Lent.az-ın müsahibi Qafqazın yeganə numeroloqu Xəyal Məmmədovdur.
Kanal32.az lent.az-a istinadla onunla olan müsahibəni təqdim edir.
– Bəziləri hələ də numerologiya deyəndə “o nədir” deyə soruşur. Bəs siz bu elm barəsində nə deyərdiniz?
– Numerologiya elmi insanın adı və doğum tarixi əsasında onun enerjisinin hesablanması deməkdir. Numerologiya elminin bəşəriyyətdə bir neçə müxtəlif hesablama növləri var. Əksər vaxt insanlar internetdən istifadə edərkən pifaqor cədvəlinə rast gəlirlər. Amma pifaqor cədvəli numerologiyaların içərisində ən sadəsidir. Nəzərinizə çatdırım ki, Pifaqor numeroloq yox, riyaziyyatçı olub.
Hər bir numerologiya öz düzgünlüyünü sübut etməyə çalışır. Sadə bir məntiqə gətirsək, mənim məşğul olduğum numerologiya Süleyman peyğəmbərin dövründən gələn hesablama növüdür. Eramızdan əvvəl 10-cu əsr. Bu daha qədim hesablama növüdür. Digər hesablamalar buna əsaslanıb, dəyişikliklər ediblər. Ümumi desək, numerologiyalar müxtəlifdir.
İnsanın bütün enerjisini hesablamaq olur. Tək insanın yox, əşyanın, hər bir şeyin enerjisini hesablamaq mümkündür. Enerji bizi idarə edən qüvvədir. Onu hesablayırıq. Hər bir insanın pin kodu var. Ruhun rəqəmi – deltası var, onu hesablamaq mümkündür.
– Rəqəmlərin insan həyatına təsiri nədən ibarətdir?
– Rəqəmlərin insan həyatına birbaşa təsiri var. Çünki bəşəriyyətdə hər bir şey rəqəmlə işarələnib. Ona görə də rəqəmlərin bizim həyatımızda rolu çox böyükdür. Hər bir insanın müxtəlif enerjisi var.
Düzdü, bugünkü zamanda internet hesablarında pifaqor cədvəlini açıb, başlayırlar numeroloqluq etməyə. İnsanlara yanlış məlumat verirlər. “Dənizdə batan samandan yapışar” misalı kimi onlar da hər şeydən təsəlli tapmağa çalışır.
Elə zaman olur ki, mənə müraciət edənlər deyir ki, filan numeroloqun yanında olmuşam. Bu da mənə təəccüblü gəlir. Çünki rəsmi olaraq Qafqazda tək numeroloq mənəm. Çünki mən 4 il Almaniyada bu elmi oxumuşam. 2010-cu ildən bu günə qədər bu elmlə məşğul oluram.
– Rəqəmlərin enerjisindən danışırıq. Yaşadığımız ilin rəqəmləri bizə nə deyir? 2022-ci il nədən xəbər verir?
– Mən 2022-ci ilin proqnozunu verəndə demişdim ki, 2020-ci ildə pandemiya olması, müharibənin başlamasına baxmayaraq 2022-dən yaxşı il olub. Yəni 2022 enerjisinə görə çox ağır ildir.
2 münasibət rəqəmidir. Onun çox olması münasibətin pozulmasıdır. Münasibətlərin korlanması ilidir.
Bu il insanlar çalışsın ki, xeyir iş edəndə tarixdə “2” rəqəmi olmasın. Çünki artıq ilimizdə 3 dənə “2” rəqəmi var. Xoşbəxt ailə istəyirlərsə, bunu etməsinlər.
Bu il ağır enerjili bir ildir. Biz danışmaqla tarixi tezləşdirə bilmərik. Amma çox istəyərdim ki, 2022-ci il tez bitsin.
Bu il dünyada çox şeylər baş verəcək. Rusiya-Ukrayna müharibəsi başlanğıcdır. Bu qurtaran deyil. Bunun davamı digər ölkələrdə də olacaq.
Bu müharibələrin hamısı İranın başında çatlayacaq. İran dövləti parçalanacaq. Rəqəmlər bunu göstərir. İran artıq “molla” ölkəsi olmayacaq. İranın ərazisində Cənubi Azərbaycan Respublikası yaranacaq. Təbriz paytaxt olacaq.
