söz də deyim, mən onda kəşv elədim ki, bütün möcüzələr insanın öz içindədir. Və içinin bir küncündə boş bir otaqda toplaşıblar. Sən yetər ki, özündə güc tap o qapını itələyə bil. Və möcüzələr diyarında xoş gəlmisən.

“Mandarin” həyatımda o qapını itələyən əl oldu. Stimul oldu, ayağa qalxmaq şansım oldu. Mən özümdə əməliyyata getmə gücü tapdım.Yenidən ayağa qalxmalı, yenidən bacarmalı olduğumu görtərdi mənə. Artıq bir neçə ildi əziyyət çəkdiyim xəstəlliyimi də, ağrılarımı da geridə qoymuşdum. İşimə geri döndüm. Dönməyimlə də başqa bir uğura imza atdım. Və hələ də bu uğur silsiləsi davam etməkdədir. Fürsətdən istifadə edib Müşviq Xana, onun “Mücrü”sünə və yanımda olan bütün yaxşı dostlarıma təşəkkür edirəm. Məni tanıyanlar bilir ki, qəbiristanlıq mənim üçün hansı dəyəri daşıyır. Uzun zaman usanmadan hər gün getdiyim yer olub. Ona görə də mən bu uğurumu onlarla paylaşmaq istəyirəm. Belə ki, Nəşriyyat kitabımı öz hesabını çap etdi və mənə hədiyyə olaraq 15 kitab bağışladı. Həmin 15 kitabımı da götürüb mayın 29-u kimsəsizlər qəbirstanlığına gedəcəyəm. On beş qəbrə kitab imzalayacağam. Onlar məni pafos dolu alqışlarla alqışlamaya bilərlər, hətta keçən təqdimatda birisi kimi “Çinarə dövrünün dahisidir” də demiyəcəklərinə əminəm (hansı ki, onda da mən bunu sadəcə təhqir hesab edirdim). Onlar hər zaman olduğu kimi məni sadəcə dinləyəcəklər. Bu aralar ən çox da elə buna ehtiyacım var.”