Bayramlaşma, yaxud bayram haqqında yazı-FOTO

Azərbaycan folklorunda, yazılı ədəbiyyatında Bahar bayramı- Novruz ilə bağlı qədim əsatirlər, miflər, tədqiqatlar mövcuddur.

Bu bayramın məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Hər bir xalq Bahar bayramıyla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun özünəməxsus mövsüm nəğmələri, mərasim nəğmələri, rəqslər yaratmışlar.

Azərbaycanda adətə görə Bahar bayramında göyərdilən səməni yazın, baharın gəlişinin, təbiətin canlanmasının, torpağın oyanışının, əkinçiliyin rəmzidir.

Evdar xanımlar səməni göyərtməklə ailəsində və yurdunda yeni gələn ilin bərəkətli olmasını, bolluq, firavanlıq gətirməsini arzulamışlar. Bayrama dörd həftə qalmış hər çərşənbə axşamı və bayram gecəsi tonqal qalamaqla, tonqaldan atlanıb (“ağırlığım-uğurluğum odda yansın!”), mahnı oxumaqla oda, atəşə, günəşə olan etiqadlarını, inamlarını ifadə etmişlər.

                                                                Novruz tonqalı

 Qədim mifik təfəkkürə əsasən Tanrı ilk insanı – Adəmi torpaqdan yaratmışdır. Torpağa birinci su qatmış, ondan insan düzəltmiş, onu günəşin odu ilə quruduqdan sonra, öz nəfəsindən ona nəfəs vermiş və “Ol!” demişdir və beləliklə də insan yaranmışdır. Beləcə, insanlar yazın gəlməsini bu şəkildə izləmiş, Novruzun ilk çərşənbəsi torpaq çərşənbəsi, sonra su çərşənbəsi, sonra od çərşənbəsi, nəhayətdə yel çərşənbəsi kimi Azərbaycanda qeyd edilmişdir. Bəzən bu ayinlər düzgün keçirilmir, müasir alimlərin müxtəlif mübahisələri üzündən çərşənbələrin yeri dəyişik deyilir, amma bütün bunlarla yanaşı bayram öz gözəlliyi ilə hər il keçirilir.

Bunlar hələ lap islamdan əvvəl baş vermişdir və Qədim Şərq ənənəsinin davamı kimi qəbul edilmişdir. Hətta, Zərdüştlüyün müəyyən əlamətlərini özündə ehtiva etdirsə də, Zərdüştlükdən də əvvəl mövcud olduğu güman edilir.

Bahar bayramını alimlər elmi cəhətdən belə əsasladırmışlar ki, şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə ilə gündüzün bərabərliyi (21-22 mart), yeni ilin gəlişi ilə müşaiyət olunur. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qazxistan, Qırğızıstan və bəzi başqa Şərq xalqları yeni ilin gəlişini şənliklə, mərasim və ayinlərlə qarşılamışlar. Martın 21-i hal-hazırda Əfqanıstanda və İranda rəsmi təqvimin ilk günü sayılır.

Novruz bayramı-(Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı; farslarda نوروز – Noruz, özbəklərdə Navruz, türkmanlarda Nowruz, kürdüstanda Newroz, qazaxlarda Naurız, qırğızlarda Nooruz, türklər Nevruz, krım tatarlarında Navrez) — yazın gəlişini simvolizə edən qədim xalqların bayramıdır.

Bu bayramı ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahı Kəyumərs, “Avesta”da Qaye Mərdan, Cəmşid və başqaları) adları ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiyaya yayıldıqdan sonra (“no rüz-yeni gün”) Novruz adlandırılan Bahar bayramını tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirmək istəmişlər. Şiəlik ideoloqları sonralar belə bir fərziyyə uydurmuşlar ki, Novruz bayramı guya 4-cü xəlifə Əlinin hakimiyyətə gəldiyi (656-661) günlə əlaqədardır. Halbuki Həzrət Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz bayramı isə hər il yazda keçirilmişdir.

                                     Qulaq falı

Əslində xalqın Novruz bayramı ilə əlaqədar keçirdiyi mərasimlər islam dini ehkamları ilə bağlı deyildir. Əksər xalqlar, o cümlədən də azərbaycanlılar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları  (küsülülərin barışdırılması, bayramlaşma, qapıpusdu-qulaqfalı,kosa-kosa, baca-baca-papaqatdı) indiyədək yaddaşlarda yaşatmış və davam etdirilməkdədirlər.

