35 il əvvəl Heydər Əliyev Vəzirova Qarabağla bağlı nə deyib?

Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Ermənistanda Azərbaycanın tarixi torpaqları olan Qarabağa qarşı iddialar baş qaldırdı və bununla da SSRİ-də etnik zəmində çox böyük miqyaslı münaqişə ocağı yarandı.  

Həmin böhranlı hadislər Azərbaycanda o zamankı sovet rəhbərliyinin dəyişdirilməsi ilə nəticələndi. 1988-ci ilin may ayında peşəkar diplomat, Sovet İttifaqının fövqəladə və səlahiyyətli səfiri Əbdürrəhman Vəzirov Azərbaycana rəhbər təyin olundu.

Ə.Vəzirovun fəaliyyəti Azərbaycan tarixşünaslığında birmənalı qiymət verilmir. Onun SSRİ rəhbərliyi qarşısında Qarabağ münaqişəsi ilə bağlı tutduğu təslimçi mövqeyinin problemin dərinləşməsində rol oynadığı vurğulanır. Bundan başqa Vəzirovun 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi və dinc əhalinin gülləbaran edilməsinin qarşısını ala bilməməsi, siyasi qərarlara təsirsizliyi Vəzirovu çağdaş tarixin “qara siyahı”sında saxlayır.

Heydər Əliyevlə Ə.Vəzirovun həmin illərdə təmasları barədə demək olar ki, heç bir məlumat yoxdur. Qeyd edək ki, Vəzirov uzun illər Azərbaycanda komsomol hərəkatına rəhbərlik edib və Gəncə (Kirovabad) partiya komitəsinin başçısı kimi çalışıb. Daha sonra Moskvaya köçüb və diplomatik xidmətə keçib.

Azpost.info Heydər Əliyevlə Ə.Vəzirovun görüşü barədə maraqlı bir məlumatı oxucularına təqdim edir. 1980-ci illərin sonlarında olan bu görüş Moskvada, Qurultaylar Sarayında baş tutub.

Bu görüşün şahidi olmuş Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar 2009-cu ildə yazdığı, Heydər Əliyevə həsr etdiyi “Unudulmaz görüşlər” kitabında məlumat verib.

Anar qeyd edir ki, Heydər Əliyevlə Moskvada, Kremldə, Qurultaylar Sarayında görüşüblər: “Moskvada, Kremldə, Qurultaylar Sarayında görüşdük. Foyedə yanaşdım, hal-əhval tutdum”.

AYB sədri yazır ki, həmin tədbirdə iştirak edən Azərbaycan KP MK-nın I katibi vəzifəsinə yenicə seçilmiş Əbdürrəhman Vəzirov da orada olub:  “Başqa Azərbaycan nümayəndələri də, o cümlədən o vaxt Azərbaycan KP MK-nın I katibi vəzifəsinə yenicə seçilmiş Əbdürrəhman Vəzirov da Heydər Əliyevə yanaşdı. Diqqət elədim ki, Heydər Əliyev bütün vəzifələrindən uzaqlaşdırılıbsa da, Ə.Vəzirov yüksək vəzifəyə təyin olunubsa da, Heydər Əliyev onunla bir növ yuxarıdan aşağı danışır. Bu yalnız boy və yaş fərqilə bağlı deyildi, məncə, bu həm də hər ikisinin yaxşı dərk etdikləri miqyas fərqi ilə bağlıydı”.

Anar bildirir ki, Heydər Əliyev Ə.Vəzirovla söhbətdə Qarabağı xatırladıb:  Heydər Əliyev Vəzirova “sən”, Vəzirov ona “siz” deyə müraciət edirdi. Heydər Əliyev Vəzirova “Hə, sənin işin çətin olacaqQarabağ məsələsini həll etmək asan iş deyil…”

Anar Kremldə keçirilən bu tədbirlə bağlı aydın məlumat verməsə də bu tədbir çox guman ki, SSRİ Ali Sovetinin qurultayı olub.

İstefada olan Heydər Əliyev isə 1988-ci ildə SSRİ Ali Sovetinin deputatı idi.

O, 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.

XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibi də çox maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib, onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.

Tanınmışlar sırasında SSRİ xalq artisti, drijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.

Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik  Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.

1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupu fəaliyyətdə olub.

Azərbaycanı təmsil edən Heydər Əliyevə Azərbaycandan seçilən SSRİ Ali Sovetinin deputatları tərəfindən soyuq münasibətlə bağlı faktlar bir sıra memuarlarda öz əksini tapıb.

SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu  isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.

R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclasda iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”

Əbdürrəhman Vəzirov isə yazdığı “ Parterin ilk cərgəsində” memuar-kitabında belə münasibətin mərhum Heydər Əliyevə də göstərildiyindən təəssüflə yazıb: “Heydər Əliyev Sov İKP-nin Siyasi Bürosunun tərkibindən və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən çıxarıldıqda bunu bayram kimi qarşılayanlar az olmadı, qurbanlar kəsirdilər. Dünənki yaxınlar, əl buyruqçuları öz sabiq himayədarından tələsik imtina edirdilər. Heydər Əliyev xatırlayırdı: “1987-ci ildə mən istefaya gedəndə əhatəmdə olan adamların əksəriyyəti məni unutdular və mən tək-tənha qaldım”.

Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük  dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatları bu tərkibdə mövcud idi.

Azpost.info XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların siyahısını tapa bilib.

Siyahını oxuculara təqdim edirik: 

  1. Abbasov Qurban Qulu oğlu – Naxçıvan MSSR Millətlər Sovetindən
  2. Abasova Lətifə Bilal
  3. Abdullayeva Yeganə Güləli
  4. Əbdurrəhmanova Mətanət Əhməd
  5. Əliyev Əli Nağı – Millətlər Sovetindən
  6. Əliyev Heydər – Millətlər Sovetindən
  7. Əliyev İsa – Naxçıvan
  8. Əliyev Şənlik Müslüm
  9. Əliyeva Zibar Süleyman qızı
  10. Əliyeva Minayə Mirzəbala qızı
  11. Əliyeva Həvva Xəlil – Naxçıvan
  12. Allahverdiyeva Minayə Qurban
  13. Arbatov Georgi Arkadeviç
  14. Bağırlı Ramiz
  15. Bağırov Kamran
  16. Bağırov Oktay
  17. Baybakov Nikolay
  18. Balayan Vazgen – DQMV
  19. Baruşeva Lyubov
  20. Behbudov Rəşid – Naxçıvan MSSR
  21. Brexov Konstantin
  22. Buqayev Boris
  23. Həsənova Gövhər
  24. Həsənova Xanımcan
  25. Həsənova Şamama
  26. Qasımov Famil
  27. Qurbanova Nailə
  28. Hüseynov Adil
  29. İbrahimov Hüseyn
  30. İbrahimov Mirzə
  31. İmralıyev Sərdar
  32. Qasımova Sünbül
  33. Gevorkov Boris
  34. Konovalov Vasili
  35. Kutaxov Pavel
  36. Mailov Afiq
  37. Mayorets Anatoli
  38. Məmmədov Rafiq – Naxçıvan
  39. Məmmədova Venera – Naxçıvan
  40. Məmmədova Nargilə

41.Mamunts Samvel – DQMV

  1. Medvdeyev Vadim
  2. Müzəffərov Sabir
  3. Musayev Fuad
  4. Musayeva Tərlan
  5. Muxtarov Lətif
  6. Nuriyeva Nərgiz
  7. 48.Orbelyan Sayda
  1. Popkov Mixail – Naxçıvan
  2. Rəsulova Lidiya
  3. Sadıqova Nəzakət
  4. Salayev Eldar
  5. Səmədova Qönçə
  6. Seyidov Həsən
  7. Subotin Aleksandr – Naxçıvan
  8. Tağızadə-Hacıbəyov Niyazi
  9. Tahirov Həsən –Naxçıvan
  10. Tatlıyev Süleyman
  11. Xəlilov Qurban
  12. Xəlilova Şüküfə
  13. Yüsifzadə Ziya – Naxçıvan

X.SƏFƏRLİ

Azpost.info