Yol əhvalatı-Real həyat hekayəsi

Real həyat hekayələri silsiləsindən…

İsti yay günlərində məzuniyyət vaxtını müxtəlif yerlərə səyahətdə keçirmək daha maraqlı olur. Yeni yerlər görmək, yeni şəhərləri seyr etmək, insanlarla tanış olmaq, insanın dünyagörüşünə bildiyim qədər olduqca yaxşı təsir edir. Hər  yeni məkanla və hər insanla tanışlıq, fərqli, eyni zamanda dəyərli  fikirlər formalaşdırır, insanlarla necə rəftar etməyi öyrədir, onlarda olan müsbət və mənfi xarakterləri müqayisə edərək lazım olanları bir nümunə kimi hərə özündə cəmləşdirir və  həyat davam etdikcə, yeri gəldikcə misal gətirib fikirlərinimizi tamamlayırıq.

Səksəninci illərin axırlarında növbəti məzuniyyətə çıxmışdım. Artıq yay fəsli gəlmişdi, havalar çox isti idi. Adətən iki dostumla səyahətə çıxırdım və deyim ki, xasiyyətlərimiz tuturdu, heç bir məsələdə mübahisəmiz olmurdu, deyib gülərək səyahətimizi başa vurub vətənə dönürdük.

Bu dəfə fikrimiz belə idi– Moskva şəhərinə gedək, şəhərin gəzməli-görməli yerləriylə yaxından tanış olaq  və təxminən bir ay istirahət edib, yeni iş mövsümünə yüksək əhval-ruhiyyə ilə qayıdaq.

Moskva şəhərinə qatara biletlərimizi qabaqcadan  almışdıq və iki gündən sonra yola düşəcəkdik, lakin dostlarımın işində yaranan problemlə əlaqədar onlar məzuniyyətə bir aydan sonra çixacaqları məsələsi ortaya çıxdı. Əlacsız qalıb onlar aldıqları biletlərini qaytarmalı oldular və mən isə təkcə səyahət etməli oldum.

Beləliklə, səyahət günü gəlib çatdı. Bakı-Moskva qatarına minən zaman, vaqon bələdçisi bilet aldığım kupedə yerimi göstərdi. Mən özümlə götürdüyüm paltarlarımı, səyahət üçün hazırladığım çemodanımı yerbəyer etdim. Gözləyirdim ki, kupedə getməli olan daha üç sərnişin  gəlib yerlərini tutsunlar, amma hələki onlar yox idi.

Qatar yola düşdü,  dediyim kimi mənim olduğum kupeyə heç kim gəlmədi. Günorta olduğundan nahar etmək istəyirdim. Bir anlığa kupedən çıxan zaman qonşu kupenin qapısı açıq olduğundan oradakı danışıq  səslərini eşitdim. İstər-istəməz danışıq səsləri  gələn tərəfə baxdıqda və təxminən mənim yaşımda olan üç cavan oğlanın söhbət etdiyini gördükdə öz səyahət dostlarımın yanımda olmadığını daha çox hiss etdim. Ötən illərin gəzintilərini, deyib gülməyimizi, bir yerdə nahar etməyimizi xatırladım.

Kupedəkiləri salamladım. Əlbəttə, onlar azərbaycanlı idilər və məni görcək  kupedən çölə çıxdılar və hara getdiyimi soruşanda Moskva şəhərinə gedəcəyimi bildirdim. Onların hər üçü Ağdaşın Ləki qəsəbəsindən olduqlarını bildirdilər və birlikdə mən gedən yerə gedəcəklərini az qala xorla dedilər.  Onlar məndən “bəs niyə tək gedirsən?” deyə sorusanda, sadəcə olaraq işimizin bu cür alındığını dedim. Onlar isə mənə: “əşşi, ürəyini sıxma biz burdayıq, neçə illərdi çöldə bayırdayıq, heç nə olmasa da sənin yerlilərinik, bir çətinliyin olsa bizə de”….sözlərini dedilər.

Mən yeni tanış olduğum həmvətənlilərimi bir yerdə nahar etmək üçün olduğum kupeyə dəvət etdim. Əlbəttə, özümlə yol üçün cürbəcür yemək tədarükü görmüşdüm.  Nahar üçün götürdüyüm soyutma toyuq çox dadlı idi və biz birlikdə yaxşıca nahar etdik.

