İcra başçısı xocalılarla görüşüb-FOTOLAR

92

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində insanlığa sığmayan bir bəşəri faciə-soyqırım hadisəsi törədilib.Məhz həmin qanlı tarixdən düz 28 il ötür… 

Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətində xocalılarla görüş keçirilib. Əvvəlcə faciə zamanı həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 28 il əvvəl erməni hərbi birləşmələrinin rus silahlı birləşmələri ilə birgə minlərlə əhalisi olan Xocalı şəhərində törətdikləri qətliamdan bəhs edərək, günahsız insanlara, qocalara, qadınlara, uşaqlara edilən amansızlıqlardan danışıb. Qeyd olunub ki, o gecə yüzlərlə insan qətlə yetirilib, əsir götürülüb, işgəncələr verilib. Xocalı faciəsi bütün xalqın , Azərbaycanın faciəsidir. Illər keçsə də bu dərd unudulmayacaq, hadisəni törədənlər öz cəzalarına çatacaqlar. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə işğal altında qalan torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil.

O dəhşətli gecədə baş verənlərdən, insanlığa sığmayan cinayətdən danışam xocalı sakinləri Zahir Usubov, Baloğlan Allahyarov, Süleyman Orucov vurğuladılar ki, törədilən vəhşiliyin misli-bərabəri yox idi, uşaqlara, qadınlara aman verilmirdi. Qocalar belə qəddarlıqla qətlə yetirilirdi. Ata-baba yurdlarından didərgin düşdükdən sonra Mingəçevirdə məskunlaşdıqlarından, daim dövlət qayğısı ilə əhatə olunduqlarından, mənzillə təmin edilmələrindən danışan xocalılar əmin oldurduqlarını bildirdilər ki, ədalət zəfər çalacaq, cinayətkarlar öz cəzalarına çatacaqlar.

Çıxış edən ictimaiyyət nümayəndələri- Nizami Təhməzov, Mirsədi Daşdəmirov qeyd etdilər ki, 28 il əvvəl “Böyük Ermənistan” xülyası ilə alışıb yanan, vəhşiləşmiş silahlı daşnakların xalqımıza qarşı törətdikləri soyqırım hadisəsi illər keçsə də unudulmayacaq. Rusiya hərbi qüvvələrinin bilavasitə köməkliyi ilə azərbaycanlıları doğma torpaqlarından çıxarsalar da ermənilər heç zaman qalib olmayacaq. Azərbaycan xalqının səbri genişdir, amma günbəgün güclənən Azərbaycan Ordusu, iqtisadi cəhətdən inkişaf yolunda inamla addımlayan qüdrətli Azərbaycan dövləti düşmənə öz yerini göstərəcək. Tarix boyu Azərbaycan xalqı çox düşmən hiyləsi ilə qarşılaşıb. Lakin həmişə zəfər çalıb.

Görüşə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vurğuladı ki, erməni faşistlərinin hərəkətləri cavabsız qalmayacaq. Azərbaycanın işğal altında olan torpaqlarının bir qarışı belə düşmən əlində olmayacaq. 2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, qüdrətli Azərbaycan ordusu qələbələr əldə etməyə qadirdir. Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət bizi qələbədən-qələbəyə aparacaq, torpaqlarımız azad ediləcəkdir.
Görüşün sonunda xocalılara ərzaq bağlaması paylandı.

“MİNGƏÇEVİR” qəzeti