Millət vəkili: “SSRİ-nin bərpası mümkünsüzdür”

“Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da yaxından izlənilir. Nəzərə almaq lazımdır ki, Qazaxıstan Azərbaycan üçün qardaş və dost ölkədir, həmçinin böyük türk dövlətidir. Orada baş verən hadisələr nəticəsində yüzlərlə insanın qətlə yetirilməsi, vətəndaş qarşıdurması, müəyyən təxribatların törədilməsi təəssüf doğurur. Ölkəyə 100 milyon dollarlarla iqtisadi ziyan dəyib. Baş verən hadisələr Qazaxıstanın müstəqilliyi və suverenliyinə birbaşa zərbə vurur. Hadisələr, sanki 1990-cı illərin Azərbaycanını xatırladır. Xaos, vətəndaş qarşıdurması yaranıb, xaricdən dəstək alan ayrı-ayrı qruplaşmalar dövləti çökdürmək niyyətindədir. Təəssüf ki, Azərbaycanda da müəyyən radikal düşüncəli qüvvələr Qazaxıstanda baş verən hadisələr fonunda dərhal canfəşanlığa başlayıblar. Sosial şəbəkələrin Azərbaycan seqmenti üzərindən xoşagəlməz kampaniyalara start verilib”.

Kanal32.az xəbər verir ki,bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, radikallar Azərbaycanda əhalinin küçələrə axışması üçün çağırışlar edirlər: “Azərbaycana qarşı belə təhdidlər zaman-zaman davam edir, lakin şükürlər olsun ki, bu günə kimi heç biri baş tutmayıb. Çünki Azərbaycan xalqı müdrikdir və öz siyasi lideri cənab İlham Əliyevə inanır. 2003-cü ildən bəri ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev ən böyük problemimizi 44 gün ərzində həll edib, onun qurduğu strategiya və prinsipiallıq nəticəsində torpaqlarımız işğaldan azad edilib. Azərbaycan xalqı, ümumən dünya azərbaycanlıları bu gün milli birlik nümayiş etdirir, siyasi liderinə güvənir. Qazaxıstanda baş verən hadisələrin ən böyük səbəblərindən biri də ölkə rəhbərliyinin vəziyyətdən çıxış yolu tapa bilməməsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mərkəzində həmişə Azərbaycan vətəndaşı, xalqın sosial rifahının yaxşılaşdırılması dayanır. Prezident İlham Əliyevin siyasəti xalqın maraqlarına tam uyğundur. Ona görə də dünya azərbaycanlılarının lideri cənab İlham Əliyevin daxili və xarici siyasəti xalq tərəfindən dəstəklənir. Xalq Prezidentin ətrafında birləşib. Radikal düşüncəli qüvvələr isə heç vaxt niyyətlərinə çatmayacaqlar, xalq-iqtidar birliyinə təsir edə bilməyəcəklər. Milli birliyimiz möhkəmləndikcə Azərbaycanın suverenliyinə və inkişafına ziyan dəyə bilməz”.

C.Osmanov, həmçinin qeyd edib ki, bəzi dairələr Qazaxıstanda baş verən hadisələri Rusiyanın SSRİ qurmaq istəyi ilə əlaqələndirirlər: “Birincisi, bu, qeyri-mümkün məsələdir, çünki SSRİ artıq dağılıb və həmin ölkələr müstəqil siyasət yürüdürlər, öz suverenliklərini qorumaq iqtidarındadırlar. Belə tezislər irəli sürənlərin niyyəti aydın deyil. Əksinə, belə davranmaqla vəziyyəti gərginləşdirməyə çalışırlar. Görünür, müəyyən dairələr bilərəkdən belə iddialarla çıxış edirlər. Post-sovet ölkələri 30 ildən çoxdur ki, müstəqil ölkə kimi fəaliyyət göstərirlər, hər birinin konstitusiyası və suverenliklərini qorumaq gücü var”.