Qaz İxrac edən Ölkələr Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Katibliyi Doha şəhərində yerləşən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yeni təyin olunmuş Baş katibi Məhəmməd Hamel Azərbaycanın Qətərdəki səfirliyində olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov GECF-in Baş katibi Məhəmməd Hameli yeni təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

GECF-in Baş katibi qaz hasilatı və təchizatında Azərbaycanın böyük təcrübəsi və mühüm rolunu qeyd edərək, ölkəmizin forumun vacib iştirakçılarından biri olduğunu bildirib.

Görüşdə Azərbaycan və GECF arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı, həmçinin 2022-ci il fevralın 22-də Doha şəhərində keçirilməsi nəzərdə tutulan GECF-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının 6-cı Zirvə Toplantısına və onun ərəfəsində nazirlər səviyyəsində təşkil olunacaq görüşə hazırlıq məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə