“Şuşaya səfərim məni ayrıca qürurlandırır” – Əbdülqədir Xəlil

“ƏL HƏRİR” İPƏK YOLU BEYNƏLXALQ MEDİA ŞƏBƏKƏSİNİN BAŞ REDAKTORU ƏBDÜLQƏDİR XƏLİL: “AZƏRBAYCANIN APARDIĞI HAQLI MÜBARİZƏYƏ DƏSTƏK VERMƏK MEDİANIN BORCUDUR”

Müsahibimiz “Əl Hərir” İpək Yolu Beynəlxalq Media Şəbəkəsinin baş redaktoru, Ərəb Jurnalistləri Federasiyasının Əlcəzair şöbəsinin rəhbəri Əbdülqədir Xəlildir. Onunla tanışlığımız Azərbaycanın Vətən müharibəsi dövrünə təsadüf edir. Həmin dövrdə biz düşmənlə yerli və xarici media portallarında, eyni zamanda sosial şəbəkələrdə informasiya mübarizəsi aparırdıq. Bu səbəbdən xaricdən hər hansı bir şəxsin Azərbaycanın haqq davasını anlaması,  dəstək verməsi çoxumuzun diqqətini çəkirdi. Əlcəzairli jurnalist həmkarım da belə şəxslərdən idi. O, hadisələrə baxışı, düzgün təhlili və Azərbaycana qarşı dostyana münasibəti ilə seçilirdi. Onun baş redaktoru olduğu xəbər portalında müharibə və ondan sonrakı dövrdə də mütəmadi olaraq Azərbaycan haqqında təhrif olunmayan materiallar və azərbaycanlı jurnalistlərin məqalələri yayımlanıb.

Ərəb Jurnalistləri Federasiyasının Əlcəzair şöbəsinin rəhbərinin bu illin mart ayında ölkəmizə səfəri baş tutdu. Onunla söhbətimizi təqdim edirik.

***

– Azərbaycan deyəndə bura ilə bağlı ilk nəyi xatırlayırsınız?

– Əvvəlcə bu söhbətə görə sizə təşəkkür etmək və gözəl ölkənizə səfərimdən məmnun olduğumu bildirmək istərdim. Azərbaycan gözəl və təmiz ölkədir. Mehriban Azərbaycan xalqının isti qarşılaması və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan adını eşidəndə dərhal azərbaycanlı dostum “Əhməd Bayramov” yadıma düşür. Hansı ki, onunla otuz ildən çox dostluğum və qardaşlığım var. O, Sovet İttifaqının dağılmasından iki il əvvəl Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə tələbə olarkən tanış olduğum yaxın dostumdur. Bizim dostluğumuz bu günə qədər davam edir. Onunla 30 illik ayrılıqdan sonra Bakıda görüşməyimə çox sevindim. Həmçinin, Azərbaycan deyəndə həmişə görməmişdən əvvəl sevdiyim “Paytaxt Bakı” şəhərini də xatırlayırdım. Mən onun gözəlliyinin cazibəsi haqqında çox eşitmişəm. Eləcə də tarixi Şuşa şəhərini xatırlayırdım, hansı ki, bir gün ora ziyarət etməyi xəyal edirdim.

– Azərbaycanın işğal edilən torpaqlarını azad etmək  uğrunda müharibəsini necə qiymətləndirirsiniz?

– Təbii ki, müsbət qiymətləndirirəm. Azərbaycan otuz ildir ki, amansız erməni işğalı altında olan torpaqlarının azad edilməsi uğrunda haqq mübarizəsi apardı. Ədalətli, humanitar məqsədlərə dəstək olmaq, müstəmləkəçiliyi qəbul etməmək, həqiqətləri dünya ictimaiyyətinə  çatdırmaq üçün çalışmaq, Azərbaycanın apardığı haqlı mübarizəyə dəstək vermək medianın da borcudur.

 – Bu Azərbaycana ilk səfəriniz idi?

– Bəli. Ölkənizə səfər fürsəti əldə etdiyim üçün çox şadam, bu, mənim üçün gerçəkləşən bir xəyaldır. Bu səbəbdən məni səfərə dəvət edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür və salamlarımı çatdırıram.

– Səfəriniz zamanı Qarabağın göz bəbəyi Şuşaya da getmə şansınız oldu. Təəssüratlarınız necədir?

– Mədəniyyət və incəsənət şəhəri olan tarixi Şuşaya və Azərbaycanın tarixini və orijinallığını ifadə edən Qarabağ bölgəsinə səfər etmək məni çox həyəcanlandırdı. İnanın, özümü bu tarixi yerlərin içində tapan zaman keçirdiyim dərin hissləri sözlərlə təsvir edə bilmirəm. Hansı ki, buralar Qəhrəman Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində mənfur erməni işğalından azad edilib. Azərbaycan Ordusu 44 gündə İkinci Qarabağ müharibəsinin qalibi oldu. İcazə verin, buradan bu böyük qələbə və xoşbəxtlik münasibətilə sizə, ümumilikdə Azərbaycan xalqına və onun qeyrətli lideri Prezident İlham Əliyevə bir daha təbriklərimi və xeyir-dualarımı çatdırım. Azərbaycanın daha da inkişaf və tərəqqisini, işğaldan azad edilmiş ərazilərin yenidən öz şöhrətini, parlaqlığını bərpa etməsini arzulayıram. Bu torpaqlar tezliklə bütün dünya üçün turizm və mədəni məkana çevrilsinlər.

– Şuşada sizə ən çox təsir edən məqam hansı oldu?

–  Sənətin, şeirin, musiqinin beşiyi olan Şuşa şəhərinə səfər edəndə qəribə və gözəl bir hiss keçirdim. Mən deyərdim ki, bu şəhər Qarabağ bölgəsinin incisdir. Şuşa tarixi-mədəni zənginliyi və təbii gözəlliyi ilə buranı ziyarət edənlər, xüsusən əcnəbilər üçün sanki görünən və mənə hiss edilən bir simvoldur. Yadımdadır ki, bir şəkil yayımlanmışdı, həmin şəkildə Şuşadakı bir çox tarixi yerlər əks olunmuşdu. Şəklə baxanda ermənilərin bu yerləri vəhşicəsinə dağıtmasına çox təəssüflənmişdim. Daha sonra Şuşaya getməyim, orada olmağım məni çox sevindirdi. Həmçinin bilirəm ki, 2021-ci il Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Eyni zamanda ölkənizdə 2022-ci il – “Şuşa İli” kimi təsdiqlənib. 2023-cü il üçün isə  Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Bu üç hadisə məni Şuşaya səfər etdiyim üçün ayrıca qürurlandırır və sevindirir. Hansı ki, Şuşa sevdiyim və ürəyimin bağlı olduğu məkandır. Şuşanın tikinti, abadlıq və yenidənqurma işlərindən sonra necə parıldadığını öz gözlərimlə görmək üçün yenidən ora baş çəkməyə ümid edirəm.

– Ölkəmizə səfəriniz zamanı Bakıda konfransda da iştirak etdiniz. Sizcə bu tip konfransların ölkələrimiz arasındakı informasiya münasibətlərinin inkişafına nə dərəcədə təsiri  olacaq?

– ADA Universitetində təşkil olunan konfrans olduqca faydalı idi. Dostluq münasibətlərinin və ideyaların möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün ən yaxşı imkanlar fikir və məlumat mübadiləsi apardığımız seminarlar və konfranslar vasitəsilə baş tutan görüşlərimizdir. Hesab edirəm ki, Azərbaycan mediası ilə digər ölkələrdə, xüsusən də ərəb ölkələrində (və bizim ölkələrimiz Azərbaycan və Əlcəzair arasında) media sahəsində əməkdaşlıq sazişlərinin bağlanması iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə vermək üçün qaçılmaz zərurətdir. Bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verməklə yanaşı, təcrübə mübadiləsi aparmaq və bütün dünyada ictimaiyyətinin rəyinə düzgün məlumat ötürmək məqsədi ilə edilməlidir.

Mənim ölkəm Əlcəzair Azərbaycanın dostudur və onların bir çox sahələrdə əməkdaşlıq əlaqələri var. Ümid edirəm ki, onlar arasında tezliklə neft, enerji, turizm və digər sahələrdə əməkdaşlıq müqavilələri də bağlanacaq.

Son olaraq bütün hökumətlərə və beynəlxalq təşkilatlara müraciət etmək istərdim ki, Azərbaycanı haqlı tələblərində dəstəkləsinlər, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımını tanısınlar, Ermənistana öz cinayətlərinin əvəzini ödəmək üçün təzyiq göstərsinlər. Həmçinin, Ermənistan tərəfi işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minaladığı sahələrin xəritəsini düzgün təqdim etsin ki, o yerlərin doğma sakinləri sülh və əmin-amanlıq içində yurdlarına qayıtsınlar. Hesab edirəm ki, Ermənistan işğalından azad edilmiş ərazilərin yenidən qurulması üçün hökumətlər və beynəlxalq təşkilatlar da Azərbaycana maddi dəstək verməlidir.

Zaman ayırıb sualları cavablandırdığınız və səmimi söhbət üçün təşəkkür edirəm.

–  Mən də təşəkkür edirəm, “525-ci qəzet”ə və sizə fəaliyyətinizdə uğurlar arzu edirəm!

Afaq RZA

525.az