“Azərbaycan erməni separatçılarını qazla təmin etməməlidir və etməyəcək” – Nigar Arpadarai

“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyan Bəyanatın imzalanmasından bir ildən çox vaxt keçir. Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir hissəsini hələ də yerinə yetirməyib”.

 

Kanal32.az Ednews-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai öz Facebook səhifəsində yazıb. Millət vəkili sözügedən öhdəliklərə sülhməramlı qüvvələrin məsuliyyət zonasında hələ də erməni silahları və əsgərlərinin olduğunu, Ermənistanın Azərbaycan üçün Naxçıvana dəhlizi təmin etmədiyini, azərbaycanlıların hələ də Xocalıya və Azərbaycanın digər yaşayış məntəqələrinə qayıtmadığını nümunə gətirib.
“Bundan əlavə, hərbi cinayətkarlar Arayik və Vitali Balasanyan hələ də Xankəndində “ağalıq” edirlər, yerli erməni əhalisinin arxasında gizlənir, diaspora yardımlarını oğurlayırlar. Bir qrup xırda fırıldaqçılar və hərbi cinayətkarlar özlərini hökumət kimi göstərirlər, yeganə məqsəd onların qalıqları Soçi və Qlendeyl ətrafına səpələnməzdən əvvəl daha çox oğurluq etmək, Qarabağın sadə erməni sakinlərini heç nəsiz buraxmaqdır.
Azərbaycan isə bütün bu müddət ərzində çox səbirli olub, öhdəliklərini yerinə yetirib və təxribatlara təmkinlə reaksiya verib. Bunun arxasında, heç şübhəsiz, onu seçdiyi kursdan – Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən heç kimin döndərə bilməyəcəyini dəfələrlə sübut edən möhtərəm Prezidentimizin strateji və uzunmüddətli baxışı dayanır”.
N. Arpadarai qeyd edib ki, bu müddət ərzində Xankəndinə Ermənistan və Fransadan bir neçə təxribat xarakterli səfərlər təşkil olunub.
“Onların məqsədi “DQR”in müəyyən subyektivliyini nümayiş etdirmək idi. “DQR rəsmiləri” mütəmadi olaraq bəyan edirlər ki, “DQR” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Eyni zamanda, bu ritorikanın İrəvanla razılaşdırıldığı da göz qabağındadır.
Həmçinin, Paşinyan özü də “DQR” mövzusundan yayınır və qeyri-müəyyən eyhamlara keçir ki, Ermənistan artıq bu məsələni ərazi mövzusu hesab etmir. İndi onun üçün bu, “hüquq məsələsidir”. O, açıq-aydın xalqların öz müqəddəratını təyinetmə hüququnu, ermənilərin ənənəvi olaraq ayrılma hüququ kimi şərh etdikləri beynəlxalq hüquqi prinsiplərdən birini nəzərdə tutur. Hansı ki, düzgün deyil. İstər erməni, istərsə də Azərbaycan xalqı çoxdan öz ərazilərində öz müqəddəratını təyin edib”.
Deputat bildirib ki, Ermənistan taktikasını dəyişib, amma məqsədini dəyişməyib.
“Məqsəd isə eynidir – qonşulara qarşı ərazi iddiaları. Eyni zamanda, Ermənistanın bu gün sadəcə olaraq bu məqsədə nail ola bilmədiyini dərk edərək, biz Ermənistanın mövqeyini aydın başa düşməli və ona uyğun hərəkət etməliyik, çünki bu mövqe regionda sülh üçün əsas təhlükədir.
“DQR” rejiminin və ordusunun qalıqlarını saxlamaq və gücləndirmək məqsədi daşıyan Ermənistanın birbaşa və dolayı yardımı Azərbaycana qarşı düşmən addımlarıdır”.
O, həmçinin paylaşımında qeyd edib ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı qüvvələrin məsuliyyət zonasına qaz nəqli bunlardan biridir.
“Azərbaycanın son aylarda bu çatdırılmalara müdaxilə etməməsi humanitar və texniki mülahizələrlə izah olunur. Azərbaycanın Qarabağ bölgəsinin erməni millətindən olan mülki şəxslərin isti evlərdə normal və təhlükəsiz yaşamaq hüququ var. Lakin Azərbaycan Ermənistanın ərazisində olan silahlı separatçıların davamlı dəstəyinə göz yummağa məcbur deyil və göz yummamalıdır da. O cümlədən qaz tədarükü məsələsində. Azərbaycan bu gün Üçtərəfli Bəyanatın müddəaları çərçivəsində məsələn, Ermənistan və Azərbaycanın sülhməramlılar olan ərazisi arasında təhlükəsiz quru əlaqəsini təmin etməklə fəaliyyət göstərir. Həmçinin sülhməramlı kontingentin normal fəaliyyəti təmin edilir. Lakin Azərbaycan qaz kəmərinin işləməsini təmin etmək öhdəliyini üzərinə götürməyib. Deməli, onun işinə icazə verib-verməmək məsələsi Azərbaycanın qərarıdır. Eyni zamanda, hökumətimiz müəyyən şərtlər daxilində humanitar mülahizələri rəhbər tutaraq müəyyən bir həcmə icazə verə bilər. Məsələn, mülki əhali və sülhməramlı kontingent üçün lazım olan qədər. Eyni zamanda, bu qazın necə istehlak edildiyinin monitorinqini aparmaq lazımdır. Birincisi, istifadəçilərin siyahısını və sayını, eləcə də istifadəçilər üçün məqbul kvota müəyyən etməklə. Axı, Azərbaycan erməni əsgərlərini və silahlı separatçılarını qazla təmin etməməlidir və etməyəcək. Bundan əlavə, bu mexanizm ağlabatan müddətə malik olmalıdır”.
Millət vəkili həmçinin vurğulayıb ki, əvvəlcədən müəyyən edilmiş ağlabatan müddət ərzində sülhməramlılar olan zanoda istifadəçilərin abonent kimi Azərbaycanın qazpaylayıcı sisteminə, eləcə də digər ictimai xidmətlərə qoşulması təmin edilməlidir.
“Mülki vətəndaşlar üçün bu, heç bir problem yaratmayacaq, lakin biz yaraqlılara xüsusi əhəmiyyət verməməliyik və onların nə düşündüyü bizi maraqlandırmır.
Heç bir tərəddüd etmədən müvafiq orqanlarımız bunu elan etməlidir. Çünki, erməni mediasının ümumdünya hayqırtısına və isterikasına baxmayaraq, bu mövqe ədalətli, qanuni və Azərbaycanın öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə tam uyğundur”.