Vətəndaş cəmiyyəti institutları yeni reallıqda

Müasir dünyada hər bir dövlətin sosial siyasətinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin struktur elementlərindən biri olan qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə bağlı məsələ demokratik islahatlar prosesində xüsusi aktuallığı ilə seçilir. Cəmiyyətin həyatında yeni reallıqlara imza atmış, davamlı islahatlar dövrünü yaşayan Azərbaycanda QHT sektorunun rolu və yeri daha çox nəzərə çarpır. Vətəndaş cəmiyyətinin bir qolu kimi çıxış edən QHT-lərin hüquqi dövlət quruculuğundakı rolu demokratik inkişaf prosesində mühüm əhəmiyyət kəsb edir.

Kanal32.az xəbər verir ki,“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva “Xalq Cəbhəsi”nə bildirib ki, qeyri-hökumət sektorunda praktik təcrübə göstərir ki, yalnız fəaliyyətə başladıqları dövrdən qeyri-hökumət təşkilatının məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirən, hədəflərini və spesifik funksiyalarını düzgün anlayan ictimai, qeyri-kommersiya və xeyriyyəçi təşkilatlar dövlət siyasətinin gerçəkləşməsində hökumətə fəal yardımçı olur, fəaliyyətlərində uğur qazanırlar:

“Məlumdur ki, demokratik dövlətin əsas prioriteti ümumbəşəri və milli dəyərlərə önəm verən, dövlətin və xalqın maraqlarını hər bir şeydən üstün tutan vətəndaş cəmiyyətinin qurulmasıdır. Demokratik cəmiyyətin inkişafında aparıcı rol oynayan vətəndaş cəmiyyəti institutları həm demokratik idarəçilikdə, həm də hüquqi dövlət quruculuğunda vətəndaşların vahid məqsəd uğrunda birləşməsini, hərtərəfli inkişaf və tərəqqi naminə birgə fəaliyyətini təmin etmək gücünə malikdir”.
QHT sədrinin fikrincə, Azərbaycan milli maraqlara əsaslanan demokratik və hüquqi dövlət quruculuğu yoluna yenidən müstəqillik əldə etdikdən sonra qədəm qoyub. Qarabağ problemi, ictimai-siyasi və sosial-mədəni həyatın bütün sahələrini əhatə edən böhranla səciyyələnən ilk dövrdə ölkədə vətəndaş cəmiyyətinin tədricən formalaşması prosesi gedirdisə, artıq bu gün ölkə vətəndaşlarının dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün böyük imkanlar yaradılır, vətəndaş cəmiyyəti subyektlərinə geniş səlahiyyətlər verilir. Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu vətəndaşların ictimai şura, ictimai müzakirə, ictimai dinləmə və ictimai rəyin öyrənilməsində, hüquqi aktların layihələrinin ictimai müzakirəsi və ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda iştirak etmək imkanına malik olmaları birmənalı şəkildə təsbit edilib. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir:

“Bu gün Azərbaycan demokratikləşmə prosesində, hüquqi dövlət quruculuğunda, eləcə də dövlət-vətəndaş münasibətlərində həm forma, həm də məzmunca yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lər üçün yeni imkanlar yaranır. Dövlətçiliyin, xalq-iqtidar birliyinin möhkəmlənməsində mühüm rol oynayan QHT-lərdən böyük məsuliyyət və ciddi fəaliyyət tələb olunur. Xüsusilə bu gün, QHT sektorunda həyata keçirilən köklü islahatlar dövründə vətəndaş cəmiyyəti institutlarına münasibət bu tələblərə tam şəkildə uyğun olmalı, günün tələblərinə hərtərəfli cavab verməlidir.
Ölkə Prezidentinin 19 aprel 2021-ci il tarixli Fərmanı ilə 2007-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması məhz vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlanmasından xəbər verir”.

Fərmanda qeyri-hökumət təşkilatlarının ötən dövr ərzində vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynadıqları, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələri əhatə edən dövlət proqramlarının icrasında, eləcə də cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etdikləri vurğulanıb: “Dövlətin sosial siyasətinin həyata keçirilməsində davamlı və faydalı fəaliyyəti ilə seçilən qeyri-hökumət təşkilatlarının son bir il ərzində atdıqları addımlar göz qabağındadır. Dünya iqtisadiyyatına ciddi zərbə endirmiş, insanların sosial vəziyyətini olduqca çətinləşdirmiş COVİD-19 pandemiyası dövründə, əzəli torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin olunmas, haqq və ədalətin bərpası naminə yaşanmış Vətən müharibəsi günlərində dövlətlə vətəndaş, iqtidarla xalq arasında etibarlı körpü rolunu layiqincə yerinə yetirmiş, dövlət qurumlarına əhalinin sosial problemlərinin həllində, hüquqi, tibbi, mədəni və sosial maarifləndirmə işində yardımçı olmuş qeyri-hökumət təşkilatları kifayət qədərdir. Bu təşkilatlar tərəfindən minlərlə vətəndaşa maddi və mənəvi yardım göstərilmiş, şəhid ailələri və qazilərə xüsusi diqqət yetirilmiş, çoxsaylı vətəndaşların sosial və hüququ maarifləndirilməsi, istedadlı gənclərlə işin təşkili, yaşlı insanlara qayğı göstərilməsi, xəstə və yaralıların sağlamlığının bərpası istiqamətində tədbirlər həyata keçirilmiş, dövlətin daxili və xarici siyasətinin təbliği, yeni nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə edilməsi yönümündə uğurlu addımlar atılıb”.

K.Quliyeva bildirib ki, vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan qeyri-hökumət təşkilatları daim dövlətin diqqət və qayğısı ilə əhatə oluublar. Onların çoxşaxəli fəaliyyətinin təşkilində, sosial layihələrin gerçəkləşməsi və xeyriyyəçilik tədbirlərinin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rolu danılmazdır:

“Bununla yanaşı, QHT-lərə göstərilən dövlət dəstəyi ilə bağlı əldə olunan nəticələrin son dövrdə aparılmış dərin təhlili və ümumiləşdirilməsi ölkə Prezidentinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması və onun Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı imzaladığı Fərmanda qeyd edildiyi kimi, “bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını, habelə qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsini zəruri edir”.

Əminik ki, yeni reallığa qədəm qoymuş ölkəmizdə vətəndaş cəmiyyətinin davamlı inkişafında mühüm əhəmiyyət kəsb edən bu yeniliklər dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasına təsirli təkan verəcək, QHT-lərin vətəndaş cəmiyyətinin və dövlət quruculuğunun inkişafında iştirakı ilə bağlı qanunvericlik bazasını zənginləşdirəcəkdir.

Bu gün hər bir vətəndaşı, bütövlükdə isə cəmiyyəti düşündürən ictimai və sosial problemlərin həlli istiqamətində QHT-lərin çoxsaylı təşəbbüsləri və onların reallığa çevrilməsi ilə bağlı həyata keçirilən fəaliyyət ictimai birliklərin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təsir göstərir. Vətəndaş cəmiyyətinin KİV, həmkarlar ittifaqı, siyasi partiya, təşəbbüs qrupu kimi subyektlərindən biri olan QHT-lər hüquqi dövlət quruculuğunda ictimai iştirakçılığın müxtəlif formalarından – ictimai müzakirələr və dinləmələr, ictimai rəy sorğusu və s. geniş şəkildə istifadə etmək imkanına malikdir”.

O, vurğulayıb ki, qeyri-hökumət təşkilatları ölkədə sağlam sosial mühitin yaradılmasına xidmət etməklə həm də sosial tərəqqinin zəruri şərti olan siyasi sabitliyin təmin edilməsinə mühüm töhfə vermək imkanına malikdirlər:”Azərbaycanda sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə mühüm önəm verilir. Onların fəaliyyəti sosial sahədə mövcud problemlərin həllinə, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da möhkəmlənməsinə, əhalinin sosial müdafiəsi sahəsində əməli addımlar atılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqənin bərqərar olmasının şahidiyik. Heç şübhəsiz, vətəndaş cəmiyyətində insanlar azadlıq əldə etməsi, mülkiyyətə sahib olması, dövlətin idarəetmə orqanlarına cəlb edilməsi, ümumilikdə isə dövlətin və xalqın maraqlarını dərk edən kamil şəxsiyyət kimi formalaşması yalnız yetkin hüquqi dövlət şəraitində mümkündür. Bu baxımdan qeyri-hökumət təşkilatlarının cəmiyyətdə demokratik abu-havanın yaradılması və vətəndaşların ictimai fəallığının artırılması istiqamətində ciddi addımlar atmaq imkanı var. Məlumdur ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyidir. İnsan amilini əsas götürən, əhalinin sosial rifahınınyüksəldilməsini, milli maraqların qorunmasını daxili və xarici siyasətinin başlıca prioritetləri kimi təsdiqləyən dövlətdə vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından anlayışı olmayan, özünü hərtərəfli ifadə edə bilməyən, şəxsi maraqlarını ümumi maraqlardan üstün tutan vətəndaşlardan formalaşa bilməz. Məhz qeyri-hökumət təşkilatları insanların hüquq və azadlıqlarının mahiyyətinin əhali tərəfindən dərk edilməsində, sosial məsuliyyətin nədən ibarət olduğunu anlamasında, vətəndaşların hüquqi maarifləndirilməsində əhəmiyyətli rol oynaya bilərlər.
Müasir dünyada demokratik prinsiplərə əsaslanan dövlətlərdə bərabər hüquqlu dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığına xüsusi diqqət yetirilir. Hər üç sektor cəmiyyətin idarə edilməsində fəal iştirak edir və bu baxımdan onlar arasında sıx əməkdaşlıq olduqca vacibdir. Mütəxəssislər son dövrdə siyasi, sosial, iqtisadi və bir çox digər sahələrdə uğurlara imza atan Azərbaycan üçün də dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın elmi cəhətdən araşdırılması, təşkili və tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini vacib hesab edirlər. Bu üç sektora aid olan qurumları bir araya gətirməklə, onların cəmiyyəti qayğılandıran problemlərin həllində müştərək fəaliyyətlərini təmin etməklə hüquqi dövlət quruculuğunda ciddi irəliləyişə nail olmaq mümkündür”.

Onun sözlərinə görə, bu gün ölkəmizdə dövlət-özəl sektor, dövlət- vətəndaş cəmiyyəti, özəl sektor-vətəndaş cəmiyyəti aralarında ikitərəfli münasibətlərin inkişafı istiqamətində müəyyən təcrübə toplanmışdır. Üçtərəfli əməkdaşlığın təşəkkül tapmasında bu təcrübədən yararlanmaq günün tələbidir. Eyni zamanda, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafını nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi, dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət proqramlarına digər sektorların fəal şəkildə cəlb edilməsi gündəmdə duran aktual məsələlərdir:
“Əminik ki, ölkə rəhbərinin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların dövlət, özəl sektor və vətəndaş cəmiyyəti “üçbucağında” mühüm komponentə çevrilməsi istiqamətində ciddi addımlar atacaq, QHT-lərin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə şərait yaradacaqdır.

Bu gün QHT-lər mərkəzi və yerli icra qurumlarında, həmçinin, yerli özünüidarə orqanlarında ictimai həyatın aktual məsələləri ilə bağlı məsələlərdə iştirak edən İctimai Şuralarda təmsil olunurlar. Bu həm dövlətin, həm də bütövlükdə cəmiyyətin onlara olan yüksək etimadının göstəricisidir. Etimadı doğrultmaq üçün hər bir qeyri-hökumət təşkilatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin quruculuğu proseslərində fəal iştirak etməli, bu sahədə aktual problemlərin həllinə yüksək məsuliyyət hissi ilə yanaşmalıdır”.