Nahar başa çatan kimi yoldaşlardan biri üzümə baxa-baxa –gəlin “duraki” oynayaq təklifini irəli sürdü. Mən isə ”duraki oynaya bilmirəm , siz özünüz oynayın” dedim. Onlar isə bir ağızdan: “Necə yəni oynaya bilmirsən, məgər o oyunu bacarmırsan?”—deyə təəccüb içərisində soruşdular. Bir daha dedim:

—- Yox, bacarmıram. Sözün düzü, mən indiyənə kimi  əlimə kart  götürməmişəm və götürmək belə istəmirəm. Bacarmağa qalsa, mən bir-neçə dəqiqəyə həmin oyunu öyrənə bilərəm, amma istəmirəm. Qardaşım, mən həmişə vaxtımı yaxşı oyunlara , yaxşı işlərə sərf etməyə çalışmışam. Elə isə, şahmat, dama, nərd gətirin oynayaq, vaxtımızı keçirək.

—Yox, biz də sən dediyin oyunları bacarmırıq…

Bayaqdan mənə– yerlimizsən, nəyə ehtiyacın olsa bizə deyərsən –deyən “yerlilərim” elə bil məndən üz döndərdilər və kupeni tərk edib başqa vaqona keçdilər. Amma öz- özlüyümdə onların hansı kateqoriyaya aid olduqlarını təyin etdim və bir qədər ehtiyatlı olmağı qərara aldım.

Qatar Rusiya Federasiyası ərazisində stansiyalara çatdıqca dayanır, minən minir, düşən düşürdü. Stavropol diyarına çatarkən qatar başqa stansiyalara nisbətən daha çox dayanmalı oldu. Adamların çoxusu qatardan yerə düşmüşdü. Mən də yerə düşmüşdüm. Rus nənələr yanbayan dayanaraq xüsusi bağlamalarda kartof soyutması, qarğıdalı soyutması, noxud və s. satırdılar. Xoşuma gəldiyi üçün hər kartof və qarğıdalı bağlamasından birini aldım. Qatar yola düşmək üçün fit verdiyindən tez  bir zamanda qatara mindim.

Kupeyə qayıdanda artıq mənim də yanima sərnişinlərin gəldiyini gördüm –onlar rus millətindən olan bir kişi, bir qadın və bir yeniyetmə oğlan uşağı idi. Sonradan məlum oldu ki, onlar bir ailədirlər. Onlarla salamlaşdıqdan sonra yerlərimizi dəqiqləşdirmək üçün biletlərinə baxdım və kimin hansı yeri tutduğunu birlikdə müəyyənləşdirdim. Onlar iki saatlıq yol getməli idilər. Zəhmətkeş adamlara bənzəyirdilər. Olanlardan- keçənlərdən, adət-ənənlərdən danışırdıq.  Yorulsam da, yuxum gəlsə də səmimi söhbət yorğunluğumu sanki çıxarırdı.

Birdən, haqqında danışdığım həmvətənlilərim hardansa peyda oldular. Nədənsə elə onlar mənim olduğum kupenin qapısinin ağzında dayanaraq öz dilimizdə bir-birilərinə lağ edir, hərdənbir bizə də söz atır, heç də mənası olmayan sözlər danışırdılar və görəndə ki, onların boş-boş danışıqlarına fikir verən yoxdur və hamının üzündə onlara qarşı narazılıq ifadəsi var, çox çəkmədən oranı tərk edib getdilər.

Artıq gecə yarı idi. Yavaş-yavaş adamların danışıq səsləri kəsilirdi. Deyəsən sərnişinlər yuxuya gedirdilər. Biz də yuxulayırdıq. Hətta adamların xorultusu eşidilirdi. Mənim kupe yoldaşlarım isə iki saatlıq səyahətlərini başa vurub növbəti stansiyada düşmək üçün hazırlıq görürdülər. Az müddət bir yerdə getsək də bir-birimizdə böyük təəssürat yarada bilmişdik. Onlar mənə səmimi tanışlıq və söhbət üçün dərin təşəkkürlərini bildirdilər və qatar stansiyada dayanmağa yaxın kupeni tərk edib getdilər.

