Dünya Azərbaycanlılarının V qurultayı dünyaya bir mesajdır

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Medianews.az-a açıqlamasında bu mötəbər tədbirin keçiriləcəyi Şuşa şəhərini azərbaycanlıların həmrəyliyinin rəmzi kimi qiymətləndirdi: “Vətən müharibəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal uğrunda Prezident İlham Əliyevin ətrafında birləşməsi və vahid yumruq kimi düşmənə qarşı açılan informasiya cəbhəsində iştirakı göstərdi ki, biz bir olanda hər şeyə qadirik. Onu da bildirim ki, ənənə halını almış Dünya Azərbaycanlılarının növbəti Qurultayının işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq dövrünə təsadüf etməsi və bu mötəbər tədbirin “Şuşa İli”ndə Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi məhz həmrəyliyin rəmzidir. Qurultayın gündəliyinə daxil edilmiş “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr” və “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzuları da aktualdır. Düşünürəm ki, 65 ölkədən, o cümlədən Yaxın Şərqdən qurultayda iştirak edəcək nümayəndələr üçün Şuşanı görmək, onun havasını udmaq və suyunu içmək də bir xoşbəxtlik mənbəyi olacaq. Çalışacağıq ki, oradakı çıxışlarımızda və aparacağımız təcrübə mübadiləsində doğma Vətənimizin təbliği istiqamətində yeni təkliflər irəli sürək. Bu, hər birimiz üçün çox faydalı olacaq”.

Diaspor təşkilatları, o cümlədən mənim rəhbərlik etdiyim Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqımızın ədalətli mövqeyinin dünyaya çatdırılması işində iki əsas istiqaməti rəhbər tutacaq. Bunlardan birincisi elmi tədqiqatlar və tarixi sənədlər əsasında ölkəmizin təbliğidir. Digər mühüm məsələ isə texnologiyanın son nailiyyətlərindən daha çox istifadə edilməsi və sosial mediada xaricdə yaşayan alimlərimizin, tələbələrin fəallığının artırılmasıdır. Zənnimcə, qurultayda bu məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılacaq”.

AZƏRTAC Dövlət İnformasiya Agentliyinin ABŞ təmsilçisi, eyni zamanda, fəal diaspor üzvü Yusif Babanlı Dünya Azərbaycanlılarının 5-ci Qurultayının məhz Türk dünyasının mədəniyyət mərkəzi və Azərbaycanın döyünən ürəyi Şuşada keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı: “Bildiyiniz kimi, dünyanın müxtəlif ölkələrində mövcud olan Azərbaycan icma üzvlərinin bir yerə toplayan ən geniş tədbir məhz 2001-ci ildə Ümummilli lider, Prezident Heydər Əliyev tərəfindən təməli qoyulmuş Dünya Azərbaycanlıları Qurultayıdır. Qurultayda iştirak edən icma üzvlərimiz həm vətənlərinə tez tez səfər etməyə, həm də digər fəallarla şəbəkələşmə imkanı qazanırlar. Artıq 15 il uğurlu fəaliyyət göstərən “ABŞ Azərbaycanlıları Şəbəkəsi”-nin həmtəsisçisi və idarə heyətinin üzvü kimi deyə bilərəm ki, şəbəkələşmə və koordinasiya diaspora fəaliyyətində mühüm rol oynayır. Qurultay başqa ölkələrdən olan Azərbaycan təşkilatları ilə əlaqələr qurmaq və Azərbaycan üçün birgə faydalı işlər görmək üçün yaxşı fürsətdir. 1992-cı ilin mayın 8-də Şuşa erməni silahlı qüvvələri və digər erməni quldur dəstələri tərəfindən işğal olunmuşdur. Son 30 il ərzində şəhər yararsız hala salınmış, Azərbaycan mədəniyyətinə aid olan abidələri isə tədricən dağıdılmışdır. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və ordumuzun qətiyyətli addımları sayəsində Şuşa azad olunmuş və son il yarım ərzində reabilitasiya işləri aparılmışdır. Bu, Azərbaycan rəhbərliyinin və xalqının azad olunmuş torpağlarımıza verdiyi dəyəri ifadə edir. Qurultayın Şuşada keçirilməsi dünya diasporamızın illər boyu uğrunda informasiya müharibəsi apardığı Şuşamızı və digər azad olunmuş ərazilərə səfər etməyinə yaxşı fürsət yaradır”.

Ukrayna Azərbaycanlıları Radasının İcraçı direktoru Ceyhun Məmmədov Dünya Azərbaycanlılarının V Qurultayının həm də ilk dəfə olaraq Türkiyənin diaspor üzrə dövlət qurumunun, xaricdəki türk diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə də əlamətdar olacağını bildirdi: “Nəinki qurultayın Şuşada keçirilməsi, sadə vətəndaşların belə Şuşaya getmsi əlamətdar hadisədir. Bu, hər bir azrbaycanlı üçün belədir. Şuşa bizim milli ziyarətgah yerimizdir. Bu, bir daha dünyada Azərbaycan və Türkiyə diaspor təşkilatlarının həmrəy, koordinasiyalı şəkildə fəaliyyətinə öz töhfəsini verəcək. Dünya Azərbayanlıları Qurultayının keçirilməsi dünyaya da bir mesajdır. Bir Azərbaycan dövləti var, bir də dünyada yaşayan azərbaycanlılar. Bu missiya ilə bir amal uğrunda bir araya gəlirik. Bu, sanki şüuraltına işlənilir. Çox gözəl ideya və addımdır. Bunun üzərində maraqlı ideyalar əlavə oluna və müzakirə edilə bilər. Azərbaycan diasporunun gücü bu gün dünyada etiraf edilir, hiss olunur. Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan diasporumuz həqiqətlərimizin təbliğinə böyük töhfələr verib və verməkdədir. Bu gücümüz qurultaydan sonra daha da artacaq”. “Biz həm tarixi vətənimizin Zəfərini, həm də Ukraynanın zəfərini yaşayaraq bir ömürdə iki zəfər yaşayan şanslı insanlardan olacağıq”, – deyə UAR-ın icraçı direktoru vurğulayıb.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.

Xəyalə Rəis

Medianews.az