Kosmos uğurunda döyüş-General KƏRİM KƏRİMOV

12 aprel kosmonavtika günüdür. Bu gün 60 il bundan əvvəl 1961-ci ildə dünyada ilk dəfə bizim də o vaxt vətənimiz sayılan SSRİ-nin vətəndaşı təyyarəçi baş leytenant Yuri Qaqarin hazırda müstəqil Qazaxıstanın ərazisi olan Baykonur kosmodromundan “Vostok-1 “ kosmik gəmisində göyə qalxaraq Yerin ətrafında dövr edərək 108 dəqiqədən sonra Yerə enmişdir.Onun ilk qarşısına çıxan hərbçi kapitan rütbəsində olur.Qaqarin ona raport vermək istərkən, kapitan ona xəbər verir ki, sən artıq mayorsan, indi radio xəbər verdi. Əlbəttə , bu tarixi hadisə idi. Cəmi 1saat 08 dəqiqə davam edən bu uçuşun arxasında o vaxtkı SSRİ-nin bütün iqtisadi və hərbi potensialı dayanmışdı.

Kosmosa ilk insanı göndərən ölkə dünyanın iqtisadi və hərbi nöqteyi-nəzərdən bir nömrəli super dövləti olan ABŞ yox, məhz SSRİ idi. Burada bir neçə səbəb göstərmək olar.Bunlardan birincisi o idi ki, SSRİ rəhbərləri müdafiyə qüdrətinin artırılmasına daim diqqət yetirirdilər. Bəzən bu ABŞ-la müqayisədə ÜDM-nin daha böyük hissəsini əhatə edirdi.Yalnız Qaqarinin uçuşundan sonra Amerika xalqına ilk kosmonavtın ABŞ deyil , SSRİ vətəndaşı olmasının səbəblərini izah etməli olan ABŞ prezidenti Kennedi söz verdi ki, biz bu geriqalmanı mütləq aradan qaldıracağıq. Kennedi ABŞ konqresinə 240 milyard dollar həcmində layihə təqdim edərək kosmik tədqiqatların sürətləndirilməsinə nail oldu. İkinci səbəb o idi ki, SSRİ-də kosmosun fəth edilməsində xüsusi rolu olan insanlar var idi. Onlar kosmosu həyatlarının başlıca mənası hesab edir, bundan ötrü hər cür məhrumiyyətlərə hazır idilər.Bunlardan biri də sözsüz ki, Sergey Korolyov idi.O, gənc yaşlarında təyyarələrlə maraqlansa da, sonradan kosmos və raketlər onu daha çox cəlb etməyə başlamışdı. Hətta iş o yerə gəlib çatmışdı ki, hərbi texnikanın geri qalması və bunu aradan qaldırmağın yollarını bütün yuxarı orqanlara yazdığı məktublarda bildirdiyinə cavab olaraq onu katorqaya göndərmişdilər. Deyilənlərə görə Korolyov hətta şəxsən Stalinə də bu barədə məktublar göndərirmış.Nəhayət,  görəndə zamanın nəbzini tutmaq vacibdir, Korolyov və onun kimi  adamları kosmik proqramların həyata keçirlməsinə cəlb etdilər. Həmyerlimiz Kərim Kərimov  kosmonavtika sahəsində Sovet dövlətinin  əldə  etdiyi uğurlarda çox əhəmiyyətli rol oynamışdır.

Kərim Kərimov  1917-ci ildə Bakıda anadan olmuş, nəsil şəcərəsi qədim Şamaxının  zadəgən nəslindəndir. Sənaye institutunu  bitirdikdən  sonra, Artilleriya  akademiyasını  bitirmiş, və bundan sonra onun bütün həyatı raketlər və kosmosla  bağlı olmuşdur. Qaqarini kosmosa qaldıran R-7 raketi Kərim Kərimovun  başçılıq  etdiyi  SSRİ  Müdafiyə nazirliyinin baş idarəsinin  sifarişi əsasında istehsal edilmişdi.General Kərim Kərimov almanlardan ələ keçmiş FAU raketlərinin sınaqlarından başlayaraq , ta SSRi dağılana qədər bu sahədə son  söz  yiyəsi olmuşdur. 1965-ci ildə Kərim Kərimov pilotlu raketlərin Dövlət komissiyasının  sədri təyin edilir. Bu cür məsuliyyətli iş yalnız  bilikli, öz işinə son dərəcə sadiq və eyni zamanda insanlarla dil tapmağı bacaran, tabeçiliyində olan insanlara qarşı diqqətli və qayğıkeş şəxşə tapşırıla bilərdi.Bu keyfiyyətlər hamısı Kərim Kərimovda var idi. Onu bir çoxlarından fərqləndirən cəhət həm də sadə və təvazökar olması idi.Təbiidir ki, Sergey Korolyov və Kərim Kərimov kimi insanların bu məsuliyyətli işin başında durması SSRİ-nin bu sahədə Amerikanı xeyli qabaqlamasına səbəb oldu. Aya  ilk dəfə Amerika vətəndaşının ayaq basmasını da Korolyovun  bu sahədə investisiyaların artırılması haqda müraciətlərinin cavabsız qalmasında axtarmaq lazımdır.Yalnız Ay  proqramı həyata keçiriləndən sonra SSRİ rəhbərliyi səhvini başa düşmüşdü , lakin artıq  gec idi. Kərim Kərimovun müsahibələrindən birində niyə kosmonavtlar arasında  azərbaycanlı  yox  idi sualına belə cavab vermişdi ki, nəinki azərbaycanlı, ümumiyyətlə  müsəlman  millətlərindən kosmonavtların olması da  məqsədəuyğun sayilmirdı. Yalnız həmyerlimiz Musa Manarovun kosmosa göndərilməsini Kərim Kərimov  onun uzun müddət Korolyovla bir yerdə işləməsi ilə izah etmişdi.Buradan belə bir məntiqi sual meydana çıxır: bəs necə olub ki, Kərim Kərimovun özü belə məxfi sahəyə buraxılıb? Mənə görə bunun səbəbi   Kərim  Kərimovun    qeyri-adi, mən  deyərdim ilahidən  olan  bilik və rəhbərlik istedadı və ona bu  bacarıq  və elmi  səviyyədə  bərabər  ola  biləcək  alimlərin olmamasıdır.Bu qədər mühüm və məsuliyyətli vəzifədə slavyan yox  azəri  türk  oğlunun   25 il rəhbər  olması qıcıq  yaratsa da ən yüksək səviyyədə buna qarşı kiminsə açıq  surətdə mane olması mümkün deyildi. General .Kərimov öz vəsifəsinin öhdəsindən məharətlə  gəlib, Korolyov kimi şəxsiyyətin də tabe olduğu  Dövlət komissiyasına rəhbərlik etmək elə də asan məsələ deyildi, ikincisi, bu sahə o qədər məsuliyyətli sahə idi ki, onu nisbətən zəif iradəli şəxsə etibar etmək özü riskli idi. Təsadüfi deyil ki, general  Kərimovdan  əvvəl və sonra bu sahəyə heç kəs uzun müddət rəhbərlik edə bilməyibMəncə biz hələ də bu insanın böyüklüyünü kifayət qədər təsəvvür etmirik. Onun fəaliyyəti Ginnesin rekordlar kitabına daxil edilməyə layiqdir. O, 30 ildən yuxarı kosmonavtika sahəsinə rəhbərlik edib. 1965-ci ildən 1991-ci ilə qədər 26 il pilotlu raketlər üzrə Dövlət komissiyasının sədri olub. O, öz fəaliyyəti ərzində Stalinə, Xruşova , Brejnevə, Andropova, Çernenkoya, Qorbaçova  məruzə edib. Bir –birindən fərqli rəhbərlər dəyişsə də, dəyişməz yalnız KƏRİM KƏRİMOV olub.

O günləri xatirələrində daima saxlayan  Əzim Cabbarov da xatirələrində xalqımızın ləyaqətli oğlu, general K.Kərimovdan bəhs edərək yazırdı: “Mənim dostum , Kərim Kərimovun  dayısı  oğlu ehtiyatda olan  polkovnik  Oktay Əhmədov, onun rəhmətlik qardaşı, mənim məktəb yoldaşım mərhum Aydın Əhmədov, söhbətlərində mənə uzaq 1968-ci ildə deyəndə ki, kosmonavtika üzrə dövlət komissiyasının sədri bibioğlu Kərimağadır, mən inanmadım, hətta dedim ki, azərbaycanlının orada nə işi var? Diqqət edin, 53 ilə yaxın vaxt ötüb, bu gün də inanılmaz bir həqiqətdir ki, Sovet kosmonavtikasının inkişafında bizim həmyerlimiz , AZƏRBAYCANLI general Kərim Kərimov müstəsna xidmətləri olmuş  bir şəxsdir.”

Əlbəttə , belə bir insan haqqında bir yazıda hər şeyi demək mümkün deyildir, lakin arzu edərdim ki, yer planetində ilk dəfə kosmosa  insanın  uçuşunun 60 illik yubileyi ərəfəsində müvafiq orqanlar bu böyük insanın xatirəsini əbədiləşdirmək üçün  bütün tədbirləri görəcəklər.

Oktay Əhmədov,

Ehtiyatda olan polkovnik