Səhər açılar-açılmaz mənə bərk yuxu gəlmişdi. Yatağıma uzanan kimi dərin yuxuya getdim. Bir müddət sonra kupeyə daxil olan yeni sərnişinlərin səsinə oyandım. Bu dəfə “qonaqlarım” bir milis (polis)və iki xarici vətəndaş idilər. Onların hara getdiklərini soruşduqda, mənim kimi Moskva şəhərinə getdiklərini bildirdilər. Qisa tanışlıqdan sonra mən əl-üzümü yumaq üçün kupeni tərk etdim, həm də istədim ki, onlar yerbəyer olsunlar və sonra gəlim.

Həmvətənlilərimin kupesinin qaşısından keçərkən onların da kupesinə bir nəfərin gəldiyini gördüm. Onların üçü də yatmışdılar, hətta biri aşağı yerdə–bilet üzrə yeni gələnin yerində yatmışdı və yeni gələn sərnişin isə onu oyatmaq üçün nə qədər sirkələməsinə baxmayaraq o, yatdığı yerdən durmurdu. Həmin anda vaqon bələdçisi yeni gələn sərnişinlərin yerbəyer olub-olmadığını yoxlamaq üçün kupeləri nəzərdən keçirirdi. Bu vəziyyəti görən bələdçi, oğlanı oyatmaq üçün səsini ucaltmalı oldu. Yerindən qalxmaq istəməyən həmvətənlim isə əksinə, onların üstünə qışqıraraq onu narahat etdiklərini, yatmağa qoymadıqlarını dedi, hətta yeni gələn sərnişinə başqa yeri tutmasını əmr etdi. Bu zaman bələdçi qatarda olan milis nəfərini dəvət etmək üçün gedərkən onu dayandırdım və özüm içəri daxil olaraq vəziyyəti onlara izah etdim. Çətinliklə də olsa başa saldım ki, milis nəfəri gəlsə heç də onlar üçün yaxşı olmayacaqdı. Nəhayət, başqasının yerini tutmuş həmyerlim başını bulaya-bulaya narazı halda yerindən qalxdı və yeni sərnişinə yer verdi. Düzü mən onların yerinə xəcalətimdən bilmirdim nə edim. Nə qədər olmasa başqaları bizim eyni millətdən olduğumuzu fikirləşirdilər axı…

Yuyunmaqdan qayıdan zaman olduğum kupeyə yeni gəlmiş sərnişinlər  artıq yerbəyer olmuşdular. Onları bir daha salamlayıb səhər yeməyi üçün hazırlıq gördüm. Çox da uzaqda olmayan bələdçiyə dörd stəkan çay gətirməsini xahiş etdim. Çaylar gətirilən zaman onları çay stoluna dəvət etdim. Yeni gələnlər də öz növbəsində stolun üstünə cürbəcür pirojnalar, konfetlər, şokaladlar qoydular. Kupedə əsl internasional bir kollektiv var idi. Deyib gülə-gülə səhər yeməyini başa vurub stolun üstünü  yığışdırıb, öz tanışliqlarımızı davam etdirdik. Hər kəs calışırdı ki, başına gəlmiş  maraqlı hadisələrdən danışsın. Qeyd etdiyim kimi bizim kupedə xarici ölkədən olan iki xarici vətəndaş da  var idi və onlara rus dilindən ingilis dilinə, ingilis dilindən rus dilinə, azərbaycanlı vətəndaşlar üçün Azərbaycan dilinə tərcümə edirdim. Tərcüməçilik bilavasitə mənim  ixtisasıma uyğun olduğu üçün onu böyük həvəslə edirdim və bir növ praktika keçirdim, özümün nə dərəcədə söz ehtiyatina malik olduğumu, tərcümə edərkən dinləyicini və danışanı nə dərəcədə başa saldığımı yoxlayırdım. Deyim ki, öhdəsindən gələ bilirdim. Daha sonra toy adət-ənənələrindən, müxtəlif ölkələrdə olan təhsil formasından, gülməli lətifələrdən bəhs edən danışığımız da maraqlı alınırdı. Hətta kupemizin qarşısinda bir-neçə sərnişin dayanaraq bizim söhbətlərimizə qoşulmağa can atırdılar. Onların arasında həmvətənlilərim  də var idi. Nədənsə onlar mənə gözlərini zilləyib baxırdilar. Mən onlara işarə etdim ki, gəlib söhbətə qoşulsunlar, amma onlar nə deyəcəklərini bilmədikləri üçün danışmağa  belə çəkinirdilər.

