Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi ilə Aygül Bağırovanın Bişkekdə Azərbaycan dilində çap edilən “Qalib sərkərdə” adlı kitabının Bakıda təqdimatı keçiriləcək.
Kanal32.az AzərTaca-a istinadən xəbər verir ki, mərasimdə hökumət üzvləri, deputatlar, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap olunan kitaba Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov “Ön söz” yazıb.
Fondun rəhbəri Nüsrət Məmmədov AZƏRTAC-ın müxbirinə bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət kitabda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilir və təqdimatın dövlət başçısının ad günü ərəfəsində keçiriləcəyi nəzərdə tutulur.
Təqdimatın sonunda TDSDF-nin layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə professor Abbasqulu Nəcəfzadənin bəstələdiyi “İssık-Kul” mahnısı dünyanın tanınmış müğənnilərinin ifasında Azərbaycan, türk, qırğız, özbək, ərəb, italyan, rus, ingilis, fars, ivrit və başqa dillərdə səsləndiriləcək.
Xatırladırıq ki, mahnı 16 dildə lentə alınıb.