Əməkdar jurnalist:”…ermənilər köklü etnos kimi mövcud olmayıblar”

Avropa Parlamentinin bu günlərdə Azərbaycana qarşı qəbul etdiyi qətnamənin adı belə siyasi etikadan çox uzaq, hətta deyərdim ki, savadsız mövqenin bariz nümunəsidir. Bu ədalətsiz profanasiyanın sərlövhəsində “Dağlıq Qarabağ” sözünün yazılması qərəzli və məkrli yanaşma ilə bərabər, həm də qətnamənin lehinə səs vermiş 635 nəfərin beynəlxalq hüquq normalarından xəbərsiz olmalarının, yaxud bu normalardan özlərinə sərf edən tərzdə istifadə etmələrinin təzahürüdür. Erməni yalanları “fabriki”nin təsiri altıda olan bu şəxslər düşünürlər ki, onları birləşdirən xristian dəyərlərini müdafiə edirlər. Onlar bilmirlər ki, Qafqazda və Qarabağda qədim erməni irsi olmayıb və ola da bilməz. Çünki 20-ci əsrin əvvəlinədək Qafqazda Ermənistan adlı ölkə olmayıb. Alimlər sübut ediblər ki, Qarabağda və ətraf rayonlarda yerləşən dini abidələr erməni kilsələri deyil, Qafqaz Albaniyasına aid məbədlərdir. Məhz bu səbəbdən qətnamənin preambulasında erməni tərəfinin iddia etdiyi bəzi kilsə və başqa tarixi abidələrin adları çəkilsə də, sənədin qərar hissəsində ayrıca və konkret olaraq heç bir abidənin adı çəkilmir.

Kanal32.az xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri, əməkdar jurnalist Şəlalə Həsənova deyib.

Onun sözlərinə görə, Qarabağda yeganə erməni abidəsi “Marağa -150” olub ki, onun da açılışını erməni icması 1978-ci ildə İrandan Qarabağa köçürülmələri münasibətilə Tərtər rayonunun Şıxarx qəsəbəsində təntənəli şəkildə keçirmişdi. Yəni, 1978-ci ilə qədər Qarabağda yaşayan ermənilər özləri rəsmi etiraf edirdilər ki, onlar bu ərazilərdə köklü əhali deyillər. Bu halda onların həmin ərazidə qədim abidələri necə ola bilər?

“Avropa siyasətbazlarına çatdırmalıyıq ki, nəinki Qarabağda, heç bugünkü Ermənistanın özündə də ermənilər köklü etnos kimi mövcud olmayıblar. Onların beyninə həkk olunmalıdır ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1920-ci ilin noyabrında yaranıb. Yeni yaradılmış Ermənistan SSR-in yurisdiksiyasına İrəvan quberniyasının altı rayonu, habelə Gürcüstanın sərhədyanı rayonları və Türkiyədən ilhaq edilmiş Amasya bölgəsi verilib. 1920-ci il dekabrın 1-də Zəngəzur və Naxçıvan qəzalarının ümumi sahəsi 9800 kvadratmetr olan əraziləri sovet Ermənistanının tərkibinə keçirilib. 1922-ci ildə Azərbaycan Dilicani və Göyçəsi erməniləşdirilib. 1960-1980-ci illərdə Ermənistan SSR Gədəbəy və Qazax rayonları istiqamətində Azərbaycan torpaqları hesabına öz ərazisini yenidən genişləndirib. Budur acınacaqlı statistika. Bunun fonunda erməniləşdirilmiş ərazilərdə məhv olunmuş Azərbaycan abidələrinin fəryadı ürək parçalayır. Məsələn, Avropa akademik mühitində sayılıb-seçilən tarixi əsərdə – Övliya Çələbinin “Səyahətnamə”sində qeyd olunur ki, İrəvan qalası Cənubi Qafqazda orta əsr türk memarlığının nadir nümunəsi idi. Qərb parlamentariləri niyə soruşmurlar ki, o qala haradadır? Yəqin bilirlər ki, bu sualı gündəmə gətirmək onlara sərf etməyəcək. Çünki Azərbaycanın orta əsr sivilizasiyasının xatirəsi olan bu qala Ermənistanda yer üzündən silinib. Avropa Parlamentinin ədalətsizliyi bizi, vətəndaş cəmiyyətinin fəallarını, ruhdan salmamalıdır. Əksinə, Qərbin bu məkrli siyasəti biz daha fəal çalışmağa və Azərbaycan həqiqətlərini, əlimizdə olan tutarlı faktları xaricdə fəaliyyət göstərən ictimai birliklər vasitəsilə geniş yaymağa vadar edir”, – deyə Şəlalə Həsənova bildirib.