Azərbaycanın Küveytdəki səfirliyi və diaspor təşkilatı Novruz bayramı şənliyi təşkil ediblər

Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti” ilə birgə Novruz bayramı münasibətilə tədbir keçirib. AZƏRTAC xəbər verir ki, bayram tədbirində Küveytdə yaşayan soydaşlarımız və Küveyt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin illər öncə Novruz bayramı ilə bağlı keçirilən tədbirdə ifadə etdiyi “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə…” arzuları artıq gerçəkləşib.

Çıxışlarda Ümummilli Liderin və bütövlükdə xalqımızın bu arzusunu yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə, müzəffər Ordumuza bir daha təşəkkür ifadə olunub və şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

Tədbirdə icma nümayəndələrinin azərbaycançılıq ideyasına söykənərək, həmişə milli birlik və vətəndaş həmrəyliyi ilə ölkəmizi layiqincə təmsil edəcəklərinə əminlik ifadə olunub.

Azərbaycan bayrağı və səmənilərlə bəzədilmiş zalda keçirilən bayram tədbiri iştirakçıları milli musiqimizin sədaları altında rəqs ediblər.