Azərbaycanda Novruz martın 20-də başlayır, 4-5 gün davam edir, uşaqlar qapı döyüb papaq atırlar, ev xanımları papaqlara bayram payı qoyurlar. Hər evdə şirniyyatlar və bayram aşı bişirilir, qonşulara pay verilir, qohumları, yaşlı insanları dedib görür , doğmalar, dostlar bir-birinin evinə qonaq olur, bayramlaşırlar. Nişanlı qızı olan evlərə bayram sovqatı aparılır, nişanlı oğlanlar dostları ilə qız evinə “ayaqaçdı”ya çağırılır.

Orta əsr müəllifləri Şərq ölkələrində islam dini yayıldıqdan sonra da Novruz bayramında yaz əmək ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu yazmışlar. Tarix, etnoqrafiya, coğrafiya, fəlsəfə və digər elmlərin mahir bilicisi Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni əl-Xarəzmi  (XI əsr) Novruz haqqında yaranmış müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən söhbət açmışdır. Bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramını təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyavi bayram olduğunu  qeyd etmişdir.

Şərqin klasiklərindən olan Nizam-ül-Mülk (XI əsr) “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi söhbət açılmışdır.

  1. Nərimanov Novruz bayramının islamdan əvvəl yaranmış ümümxalq bayramı olduğunu qeyd etmişdir. Klassik şairlər “Bahariyyə”lər, “Baharnamə”lər yaratmışlar.

Şah İsmayıl Xətainin “Dəhnamə” poemasının bahariyyə hissəsində, Yusif  Vəzir Çəmənzəminli “Qan içində”  romanında, İsmayıl Şıxlı “Dəli Kür” romanında (eyniadlı filmdə), Yusif Səmədoğlunun ssenarisi ilə çəkilmiş “Yeddi oğul istərəm” filmində  və başqa klassiklər öz əsərlərində Novruz bayramında icra olunmuş ayinlər  haqqında, ayinlərin icra qaydaları haqqında ətraflı yazmışlar. Baharın gəlişi elə ilk olaraq torpağın dirçəlişi, oyanışı deməkdir, çüçərti deməkdir.

Folklorşünas alimlər-Səlman Mümtaz, Hənəfi Zeynallı, Vaqif Vəliyev, Mürsəl Həkimov, Azad Nəbiyev, Bəhlul Abdulla, Məhərrəm Qasımlı və başqaları Novruz bayramını xalqın ulu keçmişindən doğan və bu günümüzə qədər gəlib-çatmış xalq bayramı kimi təbliğ etmişlər.

Evlərdə xanımlar müxtəlif şirniyyatlar (qoğal, şəkərbura, şirinçörəklər, fəsəli, paxlava), plov bişirərlər, rənbərəng yumurta boyanar, məcməyi və sinilərdə xonça bəzənər, süfrəyə səməni qoyular, ailə üzvlərinin sayı qədər şam yandırılar,

Qoğal, Şəkərbura,Paxlava,Şirinçörək,Rəngbərəng boyanmış novruz yumurtaları,Novruz şamı…

Mərhumların xatirəsi anılar, qonşular, qohumlar bir-birlərinə bayram aşı və şirniyyatlar göndərərlər. Bayram xonçasında 7 adda “s” hərfi ilə başlanan nemət (səməni, su, süd,səbzi, simuzər balığı, sırqa, sikkə) qoyular. İl, ay, gün təzələndiyi üçün hamı təzə paltar geyinər, bəzənib süfrə başında oturar, ancaq yaxşı sözlər danışarlar. Qədimdə aşıqlar Bahar bayramına nəğmələr qoşar, eldə-obada bayram şənliyidüzənlənər, igidlər cıdıra çıxar, qız-gəlinlər əlləri xınalı şərbət paylayar, ağsaqqallar qalib gələnə nəmər verər, körpələrə şirniyyatlar paylanar, təzə köynəklər geydirilər, oğlan və qızlar yallı gedərdilər.

                               Aşıq Mikayıl Azaflı

Novruz bayramı qabağı analar, qızlar evdə, atalar, oğullar həyətyanı sahədə təmizlik aparar, paltarlar, xalı-xalçalar təmizlənər,  bütün qablar, zəruri məişət əşyaları suya çəkilər, ana su çərşənbəsində bulağın gözündən suyu götürüb evə-həyətə, evdə yatanların üzərinə səpərlər. Kişilər ağac əkər, yeni ev tikmək istəyənlər daş tökər, him atarlar, tarlalarda səpinlər başlayar, divarlar ağardılardı.

