Xalqımızın qəlbində əbədi yaşayan qəhrəmanlarımız heç vaxt unudulmur. Xüsusilə şəhid anası olmaq, övlad həsrəti ilə yaşamaq çox ağır və şərəfli bir duyğudur. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların həyat və döyüş yollarını yad etmək hər birimizin borcudur. Bizim borcumuz şəhidlərin xatirəsini yalnız anım günlərində deyil, hər zaman yaşatmaqdır. Bu borcumuza sadiq qalaraq 33 ildən sonra nəşi tapılan şəhid Şahin Heydər oğlu Kərimovun anası Şəfaqət xanımla görüşdük.

Ananın ilk kəlməsi o oldu ki,onun qəhrəman oğlunu da hamı tanısın dedi. Çünki 33 il onun itgin düşən oğlundan heç bir xəbər yox idi. Ana indi təsəllini Şəhidlər Xiyabanına gələrək oğlunun məzarı başında tapır. Deyir uzun illər itginlər sırasında dayanıb oğul həsrəti çəkirdi.Artıq bu həsrətinə son qoyuldu.
Şəhid anası… Bu sözün içində həm böyük bir qürur, həm də sonsuz bir həsrət gizlənib. O, övladını Vətən üçün qurban verən, lakin hər gecə övladının ətrini yastığında axtaran bir anadır. Oğlu haqqında danışarkən göz yaşlarına hakim ola bilmir.Məktublarına baxıb təsəlli alır.Onun göz yaşları susmur, amma ürəyində bir təsəlli var – övladının adı tarixdə əbədi yaşayacaq. Ancaq o, başqa bir şeydən qorxur: unudulmaqdan. Övladının, onun qəhrəmanlığının, onun fəda etdiyi həyatı heç zaman yaddaşlardan silinməsini istəmir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Kərimov Şahin Heydər oğlu uzun illərdən sonra tapılaraq, Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib. O, döyüş əməliyyatları zamanı 80 əsgər və zabitin mühasirədən çıxarılmasında qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Nəşi aşkarlanıb ailəsinə təhvil verildikdən sonra doğulduğu şəhərdə torpağa tapşırılıb. Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zar kəndindən olan Ş.Kərimov 1972-cü il dekabr ayının 14-də Mingəçevir şəhərində doğulub. Mingəçevir 14 saylı məktəbin məzunu olub.Şahin dərs əlaçısı idi.Onun attestat qiymətləri əla idi.Arzusu həkim olmaq idi.Lakin mənfur ermənilərin murdar xisləti şəhidlərimizin arzularını yarım qoydular.
Şahin Kərimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı bir dövrdə könüllü şəkildə ordu sırlarına qoşulub. Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib.19 yaşında şəhidlik zirvəsinə ucalıb.

O,1993-cü il aprelin 4-də Murovdağda yaralanıb və onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin dövrdən itkin düşüb. Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Şahin Heydər oğlu Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Qəhrəman Vətən oğlu Mingəçevir şəhər Şəhidlər xiyabanında, ailə üzvlərinin istəyinə əsasən, dəfn edilib.
Esmira Hidayətova,Mingəçevir.