– Bu il insanlar 02.02.2022 və 22.02.2022 tarixinə hansısa özəl günlərini salmağa çalışdılar. Bu kimi günlər həyatımıza müsbət təsir edirmi? Rəqəmlərin qoşalaşması numerologiya elmindən bizə nə deyir?
– Bu il bir tarix vardı – 22.02.2022. Bu da düşürdü həftənin ikinci gününə. Çox təəssüf ki, yenə “professor”lar həmin günün çox gözəl gün olduğunu, min ildə bir dəfə olacağını demişdi. Hansısa eyni rəqəmin çoxluğu bu o demək deyil ki, yaxşıdır. Əksinə pisdir. 1-dən 9-a qədər rəqəmlərin yarısı 4 yarımdır. Yəni toplumda 4-dən yuxarı nə varsa, artıqdır. Hər şey təhərində olmalıdır. Ancaq 22.02.2022-də və həftənin ikinci günündə 7 dənə 2 rəqəmi bir tarixdə idi. Bu yaxşı bir şey deyil. 2 münasibətə cavab verən rəqəmdir. Amma artıq olması münasibətin pozulması deməkdir.
Loğvalıq olmasın sosial şəbəkələrdə yalan məlumatlar paylaşan astroloqları ciddiyə almıram. Onlara inanan insanlar da o proqnozların fitvasına gedib, yanlış yönəlirlər.
2020-ci il üçün proqnoz verəndə demişdim ki, xəstəliklər olacaq, müharibə başlayacaq. Müharibənin başlanmasını isə 9 rəqəmi ilə əlaqələndirmişdim. Çünki 9 Allahın rəqəmidir.
O zaman bir jurnalist vardı, dedi ki, hər şeyi dəqiq deyirsizsə, müharibənin başlanacağı tarixi də deyin. Dedim ki, 9-cu aydan 9-un gələn rəqəmi olacaq. Ya sentyabrın 9-u, 9-cu ay, ya 18 sentyabr 1+8=9, ya 27 sentyabr 2+7=9.
Şükürlər olsun ki, 27 sentyabr Qarabağda anti-terror əməliyyatı başladı və bizim Qələbəmizlə başa çatdı.
Mən seyid nəvəsi deyiləm. Bu dediklərimi yatıb yuxuda görmürəm. Sadəcə rəqəmlərlə enerjini hesablayıram.
Mənə müraciət edən iki cütlük vardı ki, onlar da toylarını fevralın 20-si, 2-si və ya 22-nə salmaq istəyirdilər. Mən hər iki cütlüyə bu gündə toy etməyi tövsiyə etmədim.
Ancaq bu tarixdə toyu olan insanlara Allah kömək olsun. Onların münasibəti davamlı olmayacaq. Həmin ailələr dağılacaq. Rəqəm olaraq mümkün deyil ki, 7 dənə 2 rəqəminin olduğu gündə toy edəsən və xoşbəxt olasan.
Onlar səhv tarixdə ailə həyatı qurduqları üçün uzun sürən xoşbəxtlikləri olmayacaq.
Bundan başqa, mənə müraciət edən həkim-ginekoloq vardı. Zəng edib deyirdi ki, elə hamilə qadınlar var ki, həmin gün uşaq dünyaya gətirmək istəyirlər. Dedim ki, o tarixdə doğulan uşaqların da həyatında pis hadisələr olacaq.
– Xəyal bəy, nəyə görə eyni rəqəmin təkrarı pisdir?
– Ümumiyyətlə, hər hansı eyni rəqəmin çoxluğu pisdir. Belə deyək də, bir insan hər gün eyni qidanı yeyə bilər? Gərək fərqli yeməklər olsun. Və ya göyqurşağında 7 fərqli rəng olduğu üçün maraqlı gəlir. O rənglər eyni olsa, maraqlı olardı? Gözümüzə xoş gələrdi?
Rəqəm də belədir. Nə qədər ki, bizim enerjimizdə fərqli rəqəmlər var, o qədər gözəldir.
– Bəzi şəxslər numerologiyanın bürclərlə əlaqələndirir. Fikrinizcə, bir bağlılıq varmı?
– Cəmi 12 dənə bürc var. Bir söz var: Aşığın sözü qurtaranda “dalay-dalay” deyər. Astroloqlar 12 dənə bürcdən danışıb qurtarandan sonra başlayırlar sual verməyə.
Hansı saatda, hansı tarixdə doğulmusunuz?
Mən sizin vasitənizlə astroloqlara öz hörmətimi bildirirəm. Amma nəzərə çatdırmaq istəyirəm ki, doğum tarixini və doğum saatını hesablayan elmə numerologiya deyilir. Ona görə məsləhət görərdim ki, bürclərdən danışıb, yola versinlər. Dərinə getmək onlarlıq deyil.
Astrologiya barədə adi bir misal gətirim. Məsələn, bürclər deyir ki, 24 aprel 2022-ci il şir bürcləri üçün gözəl gündür. Burda bir məsələ var. Bəşəriyyətdə şir bürcündən olan “N” qədər insan var. Eyni tarix necə bütün şirlərə yaxşı ola bilər?
Amma numerologiya deyir ki, 7 avqust 2001-ci il, adında 5 hərf olan və qadın cinsə məxsus olan şəxsə 24 aprel tarixi yaxşı gündür. Yəni hər insanın özünə uyğun günü var.
Bürclər ümumi xüsusiyyətlərdən danışır.
– İnsanlar öz uğurlu, ona enerji verən rəqəmini necə təyin edə bilər?
– Bunu insanlar özü təyin edə bilməz. Onda hamı numeroloq olardı. İnsanın enerjisi hesablanandan sonra bilmək olar. İnsanın pin kodu, deltası (yəni ruhunun rəqəmi) hesablanır. Buna nəzərin insanın rəqəmi tapılır. Həmin rəqəm həm telefon, həm maşın, həm mənzil nömrəsi üçün nəzərdə tutulur.
Bir insanın rəqəminin hesablanması 40-45 dəqiqə çəkir.
– Maraqlıdır, Xəyal bəy, bu elmi haradan öyrənmisiniz? Necə oldu ki, marağınız yarandı?
– İxtisasım hüquqşünasdır. 43 yaşım var. Bakıda azərbaycanlı müəllim ailəsində doğulmuşam.
Bu elmi öyrənmək üçün qərar verməmişdim. 1995-ci ildə humanitar sinfi bitirdim. Texniki elmləri xoşlamırdım. Daha sonra Hüquq fakültəsini bitirdim.
Bir müddət sonra dostumun yanına Avropaya getdim. Təsadüfi zərurət nəticəsində dostum orda mənim bir numeroloqla tanış etdi. O mənim rəqəmimi hesabladı. Mənim müəllimim oldu.
Həmin insan mənə təklif etdi ki, numeroloq məktəbində təhsil alım. Amma onu qeyd edim ki, həmin məktəbə hər istəyən şəxs gedib sənəd verib oxuya bilməzdi. Ancaq o məktəbin nümayəndəsi səni ora dəvət edə bilərdi.
Həmin şəxs məni dəvət etdi və 2006-cı ildən bütün həyatım dəyişdi. Bu gün lisey yoldaşlarım məni görəndə deyir ki, riyaziyyat dərsindən keçməyən insan indi texniki elmlə məşğul olur.
Heç 2006-cı ildə numerologiya nədi bilmirdim. Həmin məktəbə qəbul olanda biz dünya üzrə 3 minə yaxın tələbə idik. 4 il təhsil müddətində 300-400 nəfərə yaxın tələbə universiteti yarıda qoydu.
4 ilin sonunda imtahan verdik. O qədər tələbənin içərisində cəmi 10 nəfər imtahandan keçdi. Yığdığım bala görə 10 nəfər içərisində 6-cı sırada dururam.
Bu gün dünyada 79 numeroloq var. Bu ilin may ayında həmin universitetdən imtahandan keçən 10 nəfər bizim aramıza qəbul olacaq. O zaman olacağıq 89 nəfər. 2026-cı ildə yenidən 10 nəfər gələcək və stabil say olaraq 99 qalacağıq. Bundan artıq aramıza heç kim daxil olmayacaq.
– Niyə 99?
Ardı var…