Jirinovskinin bitməyən Türkiyə sancıları-Ərdoğanın vasitəçilik missiyası alınsa…

Rusiyanın 1 nömrəli siyasi təlxəyi Vladimir Jirinovski yenə Türkiyə tərəfə hürüb. Demək ki, Azərbaycana da yenə dil uzadıb. Bu dəfə konkret olaraq, o, Türk dünyasının böyük şəxsiyyəti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.

Qardaş ölkə liderinin Moskva və Kiyev arasında vasitəçi olmaq təşəbbüsü sən demə, bu “liberal demokratı”, əslində isə radikal rus millətçisini (atası yəhudi olsa da) və qatı antitürkçünü əməlli-başlı özündən çıxarıbmış. İllərdir Rusiyada çarlıq üsul-idarəsini bərpa, Putini isə çar elan eləməyi təklif edən bu psevdo-demokrat Türkiyənin heç bir vasitəçiliyinin gərək olmadığını bildirib.

Sitat: Türkiyə prezidentinə bunun heç bir dəxli yoxdur. Bu, Rusiya-Qərb qarşıdurmasıdır. Bu türkün burda nə işi? Qoy öz qoşunlarını Azərbaycandan çıxarsın. Hər yerə özünü soxur. O, Qazaxıstandakı vəziyyəti niyə tənqid edir? Bizə hər yerdə maneə yaradır. Burda özünü sülhsevər kimi göstərməyə çalışır”.

“LDPR” sədrinin budəfəki qarın sancısının səbəbləri naməlum sayılmaz. Məsələ ondadır ki, daim başqalarına özünü yalançı vasitəçi kimi sırıyıb imperialist maraqlarını yürütməyə çalışan, postsovet məkanında, Yaxın Şərqdə, Suriyada münaqişələri söndürmək əvəzinə, uzatmağa səy edən Rusiyanın özünə indi vasitəçilik təklif olunur. Həm də ruslardan fərqli olaraq, səmimi bir vasitəçilik. Təmənna-zad güdülmədən, çox ciddi və qüdrətli bir dövlət tərəfindən.

Ancaq görünür, Moskvada belə təklifi öz zəiflikləri kimi qəbul edirlər. Üstəlik, rəsmi Kreml və onun “Jirik” başda olmaqla siyasi və təbliğati qulbeçələrinə ağır gələn odur ki, Ərdoğan sırf iki slavyan dövləti arasında vasitəçilik təklif edir. “Qılınclarının qaşı”nın düşəcəyindən yaman qorxurlar. Amma qəbullanmaq istəmirlər ki, Ukraynaya təcavüz Rusiyaya da çox baha başa gələcək. Hərbisi (“bədəni”) nə qədər güclü olsa belə, iqtisadiyyatı (“ayaqları”) çox zəif olduğu üçün!

Ərdoğan isə aydın şəkildə deyib axı: “Hər iki ölkə ilə yaxşı münasibətlərdə olan ölkə kimi biz hazırkı vəziyyət çox üzür”. Yəni bir dost, tərəfdaş nigarançılığı və ismarışı. Burda pis niyyət anlamında nə var görəsən?

Əlbəttə, şəkk-şübhə yox ki, Ankaranın uğurlu vasitəçilik missiyası Ərdoğanın və ümumən qardaş ölkənin regiondakı, dünyadakı imicini gücləndirəcək, Jirinoski kimi tulaların, siyasi şarlatanların dilini isə gödək edəcək.

O ki qaldı, “Türkiyənin öz qoşunlarını Azərbaycandan çıxarması” tələbinə, əvvəla, bizdə Türkiyə qoşunları və ya hərbi bazası yoxdur. Müstəqillik dönəmində də olmayıb. Yalnız bəzi təlimatçılar, bir də Ağdamdakı Monitorinq Mərkəzində az sayda Türkiyə hərbçisi var. Vəssalam.

İkincisi, Azərbaycan öz ərazisində Türkiyə hərbi bazasının qurulmasını arzulasa, nə Jirinovskidən, nə də Rusiya rəhbərliyindən icazə və ya izn alası deyil. Şuşa Bəyannaməsi kifayətdir.

Müxtəsəri, “qatar” artıq gedib və Azərbaycan çoxdan Rusiyanın “arxa bağçası” sayılmaz. Zamanı çatanda Qarabağdakı sülhməramlı qüvvələrin ərazimizdən necə çıxarılacağını görəndə Jirinovski buna bir daha əmin olacaq. Təbii ki, o vaxtadək bağrı çatlamasa.

Şəkki vassal Ermənistana və ya Belarusa gedib deyəsən bu şeytanın…

(musavat.com)