Koronavirus böhranı ona 24 milyard qazanc gətirdi

139

Koronavirus pandemiyası bütün dünyanı maddi zərərə salsa da bəzilərinin işinə yarayıb. Əksər ölkələrdə tətbiq edilən karantin səbəbindən internet üzərindən onlayn ticarət xeyli genişlənib.

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da yerləşən “Amazon” onlayn alış-veriş şirkətinin səhmləri 5.3 faiz yüksəlib. Buna görə də şirkətin yaradıcısı Ceff Bezosun sərvəti qısa müddətdə 24 milyard dollar artıb. Bezosun şirkət hissələrinin 11 faizinə sahib olduğu bildirilir.

“Bloomberg” milyarderlər indeksində Bezosun sərvətinin 138 milyard dollara çatdığını bildirib.

Artan tələbləri qarşılamaq məqsədilə “Amazon” təkcə ABŞ-da 170 min yeni işçi götürəcəyini bəyan edib.

Digər tərəfdən şirkət son günlərdə əməkdaşlarının sağlığına diqqətli yanaşmamasına görə tənqid edilir.