Qonaqlarla söhbət musiqiyə gəlib çatanda xarici qonaqlardan biri öz əşyalarının arasından gitarasını götürüb çexolundan çıxardı. İngilis millətindən olan bu qonaq gitarasında bir-iki ritm ifa etdi. Mən xahiş etdim ki, bir mahnı ifa eləsin . Əlbəttə, özünəməxsus tərzdə bir ingilis  mahnısı ifa etdi. Mən bildiyim qədər onlar mahnı ifa edəndə onun melodiyasını yox, yalnız ritmlərini ifa edirlər. Bir də xahiş etdim ki, onun melodiyasını ifa etsin, lakin yenə də ritmlərlə ifaya üstülük verdi. Hamı ingilis sərnişini alqışladıqdan sonra, növbə rus vətəndaşına gələndə, eşidib bildiyimiz “Kalinka” mahnısını ritmlə ifa etdi. Yaxşı alındı, əl çaldıq. Gülməli də olsa deyim ki, elə bil ölkələr arasında hansısa “yarış” keçirilirdi.

Yenə də mən  həmin həmvətənlilərimə tərəf baxanda gördüm onlar mənə baxaraq, sanki gözləyirdilər ki, “gör neynirsən, gitarada musiqi ifa edə bilirsən?”….onlar mənə bu sualı verməzdən əvvəl mən onlara bu sualla müraciət etdim:

— Hə,  hansınız bacararsınız? Aranızda kimsə bacarır?…

Onlar bir-birinin üzünə baxdılar və heç vaxt əllərinə nəinki gitara, ümumuyyətlə,  heç bir musiqi aləti almadıqlarını bildirdilər. Mən bu zaman uca səslə zarafatyana soruşdum:

—-Yaxşı, siz nəyi bacarırsınız?!…

Əlbəttə, bizim söhbətimiz Azərbaycan dilində idi və bizi ayri adamlar başa düşmürdülər və mən sual verərkən üçü də üzünü kənara çevirdilər, demək hər şey aydın idi. Yenə də bu işin öhdəsindən özüm gələsi oldum.Yaxşı ki, məktəb illərində bir müddət gitara ilə məşğul olmağım mənim köməyimə gəldi. Gitaranı əlimə götürəndə bir-neçə ritm ifa edəndən sonra həmvətənlilərim “ura” deyib sevindilər. Simlər üzərində bir-iki mahnının gedişindən, yəni onların oxuduqları ingilis və rus mahnılarının melodiyasını ifa edəndən sonra təəccüblə baxan xarici vətəndaşlar məndən soruşdular:

—-Vau! Bağışlayın, siz bizimlə danışdığınız xarici dilləri , eləcə də musqini harada öyrənmisiniz?

—-Öz ölkəmdə–Azərbaycanda!—dedim.

—Nə yaxşı. Əhsən!

Hamı birdən əl çalanda, məni tər basdı. Cibimdən əl dəsmalımı çıxarıb tərimi silə -silə gitaranın sahibindən onun simlərini Azərbaycan musiqisi kökündə kökləməyimi xahiş etdim, çünki bizim simli alətlərimizə görə birinci sim “do”, ikinci sim “sol”, üçüncü sim “re” və s. şəkildə köklənir, deyə bildirdim.

Gitaranın kökünü dəyişəndən sonra Azərbaycan mahnıları, muğamları, hətta saz havaları da ifa etmək olurdu. Yaxşı ki, əl çantamda gitarada ifa etmək üçün mizrab da var idi, çünki o mahnıları mizrabsız ifa etmək yaxşı alınmazdı.

Hamı diqqətlə mənə fikir verirdi. Fikrimdə oradakı adamlara və situasiyaya uyğun mahnı seçirdim. Bir qədər həyəcanlı idim, amma eləki gitaranı “bayatı-şiraz” muğamı ilə səsləndirəndə qulaq asanların milliyətindən asılı olmayaraq xəyala daldığını gördüm və bu məni daha da ruhlandırdı, deməli, Azərbaycan musiqisi onlara təsir edirdi və bu, məni daha da ürəkdən ifa etməyə sövq etdi. Sonra həmin muğam üstündə bəstəkar Nüşabə Muradovanın musiqisində “İntizar” mahnısını ifa etdim. Bu zaman gördüm ki “dinləyicilərim” fikrə dalıblar və ardınca onları fikrlərindən ayırmaq üçün”Yaşa, yaşa, Azərbaycan!”mahnısını ifa edəndə gördüm kimsə azərbaycanlılardan biri mənə “halal olsun” deyərək  alqışladı. Onun alqışına başqaları da qoşuldu. Musiqi xarici vətəndaşların lap ürəyindən olmuşdu.

