Misir-Azərbaycan Dostluq Cəmiyyəti iki xalq arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək

Qahirədə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Misir parlamentinin Dini Məsələlər komissiyasının sədri Seyid Əli Cuma ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki dost ölkə arasında münasibətlərin inkişafı, Misirdəki Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub.

Seyid Əli Cuma qeyd edib ki, bu gün rəsmi açılış mərasimi keçirilən Misir-Azərbaycan Dostluq Cəmiyyəti iki xalq arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. O, diqqətə çatdırıb ki, bu cəmiyyətdə Misirin parlament üzvləri, görkəmli ictimai-siyasi xadimlər təmsil olunub. Komissiya sədri əlavə edib ki, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyəti də postpandemiya dövründə fəal şəkildə davam edəcək.

Səmimi qəbula görə təşəkkürünü bildirən Elşad Əliyev Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təsis olunmasını yüksək qiymətləndirib və dost ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə olacağına əminliyini ifadə edib. O, həmçinin DDİK-nin fəaliyyəti barədə ətraflı məlumat verib.

Parlamentin komissiya sədrinə üzərində “Xarıbülbül” rəmzi əks olunmuş hədiyyə və ərəb dilində “Azərbaycan haqqında 100 sual” kitabı təqdim olunub.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə