Ər-Riyad Ticarət Palatasında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin səfirləri ilə görüş keçirilib

Ər-Riyad Ticarət Palatasında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Səudiyyə Ərəbistanındakı səfirləri ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin iştirak etdiyi tədbirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Ş.Abdullayev Azərbaycanda mövcud əlverişli investisiya mühiti barədə məlumat verib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində Səudiyyə Ərəbistanı şirkətlərinin iştirakı olduqca mühümdür. Səfir vurğulayıb ki, ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanının ən böyük şirkətlərindən biri – “ACWA Power” ilə Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirilib. Ölkəmizdə digər sektorlar üzrə də geniş investisiya imkanları var.

Görüşdə qeyd olunub ki, Səudiyyə Ərəbistanının İnkişaf Fondu və İslam İnkişaf Bankı Azərbaycanda və Mərkəzi Asiya ölkələrində yeni layihələrin maliyyələşdirilməsini nəzərdən keçirir. Xüsusən, kənd təsərrüfatı, energetika, sənaye sahələrində özəl şirkətlərin əməkdaşlığının vacibliyi vurğulanıb.

Ər-Riyad Sənaye Palatasının Direktorlar Şurasının sədri Əclan Əl-Əclan qeyd edib ki, Səudiyyə Ərəbistanının böyük şirkətləri Azərbaycanda və Mərkəzi Asiya ölkələrində yeni layihələrin həyata keçirilməsinə maraq göstərirlər. O, həmçinin ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.