İnternet və televiziya: RƏQABƏT, YOXSA ƏMƏKDAŞLIQ?

İnternet artıq ictimai fikrə təsir gücü heç bir kəsdə şübhə doğurmayan super-media vasitəsinə çevrilib və ilk növbədə televiziya proqramlarının məzmununa ciddi təsir göstərib. Şəbəkə sayəsində efir televiziyası informasiya sferasında çevikliyini artırıb, böyük bir auditoriyanı cəlb edən xəbər verilişlərinin hazırlanmasında operativlik və interaktivlik əldə edib. İnternet həm də televiziya məkanında senzuranın aradan götürülməsində, ictimai fikirlə şəxsi fikir arasında mövcud fərqin silinməsində mühüm rol oynayıb. Şəbəkə sayəsində izləyicilərin özləri müxtəlif sahələrdə “ekspertlərə” çevriliblər, televiziya proqramlarını isə televizorsuz izləmək mümkün olub: bu gün planşet və ya mobil telefona sahib olan izləyici şəbəkəyə daxil olmaqla televiziya verilişini istənilən zaman və istənilən məkanda izləmək, onu cihazın yaddaşına köçürmək və təkrarlamaq imkanına malikdir.

Televiziya ondan əvvəl yaranmış radionu informasiya vasitəsi kimi sıradan çıxara bilmədiyi kimi, internet də televiziyanı cəmiyyətin həyatından uzaqlaşdırmayıb. Biz onların birgə mövcudluğunun şahidiyik.

Etiraf edək ki, televiziya əvvəllər, internet yaranana kimi, heç bu dərəcədə təsirli olmamışdı. Onun əhatə dairəsi daim genişlənməkdə, izləyici sayı durmadan artmaqda, cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatına müdaxiləsi günbəgün güclənməkdədir. Son dövrlərdə dünyanın televiziya efirində kanalların sayının dəfələrlə artması bu sahənin inkişafından xəbər verir və televiziyaya hələ də yüksək tələbat olduğunu göstərir. Bu o deməkdir ki, imkanları durmadan genişlənən internet dövrümüzün əsas kütləvi informasiya vasitəsi olan televiziya üçün təhlükə yaratmır, əksinə, onun inkişafına şərait yaradır, rəqabətədavamlılığını təmin edir. Bir sözlə, qlobal şəbəkənin yayım şirkətləri arasında rəqabəti şiddətləndirməklə televiziyanın inkişafına güclü təkan və hətta ona yeni bir həyat verdiyinin fərqindəyik.

Sabahın televiziyası nə cür olacaq? Bu gün bir çox hallarda qarşı-qarşıya qoyulan internet və televiziya son nəticədə birləşəcəklərmi? Bu suallar mütəxəssisləri çox düşündürür. Güman edilir ki, gələcəyin televiziyası getdikcə ixtisaslaşmış kanallardan ibarət olacaq: hər bir kəs öz kanalını izləyəcək, böyük auditoriyanı isə nəhəng idman yarışları və siyasi hadisələri əks etdirən və külli miqdarda maliyyə vəsaiti hesabına yayımlanan verilişlər cəlb edəcək. Birləşmə ehtimalı isə çox azdır: informasiyanın kütləviliyi və fərdiliyi, izləyicilərin maraq dairələri arasında mövcud olan fərq, auditoriyanın yeniliyə və ənənəviliyə fərqli münasibəti mütəxəssislərə bu cür fikir irəli sürməyə əsas verir.