Azərbaycan xalqı qədim ənənələrini hər zaman yaşatmış, hələ sovetlər dövründə bu mərasimləri aşkar-gizli keçirmişlər. Azərbaycanın ziyalıları, alimləri zaman-zaman Novruz bayramı haqqında yazmış, demiş, bu qədim ənənəni itməyə qoymamışdılar.

Şıxəli Qurbanov

Keçmiş sovet dönəmində Azərbaycan Mərkəzi Komitəsinin katiblərindən biri filoloq-alim, şair, yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət rəhbəri və ictimai xadim Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra, sovet idealogiyasının qılıncdan da,kəsərli olan zamanında, 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Qoca, yaşlı şəhər əhlindən, Universitetdə  yaşlı müəllimlərimdən eşitdiyimə görə Qoşa qala qapısında, Qız qalasında böyük camlarda qırmızı lentli səmənilər qoydurmuş, Azərbaycanın hər tərəfində Novruz bayramı şənliklərinin açıq-aşkar keçirilməsinə imkan yaratmışdır. Onun davamçısı kimi tanınan İman Mustafayev də Novruz bayramının təmtəraqla keçirilməsinin təbliğatçılarından olmuşdur. Xalq Yazıçısı Mirzə İbrahimov da hakimiyyət kürsüsünə sahib olan zamanlarda Novruz bayramının təntənə ilə keçirilməsinə şərait yaratmışdır.

-1967-ci ildə Bakıda keçirilmiş Novruz şənliyinin simvolik bahar qızı Səfurə İbrahimova

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, isə müharibə, şəhid itkilərinin, torpaq itkilərinin tüğyan etdiyi dövrdə də Novruz bayramı geniş şəkildə qeyd olunmuşdur.Xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramını xalqımızın milli bayramı kimi rəsmiləşdirmişdir. Onun prezidentliyi dövründə də xalqımız bu bayramı böyük coşqu ilə keçirmişdi. İndi, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə  hər il Novruz bayramı haqqında xüsusi şənliklər keçirilib,  Suraxanıdakı Atəşgahdan öz odunu götürən bayram məşəli rəmzi olaraq,  şəhərin müxtəlif tarixi yerlərindən keçərək, öz alovunu Azərbaycanın hər yanında bütün şölələnən tonqallara paylayır. Ölkədə rəsmi bayram günü elan olunub, qeyri-iş günləri kimi qeyd edilməkdədir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycabnın Birinci-vitse prezidenti  Mehriman xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti və Novruz bayramı qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib.

Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq “Novruz Günü” elan edilib və UNESCO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil olunub.  Artıq Novruz on iki ildir ki, dünya xalqları tərəfindən keçirilir.

Qarşıdan 2022-ci ilin Novruz bayramı gəlir. Sabah il-axır çərşənbədir. Bu bayramın müjdəsi daha əziz, sevinci daha çoxdur! Biz artıq 2 ildir ki, Qalib Xalqın övladı olaraq Novruzumuzu qeyd edirik. 30 il əsarətdə olan torpaqlarımızın 20 faizi mənfur qonşularımızın çaynaqlarından qoparıldı! Müzəffər Ali Baş Komandan və Qalib Əsgərlərimizin 44 günlük Zəfər Savaşı zamanı biz düşmən tərəfindən zəbt edilmiş yurdumuzu azad elədik. 2020-ci il sentyabrın 27-də başlanan haqq savaşımız 2020-ci il noyabrın 10-da Zəfərlə nəticələndi! Ümid edirəm ki, 2023-cü ilin Novruz bayramında bütün zorla bizdən alınan torpaqlarımızda da bayram tonqalları alışdırılacaq! Atəşgahdan götürülən odla Cıdır düzündə, Göyçədə, Borçalıda, Dərbənddə, Təbrizdə tonqallarımız alışacaq, şölənimiz başlayacaq, kosa-kosa, qodu-qodu, meydan tamaşaları, cıdırlar keçiriləcək, bayram şərbətləri içiləcək, bayram şirniləri paylanacaq, bayram şənlikləri qurulacaq, İNŞƏALLAH, AMİN!!!.

Zərəngiz Dəmirçi Qayalı,

Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı