Əlcəzair portalı Şuşa Bəyannaməsi haqqında məqalə yayıb

Əlcəzairin “Əl Hərir” portalında Türkiyə və Avrasiya üzrə tədqiqatçı, suriyalı həkim Muxtar Fatih Beydilinin “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrinin tarixində ən qiymətli sənəd kimi qiymətləndirilib. Müəllif qeyd edib ki, siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığı gündən-günə inkişaf etdirən Türkiyə və Azərbaycan liderləri dünyada ən nümunəvi və möhkəm əlaqələr qurublar. Rəsmi Bakı və Ankara BMT-nin Nizamnaməsinə uyğun şəkildə qlobal və regional miqyasda sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfələr verir. Bu mühüm sənədin Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərində imzalanması həm də türk dünyası üçün böyük əhəmiyyət daşıyır.

Məqalədə Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşa, onun bəşər mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında ətraflı məlumat verilib. M.Beydili qeyd edib ki, erməni işğalçıları bu şəhərdə İslam irsi nümunələrini, məscidləri dağıdıblar. İkinci Qarabağ müharibəsi zamanı azadlığına qovuşan Şuşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, iki qardaş ölkə arasında əlaqələrin gələcək yol xəritəsinə çevrilib.