Televiziya öz mövqelərini rəqəmsal media qarşısında itirməkdə həvəsli deyil. İnsanlar hələ də televizoru qoşur, internetdə video izləsələr də, keyfiyyətli televiziya kontentinə üstünlük verirlər. Bu, CRM platformalarının ən böyük tədarükçüsü olan Salesforce və The Global TV Group Avropa Reklam Mediası Assosiasiyasının media istehlakına dair son qlobal tədqiqatları ilə sübut olunur. Bir müddət öncə dünyanın 10 ölkəsindən fərqli nəsillərin 3000-dən çox nümayəndəsinin iştirakı ilə keçirilmiş sorğunun nəticələrinə görə, ənənəvi televiziya media istehlakının əsas kanalı olaraq qalır – bunu respondentlərin 81%-i qeyd edib; radio ikinci yerdə (71%), video, film və onlayn-TV kontentinin izlənməsini təmin edən şəbəkə isə üçüncü yerdədir (69%).

Media istehlakçılarının hər hansı bir kontenti (video, audio, onlayn-nəşrlər) izləmək üçün istifadə etdikləri cihazlar arasında mobil cihazlar liderdir (kompüterlər – 63% və smartfonlar – 55%), adi televizorlar üçüncü (54%), Smart TV isə dördüncü pillədə yer alıb (39%).

Respondentlərin əksəriyyəti (56%) televiziya verilişlərini (seriallar, birbaşa çəkilişlər, xəbər proqramları) və ya filmləri canlı efirdə izləyir. TV-kontenti video-platformalar üzərindən onlayn rejimdə izləyənlərin sayı 46%-dir.

Avropa Reklam Mediası Assosiasiyasının televiziyadan istifadə ilə bağlı dünyanın 50 ölkəsindən 86000-dən çox izləyici arasında Riwi platforması üzərindən keçirdiyi onlayn-sorğunun nəticələrinə görə isə dünyanın bir çox ölkələrində internet istifadəçiləri, xüsusilə gənclər, televiziya kanalı kontentinin yeni ekranlarda – noutbuklarda, planşetlərdə, smartfonlarda izlənilməsinə üstünlük verirlər. Dünyada hər beşinci internet istifadəçisi televiziya kontentini smartfon ekranında, istifadəçilərin 16%-i noutbuk ekranında və 15%-i planşet ekranında izləyir. Televizor ekranı isə bütün dünyada verilişləri izləmək üçün əsas ekran olaraq qalır – internet istifadəçilərinin 29%-i televiziyanı ən maraqlı informasiya mənbəyi hesab edir.

Bu məlumatlar heç də televiziyaya münasibətin dəyişdiyini göstərmir, əksinə, internet istifadəçilərinin televiziyaya olan marağından xəbər verir. Əvvəllər TV-yə yalnız evdə asudə vaxtında baxmaq imkanı olan izləyicilər indi televiziya verilişlərini həm də evdən kənarda, yolda, iş yerində, ictimai yerlərdə izləyə bilirlər.

Bu gün müxtəlif sahələrdə informasiyanı televiziyadan əldə edənlərin sayı milyonlarladır və biz həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Ötən əsrin əvvəllərində katodlu teleskopiya vasitəsilə məlumat ötürücüsü kimi ixtira edilmiş və bu gün milyonlarla insana təsir gücünə malik televiziyanın imkanları zəngin və ölçülməzdir. Amma onun vasitəsilə məlumatları hədəf kütləyə yönəltmək heç də asan deyil, çünki eyni proqramları çox geniş insan kütləsi izləyə bilər. Efir televiziyasından fərqli olaraq, kabel televiziyası kütləvi auditoriya üçün deyil, müəyyən qrup izləyicilərinin fərqli ehtiyaclarını ödəmək üçündür. Bu baxımdan, idman, musiqi, əyləncə, informasiya, filmlər, uşaq, ailə və s. kanallar müasir cəmiyyətin hərtərəfli inkişafında mühüm əhəmiyyət kəsb edir.

Ötən əsrin sonundan başlayaraq dünyanın bütün ölkələrində rəqəmsal kabel və peyk televiziyasının geniş tətbiqinə başlanıldı və hazırda Yer kürəsində 40 milyona yaxın rəqəmsal qəbuledicidən istifadə olunur. Məhz 1998-ci ildən etibarən tele və radioverilişləri sahəsində sözün əsil mənasında rəqəmsal texnoloji inqilabın şahidi olduq.

Bu gün müstəqil studiyalar, qruplar və fərdlər kimi bir çox kiçik və orta video-istehsalçıların auditoriyaya müxtəlif məzmunlu müəllif kontenti təklif etməklə daim inkişaf edən İnternet-kanallar şərti olaraq ənənəvi hesab edilən efir, kabel və peyk televiziyaları ilə tamaşaçı diqqətinin cəlb edilməsi uğrunda ciddi mücadilədədir.

Efir analoqu olmayan, televiziya verilişləri istehsalının peşəkar standartlarını yenilikçi yanaşmalarla uzlaşdıran internet-kanallar şəbəkə televiziya məkanında xüsusi yer tutur. Formalaşma mərhələsində məqsəd və vəzifələrin, müəlliflər dairəsi və auditoriyanın, daxili strukturu və janr xüsusiyyətlərinin, yayım növləri və həcminin müəyyənləşdirilməsi kimi bir çox problemlərlə üzləşən internet-kanalların efir kanallarından fərqli və üstün cəhəti onların konkret tamaşaçı auditoriyasına ünvanlanmasıdır. Azərbaycanda  ümumrespublika və regional əhatəli efir televiziyasının 8 dövlət kanalından 3-ü, 18 özəl kanalından 5-i konkret auditoriyaya ünvanlanan və mədəniyyət, idman, uşaq və xəbər kanalları qismində yayımlanan informasiya mənbələridir. Sözsüz ki, geniş və rəngarəng auditoriyaya malik olan ölkəmizdə ixtisaslaşmış, veriliş yayımı müəyyən sahələrlə çərçivələnmiş və fərqli sosial qrupların tələbatını ödəyə biləcək İnternet TV-kanallarının sayı çox olmalıdır. Bu gün Azərbaycanda parlament televiziya kanalına, ölkə əhalisinin hüquqi maarifləndirilməsinə, izləyicilərin ekoloji biliklərinin artırılmasına hədəflənmiş, gənc nəslin maraq dairəsinə köklənmiş, yaşlı insanların sosial problemlərini əks etdirən xüsusi TV-kanallara böyük ehtiyac duyulur. Bir ildən artıq dövrü əhatə edən pandemiya sağlam həyat tərzini təbliğ edən, tibb elminin nailiyyətlərini və xalq təbabətinin özəlliklərini geniş tamaşaçı kütləsinə təqdim edən, tibbi maarifləndirmə yönümlü ixtisaslaşmış televiziya kanalının formalaşmasına təkan verməli deyilmi? Pandemiya səbəbindən tətbiq edilən xüsusi karantin rejimində distant təhsil problemləri ilə üzləşmiş cəmiyyətdə məktəbli, tələbə və müəllimlərdən ibarət nəhəng auditoriyanı əhatə etməklə hər bir kəsə əlçatan ola biləcək ixtisaslaşmış təhsil kanalına ehtiyac yoxdurmu?

Yəqin ki, bu suallar mütəxəssisləri düşündürür. Ölkədə internet üzərindən yayımlanan yeni televiziya kanallarının formalaşması günün tələbidir və bu kanalların ilkin mərhələdə cəmiyyətin həyatının müxtəlif sahələrini əhatə edən verilişlər yayımlaması, sonralar isə müəyyən auditoriya üçün ixtisaslaşması labüddür. Bu prosesin isə televiziya və internetin qarşılıqlı fəaliyyəti üzərində qurulması olduqca vacibdir.

Tərəqqinin sağlam rəqabətdən qaynaqlandığı şübhəsizdir. Amma unutmaq olmaz ki, cəmiyyəti qayğılandıran problemlərin həlli naminə fəaliyyətdə rəqabət əməkdaşlığı heç də istisna etmir.

Könül Quliyeva,

“Euro MediaQrup”MMC-nin direktoru