Adamlar çox olduğundan kupemiz olduqca bürkü olmuşdu. Mən gitaranı kənara qoyub kupedən çıxanda, ardımca yol müfəttişi işləyən (indi isə “yol polisi” adlanır)  Rusiya vətəndaşı da mənimlə birlikdə kupedən çölə çıxdı. Mənə yaxınlaşaraq  Moskvada hansı mehmanxanada qalacağımı soruşanda dedim:

— Düzü hələ bilmirəm, gedirəm, hansında yer olsa orada qalacam.

—-Məni bağışlayın, indi yay fəsli olduğu üçün  Moskvada bütün mehmanxanalar tutulmuş olur. Sizə bir mehmanxana ünvanını deyərəm gedərsiniz, ora akademiklərin mehmanxanasıdır. Məzuniyyət vərəqəniz olsa bəs edər, sizi qəbul edərlər. Əgər bir problem olsa, mənə zəng edərsiniz, sizə telefon nömrəmi, iş yerimi yazıb verəcəm və mütləq mənə bildirin. Siz çox maraqlı və zəngin insansınız, sizi mən evimə dəvət edəcəm.

Doğurdan da mən mehmanxana məsələsini həll etmədən gedirdim və bilməzdim ki, yayda  bütün yerlər tutulmuş olar. Bunun üçün ona çox təşəkkür etdim.

Xarici vətəndalar da hörmət əlaməti olaraq məni vaqon- restorana nahar etməyə dəvət etdilər. Nahar boyunca deyilən komplimentləri eşitdikcə, ürəyimdə valideynlərimə,  təhsil aldığım orta məktəbə və onun müəllimlərinə, daxil olduğum ali məktəbə və onun professor-müəllim heyyətinə, bütövlükdə gözəl Azərbaycanıma və onun zəngin musiqisinə, eləcə də istedadlı insanlarına öz dərin minnətdarlığımı  bildirirdim.

Nahar başa çatandan sonra istirahət etmək üçün kupemizə qayıtdıq. Hələ bizim yeddi saatlıq yolumuz qalmışdı. Kifayət qədər vaxt idi və istirahət edəndən sonra şahmat oynamağı planlaşdırırdıq. Bu fikirlə hamı sakitcə uzanaraq mürgüləyirdi.

Birdən qonşu kupedən həyəcanlı şəkildə –ay yerli! ay yerli!—çağırış səslərini eşitdim və cəld ayağa qalxıb o biri kupeyə keçdim və bu zaman üç yoldaşlardan birinin özünü pis hiss etdiyini və bərk xəstələndiyini gördüm. Tez bir zamanda özümdə olan ilk yardım çantamı götürub onu kamfora yağı ilə masaj etməyə başladım, beləki onun rəngi qapqara qaralmışdı, nəfəs almaqda çətinlik çəkirdi. Vaqon bələdçisindən xahiş etdim ki, bir stəkan isti çay versin. Çox keçmədən bələdçi çayı gətirdi və isti-isti içməsini təkid etdim və yenə də bir müddət ovuşdurduqdan sonra onun halı düzəlməyə başladı. Nədənsə onun yoldaşları kupedə yox idilər. Mən onların harada olmasını soruşduqda:

— Biz bir yerdə vaqon-restoranda idik və orada nahar edirdik. Qəflətən mənim vəziyyətim pisləşdi, amma heç onların vecinə də olmadı, kupeyə qayıtdım və gördüyün kimi mənə yardım göstərmədilər…

İlk yardım göstərəndən sonra  vəziyyəti yaxılaşan oglan o biri yoldaşlarına qarşı bərk acıqlanmışdı və bir növ mənə ürəyi yanırmış kimi  səmimi şəkildə etiraflar etməyə başladı:

— Yerli, sən nə cür adamsan?

