3,7 milyon əhalisi olan bu ölkə koronavirusa necə qalib gəldi?

247

Yeni tip koronavirusdan ən az əziyyət çəkən ölkələr sırasında yer alan Gürcüstanın bu uğuru bütün dünyada maraq doğurub.

Kanal32.az  “publika”ya istinadla xəbər verir ki, hər kəs Gürcüstanın koronavirusa qarşı gördüyü tədbirlər haqqında bilgilər axtarmağa başlayıb.

Təsdiqlənmiş 170 yeni tip koronavirus xəstəsi olan ölkədə bu günə qədər 36 nəfər xəstəlikdən sağalıb, 1 nəfər dünyasını dəyişib. Onun da daha əvvəl xroniki xəstəliyi olduğu ortaya çıxıb.

“Emerging Europe” dərgisində yer alan məqalədə 3,7 milyon əhalisi olan Qafqaz ölkəsinin koronavirusu uzaq məsafədə saxlamaq bacarığına və Gürcüstanın sürətli, qətiyyətli qərarlar qəbul etdiyinə diqqət çəkilib.

Tiflis hökuməti ilk koronavirusa yoluxma faktının 26 fevralda İrandan qayıtmış sərnişində aşkarlanmasından sonra hərəkətə keçib. Baş nazir Giorgi Qaxaria həmin gün nazirliklərarası kabinet təşkil edib. Kabinet 24 saat sonra hər nazirliyə koronavirusa qarşı mübarizə tədbirləri təlimatlarını verib. 28 fevralda İtaliyadan qayıdan bir nəfərdə virus aşkarlanandan sonra bu ölkədən gələn uçuşlar dayandırılıb. 29 fevralda 3-cü koronavirus faktı aşkarlandıqdan dərhal sonra ölkə miqyasında məktəblər bağlanıb. Qısa müddət sonra gecə çölə çıxmaq qadağan edilib. Tiflis metrosu daxil, bəzi ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bütün xarici vətəndaşların ölkəyə girişi qadağan olunub. Yük daşımalarından başqa, sərhəddə bütün hərəkət dayandırılıb. 20 martda bütün aviareyslər dayandırılıb. Məqaləyə görə, pandemiya ilə mübarizədə Milli Xəstəliyə Nəzarət Mərkəzinin bir parçası olan Riçard Luqar Xalq Sağlamlığı Araşdırma Mərkəzi də böyük rol oynayıb.