Prezident Təhlükəsizlik nazirini işdən qovdu

94

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Milli Təhlükəsizlik naziri Yaylim Berdiyevi işdən çıxarıb. Bir ay qabaq o, naziri zəif işlədiyinə görə tənqid etmişdi.

Fevralın 13-də ölkənin dövlət media orqanları xəbər veriblər ki, Polkovnik Qurbanmurad Annayev yeni Milli Təhlükəsizlik naziri təyin olunub.

Yanvarın 22-də Berdıməhəmmədov Berdiyevi son xəbərdarlıqla sərt tənbeh etmişdi, media orqanları bunu nazirin öz vəzifəsini adekvat yerinə yetirməməsi ilə əsaslandırmışdı. Prezident Berdiyevin dərəcəsini general polkovnikdən general mayora salmışdı.

Onda Berdıməhəmmədov Berdiyevi Dövlət Təhlükəsizlik Şurasının katibi vəzifəsindən də kənarlaşdırmışdı.

Prezident Berdiyevi noyabrda da səhvlərə görə açıq tənbeh etmişdi. O zaman homoseksual türkmən həkimin dedikləri beynəlxalq rezonans doğurmuşdu. O, müsahibəsindən sonra ailə üzvləri ilə birlikdə təzyiqə məruz qaldığını deyirdi. Həmin müsahibəsində mühafizəkar cəmiyyətdə homoseksual kimi əziyyətlərindən danışırdı. (azadliq.org)