—Necə yəni nə cür adamam?

— Bizi nahara dəvət edirsən, xəstələnəndə yardım edirsən və açığın deyim səninlə əvvəlcə “duraki” oynayıb, sonra isə pulla oynamağa keçərək sənin bütün pullarını əlindən almaq istəyirdik, amma sən ona getmədin, indi də yaxşılığından əl çəkmirsən…

Heç də tərəddüd etmədən onun dediklərinə belə münasibət bildirdim:

— Qardaşım, birincisi, mən adamların mənə münasibətinə görə yox, onun düşdüyü vəziyyətinə görə kömək edirəm. İkincisi, ordan-burdan eşidərək kart oynamağın axırının necə olmasını yaxşı bilirəm,  bilə-bilə özümü niyə oda atmalıyam. O ki, qaldı yaxşılığımdan əl çəkmirəm…düzü mən kimliyindən asılı olmayaraq çətin vəziyyətə düşən adama kömək əlimi uzatmağa həmişə hazıram. Necə deyərlər– əl tutmaq Əlidən qalıb… burda nə varki…

—Yox, hamı elə deyil, məsələn, mənim dostlarım mənə kömək etmədilər, heç indi də maraqlanmırlar ki, mənim vəziyyətim necədi, oturub orda yeyib içirlər…

Təxminən bir saat keçmişdi. Mən istəyirdim ki, oğlanın o biri yoldaşları da gəlsinlər və təxminən iki günlük müşahidələrimin nəticəsi olaraq onlara deyiləsi bir-neçə sözümü deyim. Çox keçməmişdiki gəlib çıxdılar. Qeyd etdiyim kimi, onlarla demək olar ki, bir yaşda idim və heç də çəkinmədən öz sözlərimi deməyə başladım:

—Hə, yerlilərim, necəsiniz, nahar edə bildiniz?

— Elədik…

— Yoldaşınızın xəstələnməsindən xəbəriniz oldumu?

— Yoox. Necə bəyəm?

— Düzün desəm, mən sizin işinizə qarışa bilmərəm, amma həmvətənli olduğumuz üçün sizə bir yoldaş kimi ərkyana deyirəm və məndən inciməyin… mən bilmək istəyirəm ki, siz necə yoldaşlarsınız, bir yerdə harasa gedirsiniz,amma çətin vəziyyətlərdə bir-birinizə kömək etmirsiniz… bu nə deməkdir?…bəs deyirdiniz mənə kömək edəcəksiniz…budur sizin köməyiniz? Yol yoldaşınız xəstələnir, amma siz heç bir-birinizə qayğı göstərmirsiniz, onda qalmış mənə… hələ üstəlik millətimizin adın alçaldırsınız. Olmaz ki, öz hərəkətlərinizə, danışıqlarınıza, adamlarla münasibətinizə fikir verəsiniz. Siz hətta mənim pulumu udub əlimdən almaq istəyirdiniz?… bəs biz bir yerdə çörək kəsmədik məgər?…heç olmasa çörəyə hörmət edin…siz elə bilirsiniz bu hərəkətlərinizi heç kim görmür, heç kim qiymətləndirmir?… Qardaşım, sizin və sizin kimilərin belə hərəkətləri ucbatından xalqımıza, millətimizə çox pis ad verirlər…siz xalqımızın nə qədər qonaqpərvər olduğunu heç bilmirsiniz? Sizin evə kimliyindən asılı olmayaraq qonaq gələndə görmürsünüz ki, valideynləriniz necə xoş üz göstərirlər, necə qulluq edirlər,  bəyəm onların qonaqpərvərliyini görməmisiniz?  Deyirsiniz ki, onsuzda sizi görən, tanıyan yoxdu, nə istəsəniz edə bilərsiniz, hə?… Qardaşlarım, bilin ki, yerin gözü də var qulağı da…əvvəl-axır kim nə edirsə onun sədası lazımi yerinə çatır! Axi, niyə belə edirsiniz?!… Bax mən indi kupe yoldaşlarıma demişəm ki,  şahmat oynayacağıq…bəlkə siz də gəlib oynayasınız?

—Yox, şahmat oynaya bilmirik…

— Təkcə kart oynaya bilirsiniz, eləmi?!

