23 saatlıq antiterror əməliyyatının yaratdığı geosiyasi reallıqlar-TƏHLİL

19 sentyabr 2023-cü il tarixində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi 23 saatlıq antiterror tədbirləri Güney Qafqazın geosiyasi mənzərəsini qısa müddətdə, amma köklü şəkildə dəyişdi. Bu əməliyyatın yaratdığı əsas geosiyasi reallıqlar bir sıra önəmli məqamları özündə etiva edir. Birinci növbədə Qarabağ məsələsinin hərbi-siyasi həlli tam yekunlaşdı.Əməliyyat nəticəsində bölgədəki separatçı silahlı dəstələr təslim oldu və onların hərbi strukturları ləğv edildi.Qarabağda Azərbaycanın suverenliyi faktiki olaraq tam təmin olundu və 30 illik münaqişə rəsmi və praktik olaraq başa çatdı.Bütün bunların fonunda  regional güc balansının dəyişməsi diqqətdən qaçmadı.Beləliklə,Ermənistanın bölgədəki təsir imkanları minimuma endi,Azərbaycan Güney Qafqazda əsas hərbi-siyasi gücə çevrildi. Və ən önəmlisi Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın mövqelərini daha da gücləndirdi.

Dövlət başçısı İlham Əliyevin olduqca önəmli strateji hədəfləri olan mükəmməl taktiki gedişi nəticəsində Rusiya sülhməramlılarının fəaliyyəti fiasko ilə sonuclandı. Çünki onlar separatçılara nəzarət edə bilmirdilər və ya etmək istəmirdilər. Hadisələrin sonrakı gedişi Moskvanın regiondakı təsir dairəsini də  ciddi şəkildə daraltdı. Bu, həm də Ermənistan-Rusiya münasibətlərində gərginliyi də artırdı. Təbii ki, bu, Azərbaycanın maraqlarına tam uyğun bir situasiya idi.

23 saat 43 dəqiqə davam edən  antiterror tədbirləri təkcə Güney Qafqazdakı proseslərə təsir göstərmədi. Bu, Qərbin və beynəlxalq təşkilatların da yeni yanaşma sərgilməsini qaçılmaz etdi. Belə ki, Avropa İttifaqı, ABŞ və digər beynəlxalq qüvvələr Azərbaycanın bölgədə yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular. Həmçinin, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi gündəmə daha da yaxınlaşdı, Qarabağ  münaqişəsi beynəlxalq diplomatiyada artıq qlobal prioritet kimi gündəmdə olmadı.

Suveren hüquqlarımızın tam təminatçısına çevririlən antiterror əməliyyatlarının yaratdığı yeni reallıqlar təkcə siyasi və strateji uğurlara yol açmadı. Bu proses həm də dünya əhəmiyyətli Regional layihələr üçün imkanlar açdı.

1.Zəngəzur dəhlizi və digər nəqliyyat xətləri məsələsi daha real müzakirə predmeti oldu.

2.ABŞ kimi super güc Azərbaycanı Güney Qafqazdan dünaya açılan transmilli iqtisadi gücün lokomativi və açar ölkəsi kimi qəbul etdi.

3.Beynəlxalq səviyyədə Azərbaycanın enerji və kommunikasiya layihələrində çəkisi artdı.

4.Gürcüstan, İran və Orta Asiya ölkələri ilə yeni əməkdaşlıq imkanları açıldı.

Konkret desək,23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycan yalnız Qarabağda separatizmi tamamilə bitirmədi, həm də Cənubi Qafqazda geosiyasi status-kvonu dəyişdi. Artıq bölgədə əsas oyunçu Azərbaycan və onun strateji tərəfdaşı Türkiyədir. Rusiya və Ermənistanın mövqeləri zəifləyib, Qərbin isə siyasi-strateji və iqtisadi maraqları yeni formatda ifadə olunmağa başlayıb. Bütün bunların kökündə,mayasında milli birliyə, sarsılmaz iradəyə söykənən AZƏRBAYCANIN qazandığı tarixi ZƏFƏR dayanır.

  Zəruri qeyd: “Antiterror əməliyyatları” anlayışı dövlətlərin və beynəlxalq təşkilatların terror qruplarına, silahlı separatçı dəstələrə və digər qeyri-qanuni silahlı birləşmələrə qarşı həyata keçirdiyi hərbi, əməliyyat-taktiki və hüquqi tədbirlər kompleksidir.Bunu ikili standartla nümayiş etdirən bütün aparıcı  ölkələr bilməli və anlamalıdır. Biz isə bunu dünyaya real şəkildə anladan YEGANƏ ÖLKƏYİK.

Aygün Qasımova,

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin doktorantı,YAP fəalı