Prezident təqaüdçüsü ziyalılara səsləndi

137

Azərbaycan Yazıçıllar Birliyinin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu “Kanal32” vasitəsi ilə ziyalılara müraciət edib

Kanal32.az həmin müraciəti olduğu kimi təqdim edir:

Hər birimizə bəlli məsələdir ki, bu gün dünyanı silkələyən məlum bir xəstəlik var və biz də o xəstəlikdən qorunmağa çalışmalıyıq. Bu öz yerində. Bunu bildik! Təbii ki, bu xəstəliklə bağlı dünyanın böyük elm adamları özünün özəl fikirlərini sərgiləyir, ehtimallarını bildirir. Məsələn, politoloq xəstəliyi siyasi, iqtisadçı dünya iqtisadiyyatının durumu, insanların yaşayışı, həkim tibbi baxımdan şərh edir.

Bəs gəlin görək, bizdə necədir. Olduqda acınacaqlı. Acınacaqlı olması da orasındadır ki, istər efir məkanlarında istərsə də mətbu orqanlarda Millət vəkili, iqtisadçı, ədəbiyyatçı, müəllim, hüquqşünas, teleaparıcı, ifaçı, siyasətşünas hamısı məlum xəstəlikdən və onun fəsadlarından tibb işçisi kimi danışır. Hətta bir nəfər kimi xalqa dərs keçir desəm, yanılmaram. Adama deyərlər ay qardaş, ay bacı, ay xanıməfəndi, ay bəyəfəndi hər sahənin öz mütəxəsisi var. Bir imkan verin də!..Başa da düşmək olmur ki, bu şəxslər o hüququ hardan alıb ki, dünyanı qarşında aciz qoyan bir xəstəlikdən və onun fəsadlarından necə deyərlər həkim xalatı geyib asanlıqla danışırlar. Mən demirəm danışmasınlar. Bacarırlar öz sahələrindən çıxış edib şərh versinlər. Dünya praktikasında olduğu kimi.

Yeri gəlmişkən bir nüansı da qeyd edim. Bu gün efirlərimiz də xüsusən sözügedən məsələdə necə deyərlər əndazəni aşıb. Ayıbdı vallah! Müxtəlif ölkələrdə məlum xəstəlikdən ölənlərin necə dəfn edilməsini, hətta insan meyidlərinin necə oda atılıb yandırılmasını xalqa göstərmək nə deməkdi?! Bu psixoloji zədədən başqa heç nə deyil!

Bu boyda qorxunu insanların canına yığmaqla yaxşı nəyi əldə etmək olar axı?! Bir neçə gün öncə tibbi spirtin qəbulundan 5 nəfər zəhərlənib, 4 nəfər ölürsə bu artıq qorxunun həmin məlum xəstəliyi üstələməyi deyilmi?!

Emil Rasimoğlu AYB-nin üzvü, Prezident təqaüdçüsü