Nəhayət onlar utancaqlıq hissindən başlarını aşağı saldılar. Deyəsən nə isə başa düşməyə başlamışdılar. Bu sözləri deyib öz olduğum kupeyə keçdim. İngilis sərnişinlə rusiyalı sərnişin artıq şahmat oyununa başlamışdılar. Yəqin mən o biri xarici vətəndaşla oynayacaqdım. Oyunun gedişinə baxanda ingilis sərnişin irəlidə idi. Gərgin keçən oyunda elə ingilis sərnişin qalib gəldi və mən o biri xarici vətəndaşla oynamağa başladım və xoşbəxtlikdən on yeddinci gedişdə onu məğlub etdim. Deməli, iki qalib oynamalı idiki, əsl qalib müəyyənləşsin. Biz oyuna başladıq. Oyun bərabər səviyyədə keçirdi. Elə bu yolla da davam etdi və heç-heçə ilə razılaşdıq. Daha oyun oynamaq üçün vaxt yox idi, çünki bir azdan sonuncu stansiyaya catacaqdıq.

Artıq vaqon bələdçisi bütün yataq dəstlərini yığmağa başlamışdı. Biz də yığışmağa başladıq, bir-birimizə ən xoş arzularımızı bir daha bildirdik və “ Dağ dağa rast gəlməsə də adam adama rast gələr” atalar  sözü ilə ayrıldıq. Deyim ki, rusiyalı yol müfəttişi söz verdiyi kimi Kursk vağzalına düşərkən mənə öz ünvanını, telefon nömrəsini və mənim gedəcəyim mehmanxananın ünvanını verdi. Çox məmnun şəkildə ondan ayrıldım və yer tapıb-tapmadığımı ona xəbər verəcəkdim.

Həmvətənlilərimlə də ayrıldım, onlar etdikləri səhvlərdən çox peşiman olmuşdular və məndən üzr istəyib deyilən sözlərdən nəticə çıxaracaqlarını bildirdilər və nə vaxtsa öz doğma diyarımızda görüşmək ümidi ilə ayrıldıq.

Mehmanxana məsələsinə gəldikdə isə doğurdan da həmin yerdə bir aylıq yer tuta bildim və elə həmin an rusiyalı sərnişinə–yol müfəttişinə yer tapmağım barədə mehmanxanadan zəng vurdum.

Qeyd edim ki, orada da hər şey maraqlı oldu, beləki, müxtəlif respublikalardan olan akademiklərlə tanış oldum. İxtisasca ingilis-fransız dilləri mütəxəssisi olduğumdan orada onların işinə yaradım, akademiklərin elmi tədqiqat işlərində olan bir sıra terminlərin izahına aydınlıq gətirirdim.

Təxminən on gün sonra Rusiya vətəndaşı- yol müfəttişi işləyən sərnişin  məni öz evinə dəvət etdi və deyim ki, dostluğumuz uzun müddət davam etdi və o, mənə çox vaxt deyirdi:

—Sizi tanımaqla bütün azərbaycanlılar mənim üçün yaxşıdırlar və onları gördükdə özümdən asılı olmayaraq onlara böyük hörmət və ehtiramla yanaşıram.

Ümumiyyətlə, istər doğma olsun, istərsə də əcnəbi , insanlara olan münasibət çox incə məsələdir. Mən belə hesab edirəm ki, hansı ölkəyə gediriksə gedək, hansı millətin nümayəndəsi ilə qarşılaşırıqsa qarşılaşılaşaq, kim olduğumuzu, hansı millətin nümayəndəsi oldüğumuzu yaddan çıxarmayaq. Fikrimi dəyərli yazıçımız Kamal Abdullanın təbrincə desəm: “ Azərbaycanlı qəlbinin həssas, incə qatları bu gün də yer üzündə bir çoxlarını təəccübləndirir. Biz doğru olaraq belə düşünürük və belə deyirik ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb”…Çox düzgün deyilmiş fikirlərdir və doğurdan da xalqımıza xas olan bu dəyərlər, əsrlərdən bəri millətimizin psixologiyasında özünə yer taparaq formalaşmış mənəvi xəzinədir. Elə isə gəlin multukultural dəyərlərdən uzaqlaşmayaq, onu yaşadaq  və tolerantlığın həmişə xalqımıza xas olduğumuzu sübut edək.

Qələmə aldı: Mirsadiq Cəfərov

03.04.2021.